Kreml Leninin nəşinin mavzoleydən çıxarılacağı barədə xəbərlərə aydınlıq gətirib

27-12-2021, 09:42           
Kreml Leninin nəşinin mavzoleydən çıxarılacağı barədə xəbərlərə aydınlıq gətirib
Kreml rəsmisi SSRİ-nin qurucusu Vladimir Leninin nəşinin mavzoleydən çıxarılacağı barədə xəbərlərə aydınlıq gətirib.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, qeyd edib ki, Leninin nəşinin Qırmızı Meydandakı mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil, belə planlar yoxdur.

"Xeyr, belə planlar yoxdur", - Kreml sözçüsü yaxın gələcəkdə Leninin nəşinin məqbərədən çıxarılması barədə qərarın qəbul edilməsinin mümkün olub-olmaması sualına cavab verərkən deyib.

"Bu məsələ gündəmdə deyil, indi başqa məsələlər və problemlərlə dolu olan başqa gündəm var", - Peskov vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə Leninin ölümündən 100 il ötür.

Lenin 1924-cü il yanvarın 21-də Moskva yaxınlığında, Qorkidəki iqamətgahında, 54 yaşında vəfat edib. Ölümündən əvvəl dəfn olunma üsulu və yeri ilə bağlı heç bir yazılı əmr qoymayıb. Yanvarın 22-də Leninin cənazəsi qısa müddətə balzamlaşdırılıb, Xalq Komissarları Sovetinin rəhbəri ilə vida müddəti uzadılıb, sonra Leninin nəşinin uzun müddət saxlanılması haqqında qərar qəbul edilib.

İndiki mavzoleyin tikintisi 1930-cu ildə başa çatdırılıb. 1953-1961-ci illərdə mavzoleydə İosif Stalinin nəşi olan sərdabə də var idi, onun nəşi sonradan Kreml divarının yanında basdırılıb. 1990-cı ildə Lenin mavzoleyi "sovet monumental memarlığının görkəmli nümunəsi" olaraq Kreml və Qırmızı Meydan ilə birlikdə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru