Doldurulmuş göllərdə yüksələn binalar: “Mütləq olaraq geoloji işlər aparırlar”
16-12-2021, 17:26

Şəhərin bəzi əraziləri var ki, burada tikilmiş həyət evlərində tez-tez çatlar, nəmişlik əmələ gəlir. Maraqlısı ondadır ki, bir-iki mərtəbəli evlərdə bu cür problemlərin yaşandığı ərazilərin bir çoxunda daha hündürmərtəbəli binalar tikilməyə başlanıb.
Bu binalar nə dərəcədə təhlükəsiz hesab olunur? Qurunt sularının üzdə olduğu ərazilərdə tikilən binalar da hansısa tədbirlər görülürmü? Əmlak məsələləri üzrə ekspert Pərviz Qulami Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, torpaq qatının yumşaq olduğu yerlərdə hündür mərtəbəli bina tikənlər mütləq olaraq geoloji işlər aparırlar.
“Qurunt sularının daha üzdə olduğu ərazilər var. Hansı ki, bu ərazilərdə torpağın 10-15 metr dərinliyində qurunt suları olur. Həmin ərazilərdə fərdi evlər tikilir və bununla da torpaqda sıxılma gedir. Sular isə gedib haradansa, çıxmalıdır. Təbii ki, belə ərazilərin nisbətən alçaq yerlərində sular yuxarı qalxmağa başlayır və tədricən 4-5 metrə qədər qurunt suları qalxır. Bununla da torpaq nəmişlənir və su üzə çıxır. Ev isə təbii ki, bu zaman nəm olur. Belə yerlərə isə el arasında “göl ərazilər” deyirlər.
Bu kimi yerlərdə hündür mərtəbəli binaların tikilməsinə inanmıram. Çünki belə ərazilər daha çox fərdi evlər üçün yararlı olur. Çünki belə yerlərdə torpaqlar daha ucuz olur. Məsələn, Masazır ərazisində kiçik göllər olub və daha sonradan bu göllər torpaqla doldurulub. Masazırda 10 minə torpaq satılırsa, həmin doldurulmuş yerlərdə sotu 5 minə satılırdı.
Nisbətən torpaq qatının yumşaq olduğu yerlərdə hündür mərtəbəli bina tikənlər mütləq olaraq geoloji işlər aparırlar və öyrənirlər ki, torpağın dərinliyi, qatlar nədən ibarətdir. Burada hansısa boşluqlar olarsa, bərkitmə işləri aparılır, drenajlar çəkilir və bünövrələr salınır.
Tikinti şirkətləri bu cür ərazilər daha ucuz olduğu üçün üz tuta və tikdikləri mənzilləri daha ucuz da sata bilərlər. Amma orada hansısa ciddi fəsadların baş verəcəyini düşünmürəm.
Hesab etmirəm ki, hansısa tikinti şirkəti milyonlarla pul qoyaraq, riskə getsin. Çünki sabah bu binalarda hansısa hadisə baş verərsə, tikinti şirkətləri birbaşa məsuliyyət daşıyır”.
Leyla Mirzə, Bizimyol.info