Fatma Abdullazadə-Əbülfəs Qarayev tandeminin bağışlanmaz səhvi
9-02-2016, 17:59
Bilmirik, artist kəsiminin idbar söz dueli başa çatır, yoxsa yox, bəllidir ki, bu, bitməyən hərbi savaş kimidir: enən və yüksələn şkalası var. Mədəniyyət sferasını tərbiyəsizlik girdabında təqdim edən həngamələr bir gün səngiyirsə, vaxt keçir, yenidən, həm də köhnələr qarışıq təzələrin simasında zühur etməyə başlayır.
Demək, pis mirasa çevrilən bu çirkin örnəkdə təbii şəkildə, fundamental səliqə-səhman yaranmayınca, yüksək titullar yüksəklikdəki parıltısını bir az da itirəcək, mənəvi terror daim günahkar axtarışlarında olacaq.
Mövzunı rəsmi müdaxilələr hesabına çözmək -adları ləğv etmək, yaxud, geri almaq, təzə kriteriyalar müəyyənləşdirmək təklifləri fəxri adlar məsələsini yuxarı instansiyalarda həll edən bir neçə ismin marağına və mövqeyinə ciddi zərbə daşıdıqca, Fatma Abdullazadə-Əbülfəs Qarayev tandemi ictimai rəyə vecsiz yanaşdıqca, ünlülük mərtəbəsinə necə gəldi qaldırılanlar toplumun etik ritualları üzərində kobud şəxsi davranışlarının, neqativ fərdi keyfiyyətlərinin hegemonluğunu bir az da möhkəmlətməli olacaqlar.
Bundan sonrakı mənzərə daha tragikdir; Azərbaycanın yaşayan 3-5 fenomen səsindən sonra, təhlükəyə çevrilən fəxri adlarla sənət meydanında elə bir anarxiya başlayacaq ki, bunun hesabı mədəniyyət nazirindən, Prezident Administrasiyasının şöbə müdirindən indikindən tamam fərqli şəkildə sorulacaq. Onlar bu vəzifələrdən təqaüdə getsə də belə.
“Mədəniyyət adamlarının şəxsi davranışlarına qarışmırıq” ifadəsi mədəniyyət nazirini məsuliyyətdən qurtaran cavab deyil, çünki fəxri ad məsələsində münsiflər heyətinin zirvəsi kimi ortadakı səhvlərdən, yanlış himayədarlıqdan ona da pay düşür.
Bilmirik, “Oskar”, “Nobel” mükafatçılarının əxlaqında eyforiyadan, ya genetik kökdən gələn qüsurlar var, yoxsa, yox-birinci vurğu ilə, bəlkə yüngül təsəlli tapmaq mümkün olardı. İkinci vurğuyla isə, yaramaz əxlaqi unikallıq adamı öz mədəniyyətindən, incənətindən, dəyərini qorumayan təbəqədən əməlli-başlı usandırır.
Vəziyyəti daha çox öz səhvləri ilə yaradan səlahiyyətli şəxslərin üzündə acıq, təəssüf, peşmançılıq, yanılma ifadəsi sezilmirsə, xəbərdarlıq, tənqid jestləri yerinə susqunluq, etiraf zoru o deməkdir ki, fəxri adların bölüşdürülməsində onlar öz səbəblərini cəmiyyətin iradlarından hələ də yuxarıya qaldırıb qoyurlar.
Həm də bizimkiləri, nə “Oskar”, nə “Nobel”çilərin uğurlarına yaxın tutaq. Adam 5-10 adi mahnıdan, 3-5 konsertdən, 10-15 dəfə efir üzü görməkdən sonra xalq artisti adını iki əli arasında tapa, bir göz qırpımında gəlib Müslüm Maqomayev, Polad Bülbüloğlu, Zeynəb Xanlarova ilə yanaşı dayana bilirsə, musiqi dünyasına eybəcər avtoritetlik edəcək, söyüş, təhqir metodunu seçə biləcək güc də qazana bilir.
Üç qitənin konsert salonlarında səs sənətini nümayiş etdirməsi Zeynəb Xanlarovanın xalq artisti adını necə almasının yeganə isbatıdır. Bu yolda sovet rəhbərləri də onun himayədarı idi; amma xalq artisti titulu, üzərində hər hansı təmənna yox, halallıq daşıyırdı. Zeynəb Xanlarova sovet mədəniyyət nazirlərinin, səlahiyyətli şəxslərin kabineti qarşısında mürgüləmirdi. Çünki ad bu səsin könülləri riqqətə gətirən gücünə, enerjisinə, profesionallığa verilirdi.
Bilmirik, dəyərlərin dəyişdiyi, müvəffəqiyyətin adiləşdiyi, qondarma xalq artistlərinin gül kimi fəxri adın çəkisini yüngülləşdirməsi fonunda Zeynəb Xanlarova dövlət etimadını təsdiqləyən sənədləri şəxsi arxivində qururla mühafizə edə bilir, yoxsa ki, kütləvi titullaşma və həmkarlarının yaratdığı qərəz, böhtan, söyüş, acıq, qeyz kimi çirkin tendensiya onunla öz fəxri adı arasında məhrəmlik, məmnunluq hissini məhv edir?! Eləcə də Polad Bülbüloğlu?!
Reallıq sübut edir ki, sovet rəhbərliyində təmsil olunan insanlar Fatma Abdullazadə-Əbülfəs Qarayev tandemindən yaxşı dəyərləndirmə apara bilib. Hər iki fenomen səsin sahibi sənətə ənənəvi yolla gəlməyənlərlə, nə duet həvəsinə düşdü, nə də onlarla mübahisədə, polemikada göründü. Onların yaradıcılıqları haqqında da, ya səmimi, ya saxta, yaltaq heç bir cümləyə müəlliflik edilmədi.
Zeynəb Xanlarova gənc nəslə zövqsüz görünən libaslarına, 20-ci yüz ilin ortalarının saç düzümünə mühafizəkarlığını çağdaş dəb selinin gücünə, kənar gülüş və iradlara təslim etmədi. Tamaşaçısının duyğu orqanlarına- gözünə, qulağına, zehninə xəyanət göstərmədi.
O da, Polad Bülbüloğlu da, çağrıldığı hər efirdən, hər səviyyəsiz auditoriyadan, ajiotaj xarakterli sualların xarakterindən və öz mərtəbəsini təmiz saxlamaq naminə haqqı çatan yekəxanalıqla imtina etdi. Maraqlıdır ki, zirvəsini qorumağı bacarmaq nümunəsi cəmiyyətdə hegemonluq etməyi bacarmır.
Cəmiyyət hazırda Fatma Abdullazadə-Əbülfəs Qarayev tandeminin qeyri- sərraflığının əziyyətini çəkir. Əsl sənət adamını, şəxsiyyəti tanıya bilməmək, onu ünlü səviyyəsinə gətirmək bir səhvdirsə, problemlə əlaqəli cəmiyyətdə açılan virtual müzakirə masalarını boş buraxmaq növbəti səhvdir və bu isimlərə bağışlanan hal deyil.
Xirosimanı bombalayan təyyarəçinin sonradan axıtdığı göz yaşları, peşimançılıq etirafı Yaponiyanın sosial-iqtisadi, ekoloji fəlakətini dəyişmirdi.
Mədəniyyət adamlarının üzərindəki qəyyum əl meyarları indidən dəyişsin ki, mənəvi terrorun zərbələri əxlaqi düzəni, dəyərlər sistemini darmadağın etməsin. Çünki o şəxslər Azərbaycan daxilində adanın sakinləri deyil. Bu deqradasiyanın qəlpələri onların da ailələrinin, ruhlarının, zövqlərinin, mədəni səviyyələrinin içərisinə qədər yürüməyə müqtədirdir...
Vəfa Allahverdiyeva\\modern.az\\