Azərbaycanda əhali devalvasiya olacağına inanmır
8-07-2021, 00:14
Hazırda əlində əlavə vəsait olanların 31.5%-i onu manat formasında saxladığını bildirib. Şəki-Zaqatala (42.9%) və Dağlıq Şirvanda (36.1%) manat formasında əlavə vəsaiti saxlayanlar digər bölgələrə nisbətən daha geniş yayılıb. 18-25 yaş qrupunda olanların və aylıq gəliri 1.000 manatdan yuxarı olanların manat formasında əlavə vəsaiti saxlama ehtimalı daha yüksəkdir.
Correct.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin 1073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində keçirdiyi telefon sorğusunun nəticələrində qeyd olunub.
Sorğuya əsasən, seçmənin daha çox hissəsi (61.7%) ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib. Respondentlərin bu mənada seçdiyi ikinci valyuta isə dollar (31.5%) olub. Dağlıq Şirvan (57.8%) və Quba-Xaçmaz (52.6%) yeganə iqtisadi bölgələrdir ki, burada respondentlərin daha çox hissəsi dollara üstünlük verir. Dollara meyllilik yaş artdıqca azalır. Aylıq gəliri 500-1000 manat aralığında olanların 53.2%-i ehtiyatda vəsait olduğu halda onu manat formasında saxlayacağını deyib ki, bu da digər müvafiq qruplardan daha yüksəkdir. Özəl sektorda çalışanların 36.3%-i dollara üstünlük verir ki, bu da digər müvafiq qruplardan daha çoxdur.
Qarşıdakı dövrlərdə manatın məzənnəsi ilə bağlı respondentlərin 10.9%-nin heç bir gözləntisi olmadığı halda, daha böyük sayda iştirakçı (58.7%) manatın məzənnəsinin sabit qalacağını hesab edir. Devalvasiya ehtimalının yüksək olduğunu 17.6% düşünür. Təhsil səviyyəsi artdıqca devalvasiya ehtimalını yüksək dəyərləndirənlərin də sayı artır. Şəki-Zaqatala (47.1%), Gəncə-Qazax (21%) və Abşeronda (21%) devalvasiya gözləntiləri daha geniş yayılıb.
Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətini respondentlərin üçdə bir hissəsi (45.3%) bu və ya digər dərəcədə yaxşı dəyərləndirib. 21.3% əks mövqedən çıxış edib. Seçmənin əhəmiyyətli hissəsi isə Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasəti barədə ya məlumatsız olduğunu deyib (21.6%), yaxud məlumatlı olduğu halda cavab verməkdə çətinlik çəkib (11.9%). Adıçəkilən fəaliyyətə dair ən mənfi və müsbət rəy müvafiq olaraq aylıq gəliri 0-250 manat aralığında və 1.000 manatdan yüksək olan respondentlər üzrə müşahidə edilib. Özəl sektor və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar məşğuliyyət qrupları arasında Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətindən ən çox razı qalan qruplardır. (olke.az)