Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı

Bu gün, 00:08           
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? –
Məlum olduğu kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan son açıqlamalarında Ermənistan və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafının qaçılmaz olduğunu bildirib. O, iki ölkə arasında ortaq bir mal bazarının yaranacağını və bu bazarda Azərbaycan mallarının Ermənistan mağazalarında, Ermənistan mallarının isə Bakı və digər şəhərlərdə satılacağını vurğulayıb. Simonyan, bu prosesin zamanla həyata keçəcəyini və artıq xaricdə, xüsusilə Moskvada, ermənilər və azərbaycanlıların birgə iş gördüklərini, dostluq münasibətləri qurduqlarını qeyd edib .

O, həmçinin bildirib ki, ermənilər Azərbaycan neftini daha ucuz olduğu üçün alacaqlar və bu, iqtisadi baxımdan məntiqlidir. Simonyan, sərhədlərin açılmasının və kommunikasiya xətlərinin bərpasının prioritet olduğunu vurğulayaraq, bu addımların iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyini ifadə edib.

Bəs Ermənistan və Azərbaycan arasında hansı məhsullar qarşılıqlı olaraq satışa çıxarıla bilər?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Təbii ki, sərhədlər açılarsa, çoxsaylı əməkdaşlıq istiqamətləri formalaşa bilər. Ermənistan enerji baxımından çox asılıdır. Rusiyadan və İrandan həm neftin, qazın, həm də elektrik enerjisinin satılması üçün yaxşı bazar ola bilər.

İkinci məqam kənd təsərrüfatı məhsullarının satışı ilə bağlıdır. Təəssüf ki, Azərbaycanda qeyri-neft sektoru yaxşı inkişaf etməyib. Yəni, kənd təsərrüfatı və enerji sektoru üzrə məhsullarımızı ixrac edirik. Ermənistanın isə yeyinti sənayesi inkişaf edib, həmçinin kənd təsərrüfatı sənayesi də inkişaf edib. Məşhur içkiləri var ki, bunları rahat şəkildə həm Avropada, həm də MDB məkanında satırlar. Bundan əlavə, metallurgiya sənayesi məhsulları da mövcuddur. Ermənistanın enerji sektoru zəif olsa da, ixracatının diversifikasiyasına baxanda görürük ki, vəziyyət yaxşıdır.

Hər halda, sərhədlərin uzun illər bağlı olması hər iki ölkəyə ziyan vurub. Həm tranzit məsələlərində uyğunsuzluq yaranıb, həm də ticarət problemləri yaşanıb. Dövlətlər nə zaman güclənir? Əlbəttə, ticarətlə. Biz qonşu ölkələrlə ticarət zamanı problemlər yaşayırıq. Məhsullarımızı Rusiyaya satırıq, amma orada bəzən məhsulumuzu istədiyi vaxt almırlar. Bunun bir neçə səbəbi var: həm İranla münasibətlər, həm İran və Rusiyaya tətbiq olunan sanksiyalar, həm də Naxçıvandan keçid imkanlarının məhdud olması və Ermənistanla münasibətlərin pis olması.

Əlbəttə, qonşu ölkələrlə münasibətlərin yaxşılaşması əvvəl qeyri-rentabelli olan sahələrin inkişafına gətirib çıxara bilər. Məsələn, kənd təsərrüfatı məhsullarını sata bilərik, enerji sektoru məhsullarını sata bilərik. Eyni zamanda müxtəlif neft-kimya sənayesi məhsullarını sata, Ermənistanın metallurgiya və yeyinti sənayesi məhsullarını isə ala bilərik.

Ümumiyyətlə, münasibətlər yaxşılaşdıqca sahibkarlar hesablayacaq ki, hansı məhsulu Ermənistandan topdan neçəyə ala bilərlər, nə cür ala bilərlər. Ermənistan sahibkarları da eyni şəkildə hesablayacaqlar. Yəni, münasibətlər yaxşılaşdıqca, əlaqələr formalaşdıqca, sahibkarlar indiyədək mövcud olmayan imkanları da tapacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru