Amerikalı ekspert: “Koronavirus yaxın bir neçə il və bəlkə də əbədi olaraq bizimlə qala bilər…”
18-11-2021, 07:54
San-Fransiskodakı Kaliforniya Universitetinin Tibb fakültəsinin rəhbəri Robert Vaxter koronavirusun yaxın gələcəkdə məğlub olmasını gözləməməyə çağırıb. Moderator.az bu barədə ABŞ-ın Milli İctimai Radiosuna (NPR) istinadla xəbər verir. Ekspert NPR-ə müsahibəsində qeyd edib ki, COVID-19 növbəti bir neçə il və bəlkə də əbədi olaraq bizimlə qala bilər ki, bu da yeni düşüncə tərzi tələb edir.
NPR yazır ki, koronavirus pandemiyası insanların gündəlik həyatında əhəmiyyətli dəyişikliklər, iqtisadiyyata ciddi təsir edib və COVID-19 təkcə ABŞ-da 700 mindən çox insanın həyatına son qoyub. Vaxterin sözlərinə görə, o, istərdi ki, koronavirus yox olsun və bütün dünya normal həyata qayıtsın. “Ancaq düşünürəm ki, bunun baş verməyəcəyi, onun yaxın gələcəkdə bizimlə olacağı getdikcə daha aydın görünür. Və nə qədər ki, yoluxan və sağalanların sayında gah artım, gah da azalma müşahidə olunacaq biz bu “karuseldə fırlanacağıq”, - deyə ekspert NPR-in jurnalisti Mişel Martinə müsahibəsində bildirib.
Vaxterin sözlərinə görə, təxminən altı ay əvvəl o, bu gün vəziyyətin daha yaxşı olacağına inanırdı. Ekspert iddia edir ki, koronavirusa yoluxma hallarının yüksək olması iki amillə - delta ştammının yayılması və bəzi insanların peyvənd olunmaq istəməməsi ilə bağlıdır. Məsələn, ilk dəfə Hindistanda aşkar edilən ştamm əvvəlki variantlardan iki dəfə daha yoluxucudur. Bundan əlavə, Vaxterin verdiyi məlumata görə, amerikalıların 30% -dən 40% -ə qədəri peyvənd olunmaq niyyətində deyil. Eyni zamanda ekspert özünün koronavirus peyvəndinin hər iki dozasını və hətta üçüncü, gücləndirici dozanı aldığını vurğulayaraq insanları mütləq peyvənd olunmağa çağırıb.
Bununla belə, Vaxter qeyd edib ki, pandemiya başlayandan, təxminən son iki il ərzində onun həyata münasibəti bir qədər dəyişib. Altı ay və ya bir il əvvəl hamı sosial məsafəni qoruyub maska taxsa belə, yaşlı valideynləri ziyarət etməkdən və ya kütləvi tədbirlərə qatılmaqdan qorxardı. Bununla belə, o, indi dünyanın bir çox insanı kimi, dostları və ailəsi ilə vaxt keçirir və işiylə əlaqədar səyahət edir.
Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə gəlincə, Vaxterin fikrincə, dünya virusun yox olmasını gözləməyərək, yeni bir düşüncə tərzinə keçməlidir: “COVID-19 çox güman ki, növbəti bir neçə il ərzində və bəlkə də əbədi olaraq bizimlə qalacaq”.