Evin tək övladı hərbi xidmətdən saxlansınmı?

11-04-2016, 00:03           

Zahid Oruc: “Ordunu yalnız orta və aşağı savadlı insanlardan ibarət təsəvvür etmək yanlış olardı...”

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son 4 günlük döyüşlərdə verdiyimiz şəhidlər sırasında xüsusi istedadlı, yüksək bal toplamış ali təhsilli gənclərimiz, həmçinin, evin tək oğul övladı olanlar da vardı. Bu, zaman-zaman müzakirəyə çıxarılan bir məsələni - yüksək təhsilli və evin tək övladı olan gənclərin hərbi xidmətə çağırılmaması məsələsini yenidən gündəmə gətirdi. Maraqlıdır, sadaladığımız məsələ ilə bağlı qanunda hansısa istisnalar varmı, ola bilərmi?

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc məsələ ilə bağlı danışarkən ordunun yalnız orta və aşağı savadlı insanlardan ibarət təsəvvür etməyin yanlış olduğunu dedi: “Son dörd günlük müharibə Azərbaycanın istər elm-təhsil, istərsə də ictimai həyat və dövlət quruculuğu sahələrinə özünün daha köklü yeniliklərini edəcək. Bu da ondan ibarətdir ki, Azərbaycan qazandığı bu uğurlarda həm ordu quruculuğunun daha da möhkəmləndirilməsi tədbirləri, həm də onun arxa cəbhəsindəki vətəndaşların görə biləcəyi işlərin bütün miqyası ilə yenidən dərki baş verdi. Ordunun daha professional formalaşması üçün kimlərdən ibarət qurulsun məsələsi çox mühüm bir məsələ kimi yenidən qarşıya çıxıb.

Əslində hazırkı modern ordular mühüm yeni texnoloji qurğulardan, işin koordinasiyasını bilən, təlimləri dayandıqları coğrafiya üzrə o bölgələrin dislokasiyasını görən və bunu profesionallıqla taktiki işlərə gətirməyi bacaran insanlardan ibarət olmalıdır. Yəni ordunu yalnız orta və aşağı savadlı insanlardan ibarət təsəvvür etmək çox yanlış olardı. Bu gün dünyanın özündə qeyd etdiyimiz nisbət çox fərqlidir. Bəzi ordularda hətta əsgəri və çavuş heyətinin çox aşağı savad vəziyyəti var. Yalnız zabitlərin professionallıqlarından biz danışa bilərik. Bəzilərində isə mənzərə fərqlidir. Məsələn, İsrail ordusunda evin bir övladı da olsa, ən yüksək elmi istedada da malik olsa, onu ordu sıralarında görmək mümkündür.

Müdafiə naziri Zakir Həsənov özünün bütün professionallığına rəğmən, dəfələrlə Azərbaycanın elm-təhsil təmsilçiləri ilə görüşərək qabiliyyətli insanların ordu quruculuğu prosesinə cəlb olunmasını istəyib. Çünki biz bu gün nanotexnologiyaların həddən artıq müasir elektronik sistemlərin ordudakı avadanlıqlara, silaha, tanka, topa tətbiqinin şahidiyik. Bu gün ordu elm və təhsilin ayrılmaz bir sahədir. Elm təhlükəsizliyin mühüm bir komponentidir. Bu sahədə də nə qədər çox istedadlı insanlarımız varsa, onlarda savaş meydanında ermənilərlə vuruşurlar”.

Z.Oruc bu gün hər bir azərbaycanlının özünü erməni ilə mübarizə mühitində hiss etdiyini dedi: “Bu gün müəllim erməni müəllimlə, filosofumuz erməni filosofu ilə vuruşur. Sadəcə, 100-150 ballıq akademiya yetirmələri bizim arzuladığımız professional manevri, ən ağır əməliyyatlarda çaşmamaq, özünü itirməmək, düşmənə həlledici nöqtələrdən zərbə vurmağı bacarmaq çox önəmlidir. Burada da kifayət qədər elmli insanlar tələb olunur. İndi ermənilər bizim xüsusi qrupdan danışırlar ki, onlar həmən qoşunların arxa cəbhəsinə keçiblər və oradan ermənilərə zərbə endiriblər.

Amma hansısa kəsimin sonradan alınmış Talış yüksəkliklərində öz qazdıqları səngərlərə yerləşən, tutan azərbaycanlılar orda zərbə vura biliblər. Yəni ilkin raundda bizim qüvvələrimiz onları çox professionallıqla döyüş meydanında məğlub ediblər. Çünki onlar uzun müddətdir ki, müxtəlif təlimat proqramlarından keçiblər və ordumuzun əsas zərbə qüvvələrindən biri idilər. İndiki dövrdə bu məsələni qanunvericiliyə gətirmək 700 ballıq tələbələri, yaxud da evin tək övladı olan uşaqlarla bağlı qanunvericiliyimizdə bəzi dəyişikliklərin irəli sürülməsi elə də asan deyil. 4 günlük müharibə dövründə parlament üzvlərinin çoxu ordu işində nə kimi köməyimiz ola bilər deyə, düşünürdü.

Tankın, topun yerinin dəyişdirilməsində, silahın götürülməsində, kiminsə atəş açmasında bizim də rolumuz ola bilərsə, bunu edək deyə, düşünürdük. Çünki nə qədər qlobal düşünürsən düşün, sən şərqlisən, azərbaycanlısan və torpaq sənin varlığının ayrılmaz bir hissəsidir. Ona görə də düşünürəm ki, hamımız əgər bir şəhidlik yolundan danışırıqsa, elmi bilikləri yüksək olmayan, amma hərbi səriştəsi qaydasında olan və lazımı tapşırıqları yerinə yetirməyi bacaran hər bir kəs bizim üçün önəmlidir. Son şəhidlərimizin içərisində cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri vardı”. (musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.