Diplomun tanınmamasının maraqlı səbəbləri
8-07-2021, 00:13
Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınması üçün müraciət edən qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşdırıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, iyun ayı üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.
Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, Agentliyə ötən ay diplomunun tanınması üçün müraciət edən icrası 21 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Məlumat üçün onu da qeyd edək ki, bu günlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması üçün yeni veb-sayt (www.tkta.edu.az) yaradaraq vətəndaşların istifadəsinə verib. Təqdim olunan veb-sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb. Əlavə olaraq, agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
Agentlik vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır. Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.