“Gəncə işi” dalana dirənib - GƏLİŞMƏ

9-07-2021, 09:03           
“Gəncə işi” dalana dirənib - GƏLİŞMƏ
“Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”. Bu məlumatı tanınmış vəkil Cavad Cavadov özünün facebook səhifəsində paylaşıb.

İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi” üzrə proses davam edəcək. Əgər ekspertiza Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin anlaqlı olması ilə bağlı rəy versəydi, bu halda sabiq icra başçısı prosesdə zərərçəkmiş qismində dindirilməli idi.

Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə istintaq 1 ildən çoxdur davam edir. Prosesdə mayın 27-dən bu yana Elmar Vəliyevin ekspertizadan keçirilməsi ilə bağlı fasilə yaranmışdı. Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov “cinayət işinin materiallarında yazılanlar saxtadır” deyib məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırmış, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilmədiyini məhkəmənin diqqətinə çatdırmışdı.

“Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da ”yadımda deyil, sonra danışaram" demişdi, bildirilmişdi ki, sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Vəkil onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməsi barədə vəsatət vermişdi. Məhkəmə tərkibinin diqqətinə çatdırmışdı ki, bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb. Ona görə də məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının keçirilməsini istəmişdi və Elmar Vəliyevin ekspertizadan keçirilməsi qərara alınmışdı.

“Yeni Müsavat”ın əməkdaşı ekspertiza rəyinin iş üzrə hansı əhəmiyyətə malik olması ilə bağlı “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərovun fikirlərini öyrənib. Şirkət rəhbəri deyib ki, Azərbaycan məhkəmə praktikasında tibbi ekspertizanın rəyinin əsas götürülməməsi halları olub: “Elə vaxt olub ki, psixi çatışmazlıqları olan şəxsləri belə məhkəmə prosesində dindiriblər. Dindirmənin həmin şəxslərin psixi durumuna olduqca mənfi təsir edəcəyinə dair vəkillərin fikirləri belə nəzərə alınmayıb. Məhkəmə praktikaya müraciət edib Elmar Vəliyevin sağlıq durumu, psixoloji-emosional vəziyyəti haqda rəyi nəzərə almaya da bilər. Azərbaycanda kifayət qədər təcrübəli ekspertlər var. Əgər həmin ekspertlərə imkan verilsə, onlar dəqiq-dürüst qiymətləndirmə apara bilərlər. Bu işlərlə bağlı vəkillərin mövqeyi haqlıdır”.

Hüquqşünas deyir ki, ekspertə Elmar Vəliyevlə vəkili arasında bağlanmış müqavilə haqda da məlumat verilməli idi: “Ekspert ekspertizadan keçirilən şəxslə bağlı dolğun məlumatlara sahib olmalıdır ki, onun barəsində rəy verərkən səhvlərə yol verməsin. Elmar Vəliyevə gəldikdə isə o, ictimai şəxs olub, ölkənin ikinci ən böyük şəhərinə başçılıq edib. Yəni onun fəaliyyəti göz qabağında olub. Başına gələnlərdən sonra onun anlaqsız olması isə məhkəmə prosesində üzə çıxan faktlarla uzlaşmır. Ekspert rəyini şübhə altına alan fakt isə ortalıqdadır. Əgər Elmar Vəliyev anlaqsızdırsa, onun qərar qəbul etmək imkanları psixoloji durumu baxımından uyğun deyilsə, bu halda sual yaranır: anlaqsız biri vəkili ilə müqaviləni necə bağlayıb? Bu suala mütləq şəkildə aydınlıq gətirilməlidir”.

Hüquqşünasın fikrincə, Elmar Vəliyev dindirilmədən ona qarşı törədilən cinayətə obyektiv, ədalətli hökm çıxarılması da sual altındadır: “Elmar Vəliyev məhkəməyə gəlməlidir, vəkillərin suallarını cavablandırmalıdır. Onu məhkəmədə dindirmədən məhkəmə araşdırması həqiqəti üzə çıxara bilməz. Qoy Elmar Vəliyev məhkəməyə gəlsin, ifadə verib sualları cavablandırsın. Onun xəsarət alması ilə nəticələnən əmələ görə həbsə alınanların taleyi həll olunur. Belə bir halda Elmar Vəliyev məhkəməyə gəlməlidir, lazım gəlsə, gətirilməlidir. Çünki həmin məhkəmədə çıxarılacaq hökm Azərbaycan Respublikası adından olacaq. Elmar Vəliyev də pis-yaxşı - ölkənin ikinci şəhərinin icra başçısı olub. Zəhmət çəkib Azərbaycan qanunlarına uyğun olaraq məhkəməyə gəlməlidir”.

Hüquqşünas deyir ki, sabiq icra başçısının anlaqsız olmasını səbəb gətirməklə məhkəməyə gəlməməsi onun fəaliyyətinin yoxlanılmasına mane olub: “Elmar Vəliyevin başçı olduğu müddətdə mətbuatda onunla bağlı, onun yol verdiyi qanunsuzluqlar, yeyinti faktları ilə bağlı saysız-hesabsız yazılar, məlumatlar, videolar yayılıb. O, 4 ildir icra başçısı deyil, amma hələ də onun Gəncə və ətrafındakı səfalı, gözəgəlimli yerlərdə villaları, imarətləri, hotel və restoranları haqda mətbuat yazır. Bu məsələlər araşdırılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.