Hərəyə bir otaq da artıq: ermənilərin Ağdamda dağıtdığı evlər necə bərpa olunur
8-07-2021, 00:04
Tərtər və Gəncədən sonra Ağdam rayonu Vətən müharibəsi zamanı üçüncü ən çox zərər çəkmiş rayon kimi siyahıdadır. Hazırda orada bərpa işlərinin necə getdiyi barədə Sputnik Azərbaycan-ın reportajında.
Vətən müharibəsi zamanı ən çox ziyan görən rayonlardan biri də Ağdam idi. Burada da dinc əhalinin atəş altına alınması nəticəsində infrastruktura ciddi ziyan dəymişdi. Hazırda həmin obyektlərin tikinti, təmir və bərpası davam edir. Hazır olan evlərin isə açarları sahiblərinə təqdim olunub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonu ərazisində 20 tam dağıdılmış yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura komitəsinin nəzarəti altında yenidən tikilib. Bu gün Komitə sədrinin birinci müavini Namiq Hümbətov Ağdamın Xındrıstan və Təzəkənd qəsəbəsində yeni tikilmiş evlərin açarlarını sahiblərinə təqdim edib.
Ermənilərin artilleriya və raket zərbələri nəticəsində Ağdamın kəndlərində ümumilikdə 1560 zərər dəymiş tikili var. Minə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Bu barədə jurnalistlərə açıqlamasında Namiq Hümbətov bildirib. O deyib ki, dağıdılmış 20 fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, hazırda 8 evin tikintisi gedir, dağıdılmış beş qeyri-yaşayış obyektinin inşası sürətlə davam etdirilir.
“Dövlət Komissiyası tərəfindən 13 işçi qrupu olmaqla 11 rayon üzrə ezam olunub. Bütün obyektlərə baxış keçirilib, aktlar tərtib olunub. Zərər dəyən obyektlərin sayı, bu günə olan məlumata görə, 13 minə yaxınlaşıb. Bu rəqəmin özü də erməni vəhşiliyinin hansı dərəcədə olmasının bariz nümunəsidir. Bu obyektlərin təmir, tikinti və bərpası dövlət Şəhərsalma və Arxitektura Komistəsinə həvalə edilib. Biz bu təmir tikinti işləri ilə paralel zərər dəymiş obyektlərin fotoşəkillərin də arxivləşdirmişik. İndiyə kimi səkkiz mindən yuxarı obyektin 130 mindən çox video və fotoşəkilləri çəkilərək, arxivləşdirilib”.
Müsahibimiz onu da əlavə etdi ki, Tərtər və Gəncədən sonra Ağdam rayonu üçüncü ən çox zərər çəkmiş rayon kimi siyahıdadır. Burada 46 məntəqədə ümumilikdə 1600-ə yaxın obyektə zərər dəyib. Hazırda olduğumuz Təzəkənd qəsəbəsində 3 qəzalı ev və 100-ə yaxın təmir-bərpa işləri görülüb. “Xatırladım ki, qəzalı evlərin yerinə köhnə ölçülərindən bir az da artıq olaraq, 2, 3, 4 və 5 otaqlı eynitipli, müasir standartlara uyğun evlər tikilib və vətəndaşlara təhvil verilir. Bu tendensiya on bir rayonun on birində də eyni vaxtda gedir. Ümumilikdə işlərin 70 faizi artıq yekunlaşıb. Qalan hissənin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulur".
Yeni, müasir evlərlə təmin olunan ev sahibləri dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər. Xındırıstan kənd sakini Elnur İsmayılov deyib ki, Vətən müharibəsində evinə mərmi düşüb və nəticədə evi dağılıb. “Oktyabrın 8-də evimizə mərmi düşmüş, mənzilimiz tamamilə dağılmışdı. Çox sağ olsun Prezidentimiz, Ali Baş Komandanımız, bizə yeni, müasir mənzil inşa etdirdi. Gözəl evlərlə təmin elədi bizi. Əvvəlki evimiz 3 otaqlı idi. Bir mətbəxi vardı. İndi çox sağ olsun, 4 otaq, bir mətbəxlə təmin edib. Hər bir şərait də yaradılıb, sağ olsun”.
Ağdam rayon sakini Eldəniz Abdullayev isə 4 otaqlı evinin yerinə 5 otaqlı mənzilinin tikildiyini bildirib. “Sağ olsun ulu öndərin davamçısı İlham Əliyev! Bizi evlə təmin etdi. Çox sağ olsun, minnətdaram. İndi mənzilimiz daha da yaxşıdır. Əvvəlki evimiz 4 otaqlı idi. İndi tikilən yeni evimiz isə 5 otaqlıdır, içində hamam, mətbəx, hər bir şərait var. Çox sağ olsun dövlətimiz".
Erməni vandallığı nəticəsində mənzili ziyan görən Ağdam rayon sakini Talıb Bayramov isə öz evi ilə yanaşı, oğlunun da yaşadığı mənzilin tanınmaz hala düşdüyünü və artıq onun da mənzilində təmir işlərinə başlanılacağını bildirib.
“Mərmi düşmüşdü evimlə tövlənin arasına. O vaxt biz burada deyildik. Gəldim ki, mərmi gəlib, düşüb bura. Heyvanlarımı məhv edib. Evimin bir hissəsin məhv edib. Çox zərər gördük. Oğlumun evi dağılmışdı. İndi onun bərpa işinə başlayacaqlar. Evimizi düzəldiblər. Göz qabağındadır. Baxırsınız, Allah prezidentimizin köməyi olsun! Allah onun dadına çatsın!”
Qeyd edək ki, bu günə qədər ümumilikdə 11 şəhər və rayon ərazisində 12000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb. Digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə sürətlə davam edir. 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.
Əhaliyə dövlət dəstəyi
Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı iyulun 6-da dörd quruma maliyyə vəsaiti ayrılması ilə bağlı sərəncamlar imzalayıb.
Sərəncamlarla Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min), İqtisadiyyat Nazirliyinə 5 400 000 (beş milyon dörd yüz min), Maliyyə Nazirliyinə 5 200 000 (beş milyon iki yüz min), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 (otuz) milyon - ümumilikdə 42 milyon manat vəsait ayrılıb.