Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?

27-04-2016, 09:45           
Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?
Metropolitenin sabiq rəisinin bankda 8 milyonu batıb, 3 milyon isə Akif Çovdarov şantaj yolu ilə ondan zorla alıb
Tağı Əhmədov tez-tez ölkə gündəmində olan dövlət məmurlarından olub. Bakı Metropoliteninin rəisi vəzifəsində çalışdığı dönəmdə əsasən jurnalistlərlə “atışmaları” ilə yadda qalıb. Tağı Əhmədov vəzifədən getdikdən sonra yalnız rəsmi tədbirlərdə görünür. Bu zaman isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.

Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri olan Tağı Əhmədov yenə medianın gündəmindən düşmür. Bu dəfə açıqlamaları, jurnalistləri acılaması ilə yox, milyonları ilə. Bugünlərdə mətbuatda yayılan məlumata görə, adı “MTN işi”nin qurbanları sırasında hallanan Tağı Əhmədov MTN-in baş idarə rəisi vəzifəsini tutmuş general Akif Çovdarova 3 milyon manat verib. Bu məbləğin ondan şantaj yolu ilə alındığı bildirilir. Hətta iddia olunur ki, T.Əhmədov yaxın zamanlarda hazırda həbsdə olan A.Çovdarovla üzləşdiriləcək.

Məlumatlara görə, T.Əhmədov A.Çovdarovun təhdid və təzyiqləri qarşısında ona 3 milyon manat verməyə məcbur qalıb. T.Əhmədov hüquq-mühafizə orqanlarına müraciətində bildirib ki, A.Çovdarov onu şantaj edib və həbslə hədələyib. Bütün yaxın qohumlarına, o cümlədən Nizami Rayon Məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib. Yazılanlara görə, Tağı Əhmədov iki oğlu ilə də hədələnib.

Qeyd edək ki, T.Əhmədovun iki oğlundan biri Xətai Rayon Məhkəməsində, digəri Xarici İşlər Nazirliyində işləyir. Mətbuatda dərc olunan yazılarda vurğulanır ki, T.Əhmədov ona olan hədələrdən ehtiyat etdiyi üçün A.Çovdarovun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb.
Onu da əlavə edək ki, T.Əhmədov A.Çovdarovun qurban seçdiyi tək məmur olmayıb. Adları hələ ki açıqlanmayan bir sıra məmurların MTN çetesi tərəfindən şantaj olunduğu yayılan məlumatlar arasındadır.

Qayıdaq T.Əhmədovun digər milyonlarına. A.Çovdarova 3 milyon manat vermək məcburiyyətində qalan T.Əhmədovun bir müddət əvvəl bağlanan “Texnikabank”da 8 milyon manat itirdiyi də məlumdur. Bu barədə fevral ayında “Yeni Müsavat” qəzetində yazı dərc edilmişdi.

İndi həm mətbuatda, həm də cəmiyyətdə sual doğuran məsələ T.Əhmədovda milyonlarının mənbəyidir. Sual edilir ki, bu dəyirmanın suyu hardan gəlir?

Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illər arasında Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Onun hazırkı əmlakının milyonlarla dollar dəyəri olduğu deyilir. T.Əhmədov 16 il ölkənin ən gəlirli sahələrindən birinə rəhbərlik edib. Əsasən də metro keçidlərindəki ticarət obyektləri T.Əhmədov və qohumlarının nəzarətində idi. Mətbuatın dəfələrlə yazdığına görə, T.Əhmədov var-dövlətinin əsas hissəsini metro ticarətindən əldə edib. Bakı Metropoliteninin ticarətdən gələn illik gəliri isə 10 milyon manatlarla ölçülürdü. Bu illər ərzində T.Əhmədov yığdığı sərvəti həm ölkədəki, həm də xaricdəki banklara əmanət olaraq yerləşdirib. Sabiq rəisin Bakıda və Naxçıvanda da bir neçə dəbdəbəli villalarının olduğu bildirilir.

Onu da əlavə edək ki, T.Əhmədov haqqında yazılanlara münasibət bildirməkdən imtina edir. Növbəti dəfə T.Əhmədovla əlaqə saxlamağa, haqqında yazılanlara münasibət öyrənmək istəsək də telefon zənglərimizə cavab vermədi.

Baş Prokurorluğun mətbuat xidməti də T.Əhmədovun A.Çovdarova 3 milyon manat verməsi haqda yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.