Üzeyir Hacıbəylinin məşhur skripkası işğaldan 15 gün öncə Şuşadan Bakıya necə "yol" tapdı... - FOTO
8-07-2021, 10:51
“Bizim mərkəzimiz 65 ildir ki, faəliyyət göstərir. Bu illər ərzində minlərlə dəyərli eksponat burada bərpa olunub, muzeylərə qaytarılıb. Son günlər bir çox eksponatlarımız bərpaya daxil olub. Onların arasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ilk skripkası da var. 1992-ci ildə Şuşanın işğalına demək olar ki, 15 gün qalanda Üzeyir bəyin Şuşadakı ev muzeyinin direktoru Nəsibə Eyvazova Şuşadan Bakıya gəlir və nə qədər mümkündürsə muzeydən eksponat gətirir. 15 gündən sonra isə Şuşa ermənilər tərəfindən işğal olunur. Bu skripkanı da o illərdə özü ilə gətirib. Skripka bizim mərkəzə daxil olanda adamın dili də gəlmir ki, desin bərbad vəziyyətdə idi. Amma həqiqətən də çox pis vəziyyətdə idi, hətta çalmırdı”
Bunu Moderator.az-a açıqlamasında Muzey Sərvətləri və Xatirə Əşyalarının bərpa mərkəzinin direktoru Zərifə Məlikova deyib. O daha sonra əlavə edib.
“Biz böyük zəfər qazandıq, inanırıq ki, Şuşada və digər işğaldan azad etdiyimiz yerlərdə bütün muzeylər yenidən fəaliyyətə başlayacaq. Bu skripka yenə də öz doğma muzeyinə qayıdacaq. Mən inanırdım ki, bizim bərpaçılar əllərindən gələni edəcəkdilər bu skripka nəinki xarici görünüş cəhətdən bərpa olunsun, həmçinin də çalsın. Biz buna nail olduq. Mən belə eksponatlara baxanda təəssüflənirəm ki, niyə bunların dili yoxdur! Bunların dili olsaydı əlbəttə ki, ən gözəl məqamları onlar bizə danışardılar.
Təsəvvür edin ki, bu skripkanın dili var və o bizə Üzeyir bəyin mühitindən, işindən nələr danışır. 65 il ərzində 30 mindən çox eksponat bərpa olunaraq, muzeylərə təhvil verilib. Son illərdə Əli bəy Hüseynzadənin skripkası da bərpa olunan eksponatlar sırasındadır. Bundan başqa bir çox yazıçılarımızın-Hüseyn Cavidin, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Xurşidbanu Natəvanın və s. ədiblərimizin əl yazmaları, akyorlarımızın geyimləri, şəxsi əşyaları, Üzeyir Hacıbəylinin anasının toy geyimi, aktyor İsmayıl Dağıstanlının kostyumu və s. sənətkarların geyimləri bərpa edilib” deyə müsahibimiz bildirib.
Üzeyir Hacıbəylinin skripkasını da Gündüz Məmmədov bərpa edib. O, bu haqda Moderator.az-a danışıb.
“Bu skripka 1 ay öncə mərkəzimizə daxil olub. Dahi bəstəkarımızın skripkasını 15 günə bərpa etdim. İlk olaraq skripkaya baxış keçirdim və gördüm ki, içərisində yazı var. Elmi şuraya məlumat verdim və onlar araşdırdılar ki, skripka 1871-1879-cu illərdə hazırlanıb. Skripkanın aşıq hissəsində sınıq var idi, qol hissəsi çanaqdan qopmuşdu. İşimdə çətinlik çəkmədim. Ən çətini o idi ki, biz görün kimin skripkasını əlimizdə tutmuşduq. Bu böyük bir məsuliyyət idi. Mən özüm də musiqiçi olduğuma görə işə daha ciddi və məsuliyyətlə yanaşdım. Mən arzu edərdim ki, dahi skripka ifaçıları bu alətdə ifa etsinlər və biz əmin olaq ki, bərpası düzgün aparılıb” deyə o bildirib.