Energetika, Müdafiə Sənayesi və Xarici İşlər nazirliklərində, Mərkəzi Bankda vətəndaşların qəbulunda qüsurlar aşkarlanıb

12-02-2016, 10:36           

Azərbaycanda 2015-ci ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu sahəsində durum açıqlanıb.

APA-nın məlumatına görə, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində qeyd edib ki, vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələnin həllinə nail olublar.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 57,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilib, 26,6 faizi müsbət həll edilib, qalanları icrada saxlanılıb və ya aidiyyəti üzrə müvafiq qurumlara göndərilib, bir qismi isə əsassız sayılıb. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 170 dövlət orqanında vətəndaşların qəbulu vəziyyəti ilə yanaşı, 2016-cı ilə dair qəbul cədvəlləri də öyrənilib: “Demək olar ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində həftənin bütün iş günləri vətəndaşların qəbulu təmin olunur. İmtiyazlı şəxslərin, habelə zərurət yarandığı təqdirdə, digər kateqoriyalardan olan vətəndaşların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən növbədənkənar qəbul edilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, bu il də hər həftə yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi planlaşdırılır. İqtisadiyyat Nazirliyi, Xətai, Nərimanov, Nəsimi, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Göygöl, Xaçmaz, Xocavənd, Kürdəmir, Qazax, Qobustan, Laçın, Saatlı, Sabirabad, Samux, Şəmkir, Zərdab rayon icra hakimiyyətləri və digər qurumlar tərəfindən qəbul məsələləri, o cümlədən cədvəllərin tərtibi daha yaxşı təşkil edilib. Həmin cədvəllərdə qəbul saatına məhdudiyyət qoyulmur, qəbulun yeri və vaxtı, onun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri öz əksini tapır”.


Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bununla yanaşı, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər təşkilatlarda qəbulun təşkilində narahatlıq doğuran məsələlərdən biri odur ki, ayrı-ayrı hallarda yerlərdə qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki qəbul cədvəllərinin düzgün tərtib edilməsi qəbulun yaxşı keçirilməsində əsas şərtdir: “Qəbul cədvəllərini təhlil edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir. Məsələn, Energetika, Müdafiə Sənayesi və Xarici İşlər nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Mərkəzi Bankda, “Azəristiliktəchizat”, “Aqrolizinq”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Bakı Metropoliteni”, “Azərenerji”, “Azneftkimyamaş”, “Azərkəndtikinti” SC-lərdə, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında, Milli Arxiv İdarəsində, Dövlət Mülki Aviasiya Administrasiyasında, Beynəlxalq Bankda, Ticarət və Sənaye, Auditorlar palatalarında, “Azərittifaq”da, Bakı, Daşkəsən, Göyçay, Xızı, Kəlbəcər, Quba, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərində qəbulun təşkilində müəyyən qüsurlar nəzərə çarpır. Son illər ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet saytlarının yaradılması və yeni proqram təminatlarının tətbiqi vətəndaşların qəbulu işinin asanlaşdırılmasına və səmərəli nəticələr əldə olunmasına gətirib çıxarı, Dövlət orqanlarının saytlarının monitorinqi göstərir ki, onların çoxu müasir tələblərə cavab versə də, diqqəti cəlb edən qüsurlar da mövcuddur. Bəzi saytlar mütəmadi yenilənmir və lazımi informasiyalarla təchiz olunmur. Məsələn, Xızı Rayon İcra Hakimiyyətinin saytında qəbul cədvəli 2012-ci ili əhatə edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.