Qarabağ əlillərinə veriləcək ödənişlərlə bağlı suallara CAVAB

25-12-2021, 00:05           
Qarabağ əlillərinə veriləcək ödənişlərlə bağlı suallara
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsiningücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Birinci Qarabağ Savaşında əlillik dərəcəsi alan vətəndaşlara birdəfəlik ödəmə veriləcək.

Deputat Vüqar Bayramov Modern.az-a açıqlamasında sənədlə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, bəzi məsələlərə qısa aydınlıq gətirib:

Kimlər bu ödənişdən istifadə edə biləcəklər?

Birdəfəlik ödəniş 1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə veriləcək.

Birdəfəlik ödənişlərin məbləği nə qədər olacaq?

I dərəcə əlilliyə görə – 8,8 min manat; II dərəcə əlilliyə görə – 6,6 min manat; III dərəcə əlilliyə görə – 4,4 min manat manat məbləğlərdə birdəfəlik ödəmə veriləcək.

Birinci Qarabağ Müharibəsinin Qazisi dünyasını dəyişibsə onun ailəsi həmin ödənişi ala bilərmi?

Ödəniş Qazilərimizin vərəsələrinə də ödəniləcək. Əgər Qazimiz dünyasını dəyişibsə o zaman vərəsəsi müraciət edib birdəfəlik ödənişi ala bilər.

Ödənişi almaq üçün hansı dövlət qurumuna müraciət etmək lazımdır?

Ödənişlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsul olacaq.

Ödəniş neçə nəfəri əhatə edəcək?

20 minədək vətəndaşımızın bu ödənişlərdən istifadə edəcəyi gözlənilir.

Nə qədər vəsait ayrılacaq?

Dövlət büdcəsindən bu məqsəd ilə 50 milyon manat ayrılacaq

Ödənişlərin verilməsinə nə zamandan başlanılacaq?

Ödənişlər gələn ildən həyata keçiriləcək.

Qarabağ Qazilərindən kimlər bu ödənişə müraciət edə bilməzlər?

Deputatın sözlərinə görə, artıq sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə bu fərman şamil edilmir:

“Bütövlükdə, fərman Qarabağ Qazilərimizin sosial təminatının daha da gücləndirilməsi istiqamətində yeni addım kimi dəyərləndirilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.