Nazirliklərin “tender əməliyyatları” əllərindən çıxır
15-04-2016, 12:58
«Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin yaradılmasının pərdəarxası
Azərbaycan prezidentinin sərəncamı ilə yeni qurum – “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təsis edilib. Sərəncamda göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə sözügedən qurum yaradılır.
Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Sərəncamdan belə aydın olur ki, ASC-nin 51 faiz payı dövlət, 49 faizi isə investorlara açıq olacaq.
Dövlət başçısı Ilham Əliyev digər fərmanla dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydalarını təsdiq edib. Həmin qaydalar əsasında bu ərzaq məhsullarının satın alınması yeni yaradılan ASC tərəfindən həyata keçiriləcək. Indiyədək isə bu işləri hər bir dövlət təşkilatı fərdi olaraq həyata keçirirdi.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov “Bizim Yol”a bildirdi ki, yeni yaradılan ASC təqribən “Aqrolizinq”, “Mellorasiya və Su Təsərrüfatı” ASC kimi səhmdar cəmiyyətdir: “Əslində, bu, sovet vaxtı mövcud olan ”Azərittifaq”ın adının dəyişdirilmiş formasıdır, yəni eyni funksiyanı yerinə yetirmiş bir səhmdar cəmiyyət olacaq. Əsas funksiyası dövlət büdcəsi hesabına istehsalçılardan məhsulun alışı və satışı olacaq. Satış, əsasən, dövlət müəssisələrinə olacaq”.
Ekspertə görə, hökumət bu işləri üzərinə götürməklə sözügedən sahədə çalışanların işinə maneə törədə bilər: “Hazırda yerlərdə tədarüklə məşğul olan çoxlu sayda qurumlar var. Onların özləri müstəqil fəaliyyət göstərir, məhsullarının əsas hissəsini xaricə ixrac edirlər. Yəni əhalidən malı-məhsulu tədarük edir və loqistikası ilə məşğuldur. Bir hissəsi isə məhsullarını daxili bazara çıxarırlar. Hökumət dövlət qurumları, təşkilatlar üçün lazım olan ərzaq məhsullarını tender vasitəsilə alışını təşkil edə bilərdi. Hansı koperativ daha ucuz və keyfiyyətli məhsul təqdim edərsə, o koperativ də tenderdə qalib gələ bilər. Bununla həm də rəqabət mühiti güclənərdi. Ölkədə kifayət qədər kooperativlər var ki, ərzaq tədarükü, satışı, loqistika ilə məşğuldurlar”.
Vahid Məhərrəmov əlavə edib ki, yeni yaradılan qurum yerli məhsullardan istifadə etməzsə, bu, çox absurd olar: “Sərəncamda göstərilir ki, yerli məhsul istehsalının stimullaşdırılması məqsədilə belə bir qurum yaradılıb”.
Beləliklə, əgər Mənzil Inşaatı Dövlət Agentliyinin yaradılması ilə məmurlar tikinti biznesini itirəcəklərsə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması ilə bəzi nazirlər tender əməliyyatlarına əlvida deməli olacaqlar.