Qüdsdə qarşıdurma yeniləndiyi bir vaxt Qəzzədə zorakılıqlar artıb
21-04-2022, 20:51
Cümə axşamı səhər Qəzzədə İsrailin hərbi hava qüvvələri ilə fələstinli militantlar arasında atışma olub, Qüdsün ən həssas müqəddəs məkanında isə yenidən toqquşma baş verib. Bu, keçənilki İsrail-Qəzzə müharibəsinə aparan hadisələrə bənzər eskalasiyanı daha da pisləşdirib.
Qüdsdə İsrail polisi ilə fələstinlilər arasında baş verən iğtişaşlardan qaynaqlanan Qəzza cəbhəsi boyunca zorakılıqlar keçən il baş verən 11 günlük müharibədən bəri ən ağır sərhədlərarası döyüş olaraq görünür və təkrarlanmanın qarşısını almaq səylərinə baxmayaraq, davam edir. Bu həftə Qəzzədən atılan raketlər müharibədən sonra aylarla davam edən sakitliyi pozub.
Fələstinli militantlar çərşənbə günü axşam və cümə axşamı səhər Qəzzə zolağından İsrailə doğru iki raket atıb və İsrail təyyarələri Həmasın idarə etdiyi anklavda yaraqlıların hədəflərini vurub.
İsrail ordusunun bildirdiyinə görə, raketlərdən biri tez-tez hədəf olunan İsrailin cənubundakı Sderot şəhərinə, digəri isə hədəfinə çatmayaraq Qəzzəyə düşüb.
İsrail polisinin bildirdiyinə görə, Əl-Əqsa məscidində gizlənən onlarla maskalı etirazçı cümə axşamı səhər saatlarında qapıları bağlayıb, daş və fişənglər atmağa başlayıb. Polis fələstinliləri məscidə daxil olmadan “iğtişaşları dağıtma vasitələri” ilə dağıtmağa çalışdıqlarını bildirib.
Ərazini idarə edən Vəqf-in fələstinli rəsmisi çox sayda polisin ərazini təmizləmək üçün səsli qumbaralardan istifadə etdiyini bildirib. Onun sözlərinə görə, polis məscidin içərisində gizlənən fələstinlilərə qarşı səsboğucu qumbaralar və rezin güllələr atıb. Məmur hadisəni media ilə müzakirə etmək səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyib.
Fələstin Qızıl Aypara Cəmiyyəti biri ağır olmaqla, 20 nəfərin yaralandığını bildirib.
Oxşar toqquşmalar həftə ərzində davam edib. Daha ağır qarşıdurmalar isə bu ayın əvvəlində baş verib ki, 150-dən çox fələstinli və üç polis məmuru yaralanıb.
Fələstinlilər İsrail polisini müqəddəs məkanda həddindən artıq güc tətbiq etməkdə günahlandırıb və Fələstin sosial mediası İsrail qüvvələrinin silahsız kimi görünən fələstinlilərə, eləcə də qadınlara zorakılıq tətbiq etdiyini göstərən videolarla dolub.
Polis fələstinlilərin zorakılığı qızışdırdığını deyib və gənc fələstinlilərin təhlükəsizlik qüvvələrinə daş və fişəng atdığını göstərən videolarını yayımlayıb. Polis deyir ki, fələstinlilər öz məbədini təhqir edir və başqalarını riskə atırlar.
Əl-Əqsa məscidini idarə edən İordaniya cümə axşamı Qüdsdə regional komitənin "İsrailin qeyri-qanuni siyasət və tədbirləri"ni müzakirə etmək üçün təcili iclas keçirib.
Çərşənbə günü yüzlərlə israilli ultra-millətçi əllərində bayraqlar Qüdsün Köhnə Şəhəri ətrafına, əsasən fələstinlilərin yaşadığı ərazilərə doğru yürüş edib. İsrailin mübahisəli şəhərə nəzarətinin nümayiş etdirən bu yürüş fələstinlilər tərəfindən təxribat kimi qiymətləndirilib.
Keçənilki müharibə oxşar yürüş zamanı özlərini Qüdsün keşikçiləri elan edən Qəzzə militantlarının müqəddəs şəhərə doğru raket zərbələri endirməsindən sonra baş vermişdi.
amerikanınsesi