Avtobus sürücülərinin “30 qəpik davası”... - “Yarışa çıxırlar”

25-06-2021, 17:59           
Avtobus sürücülərinin “30 qəpik davası”... -
Dünən Bakıda avtobusların iştirakı ilə yol qəzası baş verib. M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən iki sərnişin avtobusu toqquşub. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən yeddi nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Baş verən hadisə barədə “Sherg.az”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, əksər hallarda işə götürülən sürücülər dəqiq yoxlamalardan keçmirlər. Məhz buna görə də xoşagəlməz hallar yaşanır:

“Əlbəttə sürücülər istəməzlər ki, qəza törətsinlər və insanlar xəsarət alsın. Sözsüz ki, burada səhlənkarlıq, diqqətsizlik və sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməməsi hadisənin əsas səbəblərindəndir. Məlumdur ki, hər bir marşrut xətti üzrə hərəkət edən avtobuslar hansısa şirkətə məxsusdurlar. Bu şirkətlərin də arxasında oliqarx məmurlar dayandıqda artıq sürücülərdə arxayınlıq yaranır, istədikləri kimi davranırlar. Düşünürlər ki, hansısa problem yaşansa, şirkət rəhbərliyi problemi həll edəcək. Təəssüf ki, vətəndaşlarımızda belə yanaşma və stereotiplər qalmaqda davam edir. Xidmət sektorunda çalışanları kifayət qədər sürücülük mədəniyyətinə və elitar təbəqələşmə sisteminə gətirib çıxara bilməmişik”.

Ekspertin sözlərinə görə, bəzən iki şirkətin sürücüsü daha çox sərnişin götürmək uğrunda sanki yarışa çıxırlar:

“Belə olduqca tez-tez qaydanı pozurlar, dayanacağa daha tez yaxınlaşaraq sərnişin götürmək istəyirlər. Sonra isə iki avtobusun qəza törətdiyinin şahidi oluruq.
Düşünürəm ki, şirkətlər işə götürdükləri sürücülərin həqiqətən də kateqoriya sahibi olduqlarını araşdırmalıdırlar. Hərdən elə şəxsləri işə götürürlər ki, onların iri tutumlu və çoxyerli nəqliyyat vastiəsini idarə etmək təcrübəsi yoxdur, ya da ümumiyyətlə, hüquqi olaraq sürücü vəsiqəsi mövcud deyil. Bu kimi faktorlar da belə qəzaların artmasına səbəb olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.