“Cavid 2016” MMC–nin rəhbərliyi yazılara reaksiya verdi – MÖVQE

8-01-2021, 11:49           
“Cavid 2016” MMC–nin rəhbərliyi yazılara reaksiya verdi – MÖVQE
İki gün öncə saytımızda Musavat.com-a istinadən “Cavid 2016” MMC tənha qadının başına oyun açdı – Qazı, işığı kəsildi, pilləkəni söküldü” sərlövhəli məqalə dərc etmişdir. Həmin məqalədə, “Cavid 2016” MMC rəhbərliyinin eləcə də şirkətin “Zümrüd” yaşayış kompleksinin tikintisi zamanı qanunsuz və hüquqa zidd hərəkətlərindən bəhs olunurdu.
Teref.az-ın poçtuna şirkət rəhbərliyinin adından saytımızın elektron poçt ünvanına yazılı mövqe məktubu daxil olub. Teref.az olaraq qarşı tərəfin mövqeyini olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
02 yanvar 2021-ci il tarixdə saytınızda “Cavid-2016” MMC-yə dair yazı dərc edilmişdir.Bununla bağlı aşağıdakıları diqqətinizə çatdırmağı lazım bilirik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə “Cavid-2016” MMC-yə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 12\18 ünvanda yerləşən istismar müddətini bitirmiş tikililərin yerləşdiyi ərazi də Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə razılaşdırılmış 20\17 saylı, iş nömrəsi 020 olan “İstifadəyə ( icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən inşaat işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Nəzərinizə çatdıraq ki, göstərilən ünvanda Malakan dini icmasının ibadət evi yerləşir. İbadət evinin üstündə isə, yəni ikinci mərtəbədə 4 ailənin mülkiyyətində olan 4 ədəd mənzil mövcuddur. Həmin mənzillərdən biri də Şahbazova Lamiyəyə məxsusdur. L.Şahbazovanın iddiaları həddindən artıq ölçüyə gəlmədiyinə görə onunla müqavilə bağlanmamışdır. Birinci mərtəbədəki Malakn Dini İcması ilə apardığımız danışıqlar müqavilə bağlanılması üçün nəticə vermədi. Belə ki, dini icmanın üzvləri köhnə ibadət evində qalmalarına qərar verdilər.Bizim Dövlətimiz tolerant dövlətdir,tolerantlıq mühitinin möhkəmləndirilməsi və gücləndirilməsi üçün Dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi hər birimizə aydındır. Bizim cəmiyyətimizdə müsəlmanlara, yəhudilərə, xristianlara heç bir ayrı-seçkilik qoyulmur və hər bir şəxs öz dini etiqadına uyğun olaraq ibadətini edir. Biz də bu yanaşma ilə onların qərarına hörmətlə yanaşdıq və tikilini dini icmanın istəyinə uyğun olaraq söküntü üçün qəbul etmədik. Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal-hazıra kimi tərəfimizdən toxunulmamış qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər öz mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapı-pəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşmüşdür. Həm dini icmanın, həm də oradakı sakinlərin xahişini nəzərə alıb biz həmin mənzilləri və binanı öz hesabımıza təmir edirik. Erroziyaya uğramış dəmir pilləkənlər dəmir–beton konstruksiyalı pilləkənlərlə əvəz olunmuşdur, binanın dayanıqlılığını təmin etmək məqsədi ilə gücləndirmə işləri aparılmışdır, dam örtüyü yenilənmişdir. Sakinlərin mənzillərinin eyvan hissəsinin sahəsi isə əhəmiyyətli formada artırılmışdır. Bütün həyətdəki sakinlər ümumi sanitar qovşaqlardan istifadə edir di ki, bu da çox bərbad vəziyyətdə idi. Biz hər bir mənzili fərdi sanitar qovşaqlarla təmin etdik. Gördüyümüz bu işlərin nəticəsi olaraq biz həm Malakan dini İcmasından, həm də 4 mənzillərin sahiblərindən ancaq təşəkkür gözləyirdik. Şahbazova onların arzularını öz imkanlarımız hesabına yerinə yetirdiyimizə görə həqiqətən bizə öz təşəkkürlərini bildirirlər. Lakin narazı qalan yeganə şəxs Şahbazova Lamiyə olmuşdur ki, bunun da səbəbi yalnız müssisəmizin hesabına gəlir əldə emək istəyi olmuşdur. Belə ki, Lamiyə xanımın özü və yaxınları bizim üzərimizə götürdüyümüz öhdəliklərin çərçivəsindən çox-çox kənara çıxaraq müvafiq qurumlar tərəfindən istismara yararsız hesab edilmiş mənzili üçün bir dəfə 100 000 (bir yüz min) manat, bir dəfə ümumi sahəsi 70 kv\m olan mənzil istədilər. Biz isə onların ümumi sahəsi 27 kv\m olan mənzilinin əvəzində L.Şahbazovaya ümumi sahəsi 42 kv\m olan mənzil verməyə hazır olduğumuzu bildirdik. Bundan sonra L.Şahbazova 100 000 manatdan 90 000 (doxsan min) manata, sonuncu dəfə isə 50 000 (əlli min) manata endi. Rəqəmlərin dəyişməsinə baxanda L.Şahbazovanın bizim hesabımıza varlanmaq istəyi aydın başa düşülür. Hazırda isə qeyd etdiyimiz kimi, biz həmin binanı söküntü üçün qəbul etməmişik. Ona görə də L.Şahbazovanın da mənzilinin yerləşdiyi binanı sakinlərin istəyinə uyğun təmir edib, müasir tələblərə uyğun bir formada onların istifadəsinə verəcəyik. Sizin saytınız və ya saytınız əməkdaşı isə bu hallların heç birini araşdırmadan, məsələnin mahiyyətini bilmədən haqqımızda qərəzli yazı dərc etmisiniz. Biz Sizi həmin əraziyə dəvət edirik və L.Şahbazova ilə birlikdə, digər qonşular və dini icma üzvləri ilə birlikdə yerində binaya baxış keçirək. O zaman Lamiyə xanımın istəyinin məqsədləri Sizə aydın olacaqdır.
Hörmətlə, Direktor Rəfiyev Sərdar Səfər oğlu”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.