Azərbaycanda dəhşətli “ağ ölüm” statistikası: Deputatın məhəlləsində də narkotik satılırmış
7-07-2021, 20:38
Narkotik 21-ci əsrin bəlası hesab edilir.
Elə bir ölkə yoxdur ki, orada narkotik vasitələr istifadə edilməsin. “Ağ ölüm” adlandırılan narkomaniya insanlıq üçün dəhşətli bəlaya çevrilib. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur.
Bu maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar.
Narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda cinayətkarlığın artmasına səbəb olur, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi maneələr yaradır.
Son vaxtlar Azərbaycanda narkotik maddələrdən istifadənin daha da kütləviləşməsiylə bağlı həyəcan təbili çalınır. Keçən ilin ilk 3 ayı ilə bu ilin ilk 3 ayını qarşılaşdırdığımızda rəqəmlərin artığını görə bilərik.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaydığı hesabata görə, bu ilin ilk 3 ayında hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2050 cinayət faktı aşkarlanıb. Dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik və psixotrop maddələrin 656 kq 378,952 qr-nı heroin, 326 kq 541,49 qr-nı marixuana, 147 kq 157,972 qr-nı tiryək, 25 kq 734,08 qr-nı həşiş,89,679 qr-nı kokain, 29 kq 418,755 qr-nı metamfetamin və 637,84 qr-nı digər narkotik vasitələr, 101 kq 861,049 qr-nı psixotrop maddələr təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə,2-si Ukrayna və 1-i Rusiya vətəndaşları olub.
2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, təhlil göstərir ki, 2020-ci ilin I rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb.
Məlumatda həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artığı deyilir.
Bu ilin 3 ayında Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14329 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərdən 529-nun istifadəçi olması müəyyən edilib. Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olub. Metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər olub.
Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.
2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.
Əsas problem hazırda narkotik vasitələrdən istifadənin gənc və yeniyetmələr arasında yüksələn xətlə artmasıdır.
“Ağ ölüm”ün gənclər və yeniyetmələr arasında artmasının səbəbi nədir? Niyə gənclərimiz özlərini zəhərləyirlər?
Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü Ramil Həsənin sözlərinə görə, bu məsələdə vətəndaşlar sosial məsuliyyəti hiss etməlidirlər:
“Dünyada bu gün baş verən bir tendensiya mövcuddur. Zərərli vasitələrdən istifadə təkcə Azərbaycanda deyil dünyanın bir çox yerində artır. Azərbaycanın müvaqif strukturları da dünyanın heç bir ölkəsinin sığortalanmadığı bu bəla ilə mübarizə aparmaq üçün ciddi fəaliyyət göstərir. Özünüz də görürsünüz ki, son dönəmlərdə İran-Azərbaycan sərhədindən narkotik vasitə keçirməyə çalışanların saxlanılması və vasitələrin müsadirə olunması ilə bağlı işlər aparılır. Regionlarda narkotik əkən və satışını həyata keçirənlərə qarşı Daxili İşlər Nazirliyinin əzəmkarlıqla mübarizə aparması da bu bəlanının ciddi şəkildə Azərbaycanda da problem olaraq qəbul edildiyini və buna qarşı ciddi addımlar atıldığını göstərir. Bütün bunlarla bərabər insanların özünün sosial məsuliyyət hissi də çox önəmlidir. Övladlarının və yaxud yaxınlarının bu bəlaya qurşanmasını bilən ailələrin Azərbaycanda qanunu şəkildə fəaliyyət göstərən tibb müəssisələrinə müraciət etməsində böyük bir boşluq var. Bunu etiraf etmək lazımdır. Vətəndaşlar bəzən utandığından, çəkindiyindən belə məsələləri gizlədirlər. Bu da nəticə etibarilə ya qohumunun, ya da ətrafında olan insanın bu bəladan ölməsinə gətirib çıxarır”.
Deputatın sözlərinə görə, bu problemlə mübarizə tədbirləri daha da gücləndirilməlidir:
“Hər bir gəncimiz nəzərə almalıdır ki, o, Azərbaycanın gələcəyidir. Onlar özlərini və Azərbaycanın gələcək nəsillərini zərbə altına qoymamaq, sağlam mühitdə tərbiyə alıb böyümələri üçün öncə özlərini qorumalı və sağlamlıqlarının qeydinə qalmalıdırlar. Azərbaycanın genofonduna zərər vuran, ailələrinin bu bəla ilə qarşı-qarşıya qalmasına səbəb olmadan narkotikdən uzaq durmalıdırlar. Bəzən hər şeyi dövlətdən gözləmək doğru deyil. Dövlət siz ona müraciət etdiyiniz anda sizə kömək edə bilər. Kimlərsə bunu gizlədirsə, müvafiq qurumlara bu barədə məlumat vermirsə, dövlət sizə necə kömək edə bilər?
Eyni zamanda, narkotik vasitələrin daşınması və istifadəsi ilə mübarizə tədbirləri gücləndirilməlidir ki, bu problemin qarşısının alınmasında mühüm irəliləyiş əldə olunsun”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın sözlərinə görə, narkotikin yayılmasının günahı hamıdadır:
“Bunun çox səbəbləri var. Ola bilər işsizlikdən edirlər, yaxud kimlərinsə təhriki olsun və ya başqa səbəbləri var. Bu bəlanın yayılması hamının günahıdır. Bu işlə təkcə hüquq-mühafizə orqanları məşğul olmalı deyil. Bu işlə gənclər təşkilatları, məktəblər, müəllimlər, valideynlər də məşğul olmalıdır. Təkcə hüquq-mühafizə orqanlarının buna gücü çata bilməz. Dünyanın hər bir yerində bu var. Bu bəladan qurtulmağın yollarını mütəxəssislər araşdırıb tapmalıdır. Bunun bir zərbəsi də bizə İran tərəfdən gəlir. Onlar külli miqdarda narkotik vasitələri Azərbaycana keçirmək istəyirlər. Sərhəd qoşunları da bununla mübarizə aparır. Bu yaxınlarda sərhəddə atışma da oldu. Mənə deyiblər ki, məhəllədə gətirib satırmışlar. Deyirəm ki, niyə yığılıb döymədiniz? Deyir ki, döysək, bizi cəzalandırarlar. Demirəm ki, narkotik satanı döyməlidirlər, amma onu tutub hüquq-mühafizə orqanlarına təhvil verməlidirlər”.
Aqil Abbasın sözlərinə görə, şəhərlərində narkotik vasitədən istifadə kəndlərlə müqayisədə daha çoxdur:
“Kəndlərdə təhsilin səviyyəsi aşağıdır, şəhər yerində guya yüksəkdir? Şəhərdə narkotik vasitələrin satışı ilə məşğul olanlar kəndlərdən çoxdur. Kəndlərdə qohum-qonşudan utanırlar deyə gizlin məşğul olurlar, elə insan olanda, özləri döyür, cəzalandırır. Doğulduğum kənddə bir dənə narkoman yoxdur. Narkotikdən təkcə kasıbın uşağı istifadə etmir. Narkotiklə varlının uşağı da məşğul olur. Biri kefindən, biri də kasıbçılıqdan”.siam.az/