Qobu bələdiyyəsi: keçmişdən bu günə dəyişməyən “torpaq oyunu”
Bu gün, 12:00

DogruXeber.az: - Qobu bələdiyyəsinin adı illərdir müxtəlif qalmaqallarla çəkilir. Bir vaxtlar bu quruma rəhbərlik edən Ənvər Əmiraslanov vətəndaşlardan aldadıcı yollarla pul toplamaqla, dövlət torpaqlarını satmaqla və saxta sənədləşmələr aparmaqla ittiham olunmuşdu. Məhkəmənin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edildi. Lakin bütün bu acı təcrübələr sanki yalnız keçmişdə qalmadı, əksinə, bugünkü bələdiyyə idarəçiliyinə də miras qaldı.
İddialara əsasən, hazırda uzun illərdir Qobu bələdiyyəsinə rəhbərlik edən Araz Nəcəfov da müxtəlif yollarla torpaqlar üzərində manipulyasiyalar aparmaqda adı hallanan şəxslərdən biridir. Deyilənə görə, Nəcəfov daha çox yaxın qohumlarının adına torpaq sahələrinin rəsmiləşdirilməsini həyata keçirir. Bu prosesdə müxtəlif “texniki sənədlər” hazırlanaraq əsasən bazar qiyməti yüksək olan torpaq sahələri əvvəlcə qohumların adında qeyd edilir, sonradan isə müxtəlif üsullarla satışa çıxarılır. Bu mexanizm vasitəsilə həm torpaqlar əldən çıxarılır, həm də əlavə qazanc əldə edilir.
Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdən sonra "DogruXeber.az" əməkdaşları qəsəbənin bir neçə ərazisində araşdırma apardı. Aparılan araşdırmalar nəticəsində məhz bu mexanizmlə “satışa çıxarılan” torpaq sahələrinin bir neçəsi aydın şəkildə müəyyən edildi. Daha da maraqlısı odur ki, həmin torpaqları satan şəxslər öz ifadələrində bələdiyyə sədrinin yaxın qohumları olduqlarını etiraf ediblər. Yəni dövlət torpaqları əvvəlcə qohumların adına sənədləşdirilir, sonra da “özgənin malı” kimi bazara çıxarılır.
Əlimizdə bu faktları təsdiqləyən audio-səs yazıları mövcuddur. Bu səs yazılarında vasitəçi şəxslər açıq şəkildə bildirirlər ki, satış prosesi bələdiyyə sədrinin qohumları vasitəsilə həyata keçirilir. Həmin materiallar "DogruXeber.az" tərəfindən artıq bir neçə dövlət qurumuna rəsmi qaydada göndərilib. Çünki söhbət sadəcə vətəndaşların aldadılmasından deyil, dövlət torpaqlarının qanunsuz zəbt olunub satılmasından gedir.
Qəsəbə sakinləri isə bu gün ironik dillə deyirlər: “Qobu bələdiyyəsində torpaq almaq üçün ya qohum olmalısan, ya da qohumların vasitəsinə düşməlisən. Əks halda sənə quru vəd, havada qalan kağız sənəd qalır”. Deyilənə görə, sədrin ailəsinin bu işlərdən qazandığı gəlirlər artıq gündəlik həyat tərzində də özünü göstərir. Son zamanlar oğluna keçirilən dəbdəbəli toy məclisi də məhz bu “torpaq bazarının” dilə düşən nümunəsinə çevrilib.
Bütün bunlar bir daha sübut edir ki, Qobu bələdiyyəsində adlar dəyişir, kresloda əyləşən şəxslər dəyişir, amma torpaq üzərindən qurulan “oyun” dəyişmir. Ənvər Əmiraslanovun cinayətləri məhkəmə hökmü ilə təsdiqləndi, amma görünür ki, onun qoyduğu “ənənə”ni sanki Araz Nəcəfov da davam etdirir. Dövlət torpaqları “ata mülkü” kimi paylanır, qohumların adına sənədləşdirilir, sonra isə satılır. Ən acınacaqlısı odur ki, bu qanunsuzluqların qarşısını almalı olan qurumların bir çoxu ya susur, ya da görməzdən gəlir.
"DogruXeber.az" olaraq bildiririk: Qobu bələdiyyəsi artıq bir qurum yox, bir simvoldur – dövlət əmlakının şəxsi qazanc mənbəyinə çevrilməsinin simvolu. Sədrlər dəyişir, amma oyun dəyişmir.
P.S.S - Qeyd edək ki, araşdırmalarımız nəticəsində müəyyən etdiyimiz ərazilərlə bağlı əlavə faktlar, həmin torpaqların satışında adı hallanan şəxslərin siyahısı və dəqiq ünvanları növbəti yazımızda açıqlanacaq. Əldə etdiyimiz məlumatlara görə, bələdiyyə sədri bu əməlləri ilə həm rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirir, həm də tabə olduğu Ədliyyə Nazirliyindən gizli işlər çevirir. Onu da diqqətə çatdırırıq ki, bələdiyyənin fəaliyyəti artıq dövlət qurumları tərəfindən araşdırılır və hazırda onun işi araşdırmada olan məsələlər sırasındadır. Biz inanırıq ki, bu yazımızdan sonra da adıçəkilən şəxs barəsində daha ciddi qanuni tədbirlər görüləcək. Növbəti yazımızda isə mövzu ilə bağlı daha geniş faktları ictimaiyyətə təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır !