Bakıdan ayətullahlara pul göndərmək... - Deputatdan ETİRAZ

13-10-2021, 19:26           
Bakıdan ayətullahlara pul göndərmək... -
Hər kəsin inancına hörmətlə yanaşıram. Lakin mənim prinsipial mövqeyim odur ki, islamda din xadimi anlayışı yoxdur. Xüms adına yığılan vəsait də yoxdur. İnsanların çoxu dini bilmədiklərinə görə din adı ilə onlara təqdim olunan məsələyə bu cür yanaşırlar.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Azərbaycanın dindar kəsimindən yüzminlərlə dolların “xüms” adı ilə toplanaraq, İrandakı ayətullahlara göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Azərbaycanda müsəlmanlar var və bu kimlikdən hələ heç kim imtina etməyib. Özünə müxtəlif adlarla tanıtım verən insanlar bir adla bir-birini tanısınlar, müsəlman adıyla inanclarını təqdim etsinlər. Peyğəmbər nə adlanırdı? Müsəlman. Peyğəmbərin adlandığı kimi adlanmaqdan utanırsınız? Hesab edirəm ki, insanlar artıq özlərini bu və ya digər məzhəbin təmsilçisi kimi tanımaqdan yavaş-yavaş uzaqlaşmalıdırlar. İslamda mahiyyətcə məzhəb anlayışı yoxdur. Bunlar sadəcə sonradan və tərəfdaşlıq kimi qəbul olunan anlayışlardır. Vahid ad var, o da müsəlman. Vahid islami dəyər var, o da peyğəmbərin əxlaqıdır. İnsan sevgisi bu dində üstünlük təşkil edir. Azərbaycanlıların hamısı əhli-beyt sevgisi ilə özünü tanımır. İnsan sevgisi adı ilə tanıyır. Dinin də əsas hədəfi budur. Quranda belə bir tələb yoxdur ki, peyğəmbərin xəlifələrinə, imamlara sevgin olmasa, bu dindən olmursan. Bu kimi məsələlərdə dində öndə olan insanlar gərək verdiyi mesajlarda bütünləşdirici yolu seçsinlər. Təbii ki, insanların dini yanaşması fərqlidir. Buna qınayıcı yanaşmağı doğru saymıram. Ümid edək ki, bu fikirlər gələcəkdə cilallanıb daha fərqli şəkildə ifadə olunacaq”, - millət vəkili bildirib.

F.Mustafa qeyd edib ki, islamda “xüms” yoxdur:

“Bu, konkret olaraq İranda alınır. Başqa ölkəyə pul göndərmək isə həmin ölkənin maraqlarına xidmət etmək deməkdir. Çünki hansısa ölkənin din xadimləri həmin ölkənin siyasi fiqurlarıdır. İranda ayətullahlar hamısı həm də siyasi simadır. Onlara inanırsansa, hansısa kitabını oxu, şərhini oxu. Ona pul göndərməksə artıq ona tabe olmaq deməkdir. Pul göndərməyin də tələbi Quranda heç bir yerdə yoxdur. Xüms ancaq müharibə dövrü toplanan qənimətlərin paylanmasıdır. O qənimətləri də peyğəmbər yoxdursa, kim paylayacaq? Kim böləcək? Müharibə yoxdursa, bu pulu niyə yığırsınız? Bu, müharibə gəlirləri deyil. Bir iş adamı müharibə olmadığı halda niyə öz pulundan 20 faiz ora verməlidir?

İslamda zəkat var. Zəkat formasında gəlirinin müəyyən bir hissəni verə bilərsən. Yaxud da Ramazanda sədəqə verə bilərsən. Bunu verin! Qurana istinad etməyən hər hansı bir davranış islami davranış sayılmaz. İnsanlar da buna uyğun davranış sərgiləməldirlər”.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.