Birləşmə qərarı Mərkəzi Bankın oyunudur?.. - yoxsa banklar qurumu saymır?

13-02-2016, 11:04           
Birləşmə qərarı Mərkəzi Bankın oyunudur?.. - yoxsa banklar qurumu saymır?
Ölkədə altı bankın bir-birinin ardınca bağlanmasından sonra bankların birləşməsi məsələsi ortaya atılsa da, nəticə əldə olunmayıb. Əksinə, görünən odur ki, banklar birləşmək istəmir. Mərkəzi Bankın illərdir ki, banklara birləşmə təklifi versə də, banklar bu addımı atmaqdan imtina edirlər. Ekspertlərin sözlərinə görə, növbəti birləşmə qərarının arxasında bir neçə səbəb dura bilər, ya Mərkəzi Bank bankların bağlanmasını saxlayaraq, oyun oynayır, yaxud da banklar bu qurumu saymırlar.

Qeyd edək ki, “AGBank” “DəmirBank”la birləşməsi məsələsinə aydınlıq gətirib. Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib. Bildirilir ki, bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC, digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb. Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” KB ilə ilkin razılaşma əldə olunub və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində niyyət protokolu imzalanıb. Əldə olunmuş razılaşmaya əsasən bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank” ASC-nin OSC “Bank Standard” KB-a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər aparılacaq.

Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankları zorla birləşdirmək olmaz: “Bu birləşdirmə təklifləri daha çox aşağıdan yox, yuxarıdan gəlirdi. Banklar bir-birinə rəqibdir. Rəqiblərin arasında ziddiyyətlər çoxdur. Birləşmə zamanı birinci məsələ odur ki, kimin orada nə qədər payı olacaq. Bu, əmlak məsələsidir, o bankların sahiblərinin bir-birinə etimadı yoxdur. Ən əsası odur ki, adları çəkilən bankların çoxu əslində bağlanmalıdır. Sadəcə, Mərkəzi Bank onları bağlamaq əvəzinə birləşdirmək istəyir ki, səbəb məlumdur. Çünki o banklar bağlansa, Əmanətlərin Sığortalanması Fondu oradakı əmanətləri kompensasiya etməli idi. Bu əmanətləri qaytarmağa isə kifayət qədər pulu yoxdur. Buna görə bağlanma əvəzinə birləşdirmə aparılması təklif edilir. Mərkəzi Bank birləşdirmə oyununu atıb ortalığa. Banklar böyük məmnuniyyətlə özlərini bağlayardılar. Birləşmə isə onların üzərinə məsuliyyət qoyur, vəzifələr qoyur. Buna görə banklar birləşməyə getmirlər. İstisna etmirəm ki, hansısa banklar könüllü birləşə bilərlər. Banklar gərək sağlam olsunlar. Belə qeyr-sağlam bankların birləşməsi mümkün deyil”. Ekspertin sözlərinə görə, sağlam bankların birləşdirilməsi bank sektoruna təsir edə bilə: “Sağlam, lakin müəyyən problemləri olan banklar birləşdirilsə, bazara təsiri müsbət olacaq. Çünki bu birləşmə nəticəsində yaranan bank güclü olacaq. Qeyri-sağlam banklar birləşdirilsə, vəziyyət daha da pisləşəcək. Həmin bankları əslində bağlamaq lazımdır. Nəticə etibarı ilə birləşmə prosesi ilə yanaşı, qeyri-sağlam bankların bağlanması davam edərsə, müsbət dəyişikliyə ümid etmək olar. Əks halda, daha da pis olacaq”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, əslində bankların birləşməsi, böyük bankların yaranması iqtisadiyyat üçün pozitiv bir addım ola bilərdi: “Amma Azərbaycanda bank sektorunda böyük problemlərin olduğunu nəzərə almaq lazımdır. Yəni əsas problemlərdən biri odur ki, birləşmə baş verərkən tək aktivlər yox, passivlər birləşdirilir. Bankların tək gəlirli sahələri yox, həm də problemli sahələri, xərcləri birləşdirilməlidir. Bir çox banklar bir-birinin problemini özlərinə götürmək istəmirlər. Çünki bank sektorunda ümumiyyətlə ciddi problemlər var. Ona görə də birləşmə vaxtı dövlət yardımı və banklara heç bir təşviq tətbiq olunmayacaqsa, banklar başqalarının problemini öz üzərinə götürməkdə çətinlik çəkirlər. Ona görə həm birləşdirilmə istəyən banklar çox güman ki, Mərkəzi Bankdan hər hansı addım gözləyirlər.

Yəni təşviq və yardımlar olsun ki, onlar bu prosesə getsinlər. Əgər bu, baş verməyəcəksə, birləşmə də baş verməyəcək və bir çox bankların müflis olub sıradan çıxmasından başqa yol qalmayacaq. Xırda bankların bağlanması sürətlənəcək. İnzibati yollarla bunun uzun müddət qarşısını almaq mümkün deyil. Sadəcə, indi ajiotajın qarşısını almaq üçün Mərkəzi Bank belə bir qərar verdi ki, altı bankdan sonra bankların lizensiyasının alınması dayandırılsın. Bankların bağlanmasının dayandırılması bununla bağlıdır və müvəqqətidir. Amma birləşməsi üçün banklara müəyyən güzəştlər və təşviqlər təklif olunmalıdır. Mərkəzi Bank və hökumət tərəfindən güzəştlər olmalıdır. Əgər bu, olmayacaqsa, bir müddət sonra yenidən bankların bağlanması və müflis elan olunması məsələsi gündəmə gələcək”.

Qeyd edək ki, ölkədə ilin əvvəlində altı kommersiya bankının lisenziyasının ləğv edilməsi, bununla bərabər, konsalidasiya tədbirlərinin gücləndirilməsi banklarla bağlı yaranan psixoloji gərginliyi bir qədər də artırıb. Ekspertlər bağlanacaq bankların qısa müddət sonra sayının artacağını istisna etmirlər.

Milli Məclisin deputatı Vahid Əhmədov da bankların birləşməsinin vacibliyini qeyd edib: “İslahatın aparılmasının əsas məqsədi iri kapitalı yığmaq, həmin bankların dövriyyə vəsaitinin, nizamnamə kapitalının, kredit portfelinin yüksək olmasına çalışmaq olmalıdır. Belə olarsa, banklar insanlara kreditləri də aşağı faizlə verə bilərlər. Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyaya gedib. Bu faktor da bank sisteminə ciddi təsir göstərib. Yəni bank sisteminin özünün də bu gün köməyə ehtiyacı var”.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov zəif, problemi olan bankların sistemdən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: “Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi”. E.Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib: “Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.