Batin alimi yazır: İnsan ürəyi və onun İlahi funksiyaları

Bu gün, 10:18           
Batin alimi yazır:
Qədim Misir fəlsəfəsinə və sufilərə görə ürək, təkcə insanı yaşadan orqan deyil. O həm də kosmosla, ilkin materiya ilə bağlı olan bədən üzvüdür. Qədim Misir mətnlərinə görə, göydəki cənnətin, yəni ruhlar dünyasının yaradılışı firon Amonun ürəyindən başlayır. Firon Amon deyir: "Mən tək idim. Mən öz ürəyimə dayaq yaratdım və çoxlu varlıqlar yaratdım… Mən, inkişafı inkişaf etdirərək, inkişaf edirdim, yəni ilkin materiyadan zahirə çıxdım, hansını ki, mən yaratdım... Burada əvvəl heç nə yox idi. Mən ilkin materiyadan zühur etdim və hər şeyi mən yaratdım". Bu ifadələr, bəşəriyyətin yaradılışının bilavasitə ürəklə bağlı olduğunu göstərir. Pir, yəni firon Amon ürəyindəki ruhu ilə, beynində təsəvvür etdiyi cənnəti yaratmaq üçün minlərlə qurban kəsir. O teurqiya, maqiya ilə, qurban ruhlarını ilkin materiya ilə "qarışdırıb", bu qarışıqdan göydə kosmik Atum Allahını və onun daxilində Qeb, yəni Qeyb aləmini - cənnəti yaradır. Buna görə firon (pir) Amonun ürəyindən başlayan və göydə yaratdığı cənnət - Misir mənbələrində “Ürəklər şəhəri” adlanır. Mətnlərin birində, ölən, Allahdan xahiş edir ki, - "Mənim ürəyimi "Ürəklər evi"ndə et və mənim ağlımı ağıllar evində et. Qoy mənim ürəyim onun taxtında dincəlsin...". Qədim Misir fəlsəfəsinə görə, insan öləndə ruh ürəkdən çıxır və göydəki "Ürəklər şəhərinə", yəni firon Amonun öz ürəyində, beynində yaratdığı və qurban ruhları ilə göydə var etdiyi şəhərə düşür. Tanınmış sufi Bəhaulla da «Yeddi vadi» kitabında cənnəti – “ürək şəhəri” adlandırır və ruhun bura səyahətindən yazır.

Digər məşhur sufi Qəzali ürəklə bağlı yazır: "Ürək sözünün ikinci mənası – bədəndəki ürəklə bağlı olan İlahi mənəvi vergidir (latifa rəbbaniyə ruhaniyə). Bu vergi insanın mənasıdır, dərk edən, bilən və insanda başa düşmədir, o eyni zamanda söhbət edəndir, nəzarət edəndir, məzəmmət edən və tələb edəndir." Qəzali irsinin araşdırıcısı Naumkin bildirir ki, ürəkdə eyni zamanda İlahi nur adlanan qabiliyyət mövcuddur: "Onu "ağıl", "daxili göz" (bəsirə batiniyə), "iman nuru" və "həqiqi bilik" də adlandırmaq olar". Sufilərdə ürək – Allahın mövcudluğu olan hissədir, burada İlahi mahiyyət maddi mahiyyətdə təcəssüm edir. Sufi konsepsiyasına görə, ilham – işıqdır ki, Allah möminlərin ürəklərinə göndərir və yalnız ilhamın köməyi ilə insan Quranın batini mənasını dərk edə bilər. Adi insanın ürəyi İlahi sirləri dərk etmə qabiliyyətnə malik deyildir. Quranda da bu mənada yazılır: "Onların ürəkləri var, ancaq anlamazlar" (Əraf, 179). Məşhur sufi Əl-Əşariyə bildirir ki, imansızların ürəklərinin örtülü olması, Allahın onları bu çağırışa qarşı qoruması ilə əlaqədardır: "Onların ürəyi örtülmüş, sinəsi sıxılmış və həqiqəti qəbul etmələri üçün qadağa qoyulmuşdur". Eyni fikirlər xristian yazılarında da mövcuddur. Bu isə o deməkdir ki, ürək, yalnız qan dövranını təmin edən bir orqan deyil. O həm də ilahi idrak və iradənin mərkəzidir.
Bəşər tarixində yalnız bir nəfər - firon Amon, İlkin materiyanın sirlərini dərk edib, ürəyi, fikri vasitəsilə göydə Atum Allahını, onun obrazı və bənzəri kimi isə ilk İlahi varlıqlar yaratmış və onlara ölümsüzlük vermişdir. Bu barədə mən "Azər Allahının tarixi" adlı kitabımda geniş yazmışam. Bu ölümsüz varlıqlar qədim mənbələrdə Göy insanları adlanır ki, onlar Atum Allahın obrazı və bənzəri kimi yaradılmışlar. Sufilər Atum Allahını - Kamil İnsan, Göy insanlarını isə padşahlar və peyğəmbərlər nəsli adlandırır. Göy insanlarının ürəyi ilahi nurdan, Allahdan ilham alır. Bu ürək, Allahın iradəsinə, fikrinə açıqdır, həqiqəti, hikməti və kamilliyi qavrayır. Padişahlarda bu vəziyyət "salat" adlanır ki, "sultan" sözü də bu sözdən yaranmışdır. Başqa sözlə, sultanlar - Allahla vəhdətdə olan müqəddəslər nəslidir. Allah Öz iradəsini, bu insanların ürəyinə göndərdiyi məlumat vasitəsilə bildirir. Mənbələrə görə bu Göy insanlarını Allah Özü yaratmış, ölümlü yer insanlarını yaratmağı isə onlara tapşırmışdı. Bu haqda mənim internet səhifələrimdəki "Человека сотворили Хазарские беки - Элохимы" adlı məqaləmdə ətraflı məlumatlar var (sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1).
Yer insanlarının ürəyi yalnız cismani ehtiyacları idarə edir. Bu ürək nur qəbul etmir və sadəcə fiziki həyatı təmin edir. Onlar maddi dünyanın əsiri kimi yaşayır və qəlbləri bağlıdır. Sufilər bu insanlara, öz heyvani nəfsinin qulu kimi baxırlar. Babəkin "qul kimi yaşamamaq" şüarı, Musa peyğəmbərin yəhudiləri qul həyatından xilas etmələri bu mənada dərindir.
Bütün bunlar o deməkdir ki, ürək - yalnız bir orqan deyil, həm də yaradılışın, idrakın və ruhun mərkəzidir və Göy insanlarının həyatında əlavə İlahi funksiyalar yerinə yetirir.
Son dövrün elmi tədqiqatları göstərdi ki, insan ürəyində təxminən 40,000 neyronabənzər hüceyrə mövcuddur. Bu hüceyrələr ürək daxili (intrakardial) sinir sistemini təşkil edir və ürəyin öz kiçik “beyni” kimi fəaliyyət göstərir. Hüceyrələr vasitəsilə insan ruhu Allahın hidayətini və fitrət nurunu qəbul edir. Beyin qəlbin siqnal qəbuledicisidir. Qəlb isə İlahi nur ilə bağlıdır. Bu nur, zahiri elm və məntiqin çatmadığı yerə, insanın ruhani və idraki qavrayışına yol açır. Ürəyin intrakardial neyronları vasitəsilə bu nur, beynə müstəqil təsir göstərir, intuisiyanı gücləndirir və ilahi bilgini qavramağa yardım edir.
Elmi baxımdan, ürəkdəki neyronabənzər hüceyrələr beynin fəaliyyətinə idarə edir, emosiyaları və intuisiyanı formalaşdırır. Göy insanının ürəyi İlahi nurla bağlı olduğundan, o intrakardial neyronlar vasitəsilə beynə təsir göstərir və Allahın iradəsinə uyğun hərəkət edir. Yer insanının ürəyi bağlıdır, sadəcə cismani funksiyanı yerinə yetirir.
Dilimizdəki ürəklə bağlı ifadələrin araşdırılması onu göstərir ki, müqəddəs əcdadlarımızın bütün insani fəaliyyətləri bilavasitə ürəklə bağlı olmuşdur: Ürək qızdırmaq, ürək vermək, ürək dostu, ürək eləmək, ürək sındırmaq, ürək (can) yandırmaq, ürəkdən tikan çıxarmaq, ürəyini boşaltmaq, ürəyi ağzına gəlmək, ürəyi ayağının altına düşmək, ürəyi qopmaq, ürəyi atlanmaq, ürəyi açılmaq, ürəyi ərimək, ürəyi bir tikə olmaq, ürəyi buz kimi olmaq, ürəyi qan olmaq, ürəyi qızınmaq, ürəyi dağa dönmək, ürəyi daşdan olmaq, ürəyi istədiyi qədər, ürəyi yaralanmaq, ürəyi yerindən oynamaq, ürəyi yumşalmaq, ürəyi sakitləşmək, ürəyi gülmək, ürəyi od tutub yanmaq, ürəyi parçalanmaq, ürəyi üzülmək, ürəyindən xəbər vermək, ürəyinə qaynar su səpmək, ürəyinə dağ basmaq, ürəyinə dammaq, ürəyinə yol tapmaq və s. deyimləri yazdıqlarımıza sübut kimi qəbul edilməlidir.
Bütün bunlardan çıxan nəticə odur ki, Kamil İnsan nəslinin ürəyi nasos funksiyasından başqa, İlahla, Allahla bağlı olan və özünün ağlı olan orqandır. Kamil insan nəsli olan qədim padişahlar, peyğəmbər və onların törəmələri, ürəyin və onunla vəhdətdə olan ağlın hesabına xariqələr yaratmışlar.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabımda və digər kitab və yüzlərlə elmi məqalələrimdə qeyd olunmuşdur.

Firudin Gilar Bəg
Sufi-batin alimi
12.09.2025












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru