"Kazino nədir? Hara aparırlar bu milləti?" - ETİRAZ
22-12-2021, 16:10
Xəbər verdiyimiz kimi, Milli Məclisin keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib.
Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.
Lakin deputatın bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.
TEREF.AZ xəbər verir ki, Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov Demokrat.az-a deputatın təklifini dəyərləndirib. O, bu təklifin çox gülünc olduğunu bildirib:
“Bunları həmişə o qədər tənqid eləmişəm ki, indi də heç nə demək istəmirəm. Ümumiyyətlə, bunlar nə düşündüklərini özləri belə bilmirlər. Kazino nədir? Hara aparırlar bu milləti? Özləri də anlamırlar. Ona görə də, bunlara heç nə demək istəmirəm”.