Əlixan Musayev: Mahmudovun brilliant alverçisi yoxsa dini radikalların lideri?

14-04-2016, 16:22           
Əlixan Musayev: Mahmudovun brilliant alverçisi yoxsa dini radikalların lideri?
Azərbaycanda radikalizm getdikcə güclənir. Bunu dövlət qurumlarının rayon-rayon keçirdikləri seminarlar da təsdiqləyir

Dövlət ölkədə dini radikalizmin gücləndiyini görür və profilaktik tədbirlərlə bunun qarşısını almaq istəyir. Təbii ki, bu tip tədbirlərin müntəzəm keçirilməsi zəruridir, fəqət sabiq MTN şefi Eldar Mahmudov və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov elə bir radikalizm toxumu səpiblər ki, bunu təmizləmək o qədər də asan deyil.

Bir neçə gün öncə Suriyadan daha bir azərbaycanlının ölüm xəbəri gəldi. Artıq neçənci ölü olduğunu itirmişik. O xarabaya gedə bilməyən minlərlə radikal isə içimizdədir. Bu gün İsrail Azərbaycana terror xəbərdarlığı edirsə, heç də təsadüfi deyil.

Lakin illərdən bəri terrorizmlə mübarizə adı altında Eldar Mahmudov terror ağacının budaqlarını budasa da, kökü inkişaf etdirib.

Məsələn, bir neçə gün öncə Azərbaycandakı Əl-Qaidə təfəkkürünü yayan, radikallığına görə, “Əbu Bəkr” məscidindən qovulmuş Əlixan Musayevin Suriyadakı döyüşlərə cihad dediyinə dair səs yazısı yayıldı.

Bu əslində məlumun elanı idi. İllərlə Azərbaycan mətbuatı bu şəxsin radikalların ideoloqlarından biri olduğunu yazırdı. Onun hücrə evləri yaratdığını, məscidlərdən qovulduğu üçün bu evlərdə radikal söhbətlər etdiyi, Özbəkistanda Hizbuttəhrir təlimi gördüyü, körfəz ölkələrinin radikal ərəbləri ilə işlədiyi, yönləndirdiyi insanların Əfqanıstan, İraq, Çeçenistan və Suriyada döyüşdüklərinə dair yüzlərlə məqalə yazılıb.

Azərbaycana qayıtdığı son 15 ildə minlərlə gənci zəhərləyərək, radikallığa sövq etdiyi, məzhəblərarası fitnəkarlıq etdiyinə dair məlumatlar açıq şəkildə yayılsa da, sabiq komitə sədri Elşad İskəndərov bu şəxsi dini ekspert götürdü və qorudu. Bunun nəticəsində əvvəl çox kiçik bir qrup lideri olduğu halda, bu gün o, xəvaric və təkfirçilərin ideoloji lideridir. Onun gizli dərslərini dinləyir, onun tələbələri vasitəsi ilə göndərdiyi mesajlarla hərəkət edən gizli xəvaric ordusunun lideridir.

Elşad İskəndərovla yanaşı o, həm də MTN-dəki cinayətkar qrupun himayəsi altındaydı. Çünki Mahmudovun brilliant biznesində mühim rol oynayırdı.

Əlixan Musayevlə bağlı bu günə qədər səslənən iddiaları bir daha xatırladaq:

– Onun yanlış yönləndirməsi ilə bir sıra məscidlər radikal xəvariclərin oylağına çevrildi. Xalası oğlu Mübariz ilə birlikdə bir sıra məscidləri Suriya üçün səfərbərlik bürosuna çevirdilər.

– İlk dəfə Azərbaycanda gizli “Hizbut Təhrir” (Hizbuttəhrir-Özbəkistan İslam Partiyası) etiqadını yaydı, çünki özü 1992- ci ildə Özbəkistanda “Hizbut Təhrir” düşərgəsində 8 ay təlim görmüşdü.

– Azərbaycanda sələfilər arasına ilk dəfə Hizbullahçılığı və İranpərəstliyi yaydı və İran lobbisinin Türkiyədəki əsas adamı Mustafa İslamoğlunun Bakıdakı əsas təbliğatçılarından biri oldu.

– Əbu Bəkr məsçidində ulu öndər Heydər Əliyevə qiyabi cənazə qılanları dindən dönük adlandırdı. Bu fitnəni Rusiyadakı söhbətlərində illərlə davam etdirdi. Elə onun qovulduğu məsciddə ilk fitnəsi də bu idi.

– Hər il Ramazanın başlaması və bayram namazı məsələsində Azərbaycan müsəlmanlarını bir birinə vurur. QMİ ilə bayram keçirənləri İranın nökərləri adlandırır. Amma sonra and içir ki,o QMİ-nin təqvimi ilə bayram kecirib. Ancaq istər həcc, istərsə də Ramazan məsələsində hər il ixtilafın başında dayanır.

Təəssüf ki, bu gün onun tövsiyyəsi ilə Azərbaycanda “atamız cihadda şəhid olub” tərbiyyəsi ilə böyüyən yeni nəsil yetişir. Ancaq yenə də “biriləri” onu qorumaqdadırlar. Səs yazısı açıq şəkildə ortaya qoydu ki, Ə.Musayevin niyyəti nədir və nə istəyir. Fəqət buna rəğmən hələ də Mahmudovun azadlıqda olan qrupu Suriyada baş verənləri cihad adlandıran bu şəxsi qoruyurlar. Nə üçün? İllah da Azərbaycan Suriya, İraq və ya Yəmənin gününəmi düşməlidir? Şəxsi maraqlar naminə nədən Azərbaycanın poliqon olmasına göz yumulur? Rəsmi olaraq heç bir yerdə işləmədiyi halda milyonlara sahib bu şəxsin maliyyə qaynaqları nə üçün heç bir dövlət qurumunu narahat etmir? Kuveyt və digər körfəz ölkələri ilə qurduğu kirli əlaqələr, Azərbaycanda ayrı-ayrı şirkətlərdən və şəxslərdən topladığı zəkat-sədəqə pulları, qeyri-qanuni almaz-brilliant biznesi dövləti narahat etmir?

Onun “Cihad Suriya xalqı üçün vacib, digərləri üçün fərzi-kifayədir” sözlərinin şifrəsi heç bir quruma maraqlı deyil? “Fərzi-kifayə” cihada getməyin deyil, istəyən gedə bilər deməkdir. Yəni, gizli səs yazısında Suriyada baş verənləri cihad adlandırdığı kimi, açıq bəyanatında da “istəyən getsin” deyir. Ancaq nə sirrdirsə, bu qədər açıq bəyanlardan sonra da Ə.Musayevə “gözün üstə qaşın var” deyən yoxdur. (Azerinfo.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.