VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? – Kremldən növbəti çirkin təbliğat “tryuku”
Bu gün, 12:28

Rusiya XİN Qroznı üzərində Rusiya HHM sistemləri tərəfindən vurulan AZAL-ın sərnişin təyyarəsilə bağlı yeni bəyanatla çıxış edib. Bu bəyanat Kremlin riyakar, saxtakar və yalançı mahiyyətini bir daha açıb ortaya qoyur...
Bəyanat ona hesablanıb ki, guya Rusiya tərəfi artıq alçaqcasına vurduğu təyyarəyə və günahsız vətəndaşlarımızın ölümünə görə bütün maddi öhdəlikləri yerinə yetirib. Rusiya XİN-dən bildiriblər ki, təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358.4 milyon rubl (təqribən 7,4 milyon manat - red.) məbləğində sığorta ödənişi edilib: "Reysin 62 sərnişinindən 46-nın xəsarət alması və ölməsi ilə bağlı iddialar tam nizamlanıb, o cümlədən Rusiya vətəndaşlarının 15-dən 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, Qırğızıstanın 3 vətəndaşının, Qazaxıstanın 6 vətəndaşından 1-nə ödənişlər tam təmin edilib. Zərərçəkmişlər və ölənlərin yaxınları ilə tam nizamlanma məqsədilə ödəniş məbləğlərinin razılaşdırılması istiqamətində işlər davam edir".
Göründüyü kimi, söhbət sığorta ödənişindən gedir. Rusiya Xarici İşlər Nazirliyi “təyyarənin pulunu ödəmişik” deyə səs-küy salsa da, bu, kompensasiya deyil, adi sığorta ödənişidir. Pulu Rusiya dövləti deyil, sığorta şirkəti ödəyib. Zatən mülki aviasiyada bütün təyyarələr və sərnişinlər sığortalanır. Vurulan təyyarəmiz Rusiya deyil, məsələn, Avstraliya şirkəti tərəfindən sığortalansaydı, sığortanı da Avstraliya şirkəti ödəyəcəkdi. Özü də sığorta istənilən qəza hadisəsinə aiddir. Yəni, təyyarə vurulmayıb, sadəcə, qəzaya uğrasaydı belə sığorta ödənişi olacaqdı.
İndiki halda təyyarəmizin sığortalanması Rusiyanın ”AlfaStraxovanie” şirkəti tərəfindən həyat keçirildiyindən, ödənişləri də həmin şirkət zatən etməli idi. Ancaq yenə də, bu, KOMPENSASİYA deyil! Burada söhbət bir dövlətin başqa bir dövlətin sərnişin təyyarəsini vurub, sonra da dənizin üzərinə ölümə göndərməsindən gedir. Bu halda adi sığorta ilə yanaşı, günahın qəbul edilməsi, cinayətkarların məsuliyyətə cəlb olunması və kompensasiya olmalıdır. Odur ki, Lavrovun idarəsinin bu bəyanatı Azərbaycanda, Rusiyada və bütünlükdə beynəlxalq aləmdə iz azdırmaq cəhdindən başa bir şey deyil.
Sığorta ödənişlərinin başlanması Rusiya tərəfindən artıq mart ayında elan edilmişdi. İndi sadəcə olaraq, bunu təkrarlayaraq, çaşqınlıq yaratmaq və Rusiyanın guya bütün öhdəlikləri yerinə yetirdiyi görüntüsünü yaratmaq istəyirlər.
Burada ən vacib olan təbii ki, Rusiyanın dövlət olaraq məsuliyyətini qəbul etməsi, çoxsaylı qurbanlara görə maddi təzminat ödəməklə yanaşı, üzr istəməsidir.
Unutmayaq ki, Naxçıvan istiqamətində vurulan Rusiya hərbi helikopterinin pulunu sığorta şirkəti yox, Azərbaycan dövləti ödəmişdi. Necə ki, o zaman Azərbaycan hansısa sığorta şirkətini gözləmədən özü ləyaqətlə davranaraq həm üzrxahlıq etdi, həm də kompensasiya ödədi, bu cür də Rusiya davranmalıdır. Ancaq bunun üçün puldan başqa, ləyaqət də olmalıdır...
“AzPolitika.info”