Sonuncu döyüşlərdə əsir götürülən ermənilər:
17-09-2022, 11:26

Sonuncu döyüşlərdə əsir götürülən ermənilər: Onların taleyi necə olacaq?
Sərhəddəki son döyüş əməliyyatlarından sonra sosial şəbəkələrdə erməni hərbçilərinin əsir alınmasına dair paylaşımlar olub. İstifadəçilər əsir almamağı, onların zərərsizləşdirməsinin vacibliyini vurğulayıblar.
Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, əsirlər barədə bu düşüncə yanlışdır:
“Ümumiyyətlə, dünyada müharibələrin aparılma qaydası var. Cenevrə Konvensiyasında əsirlərlə davranmaqla bağlı qaydalar, o cümlədən ölən hərbçilərlə də bağlı konkret müddəalar mövcuddur. Həmin müddəaları pozma onsuz da dünyanın Azərbaycana çox da müsbət olmayan münasibətini daha da pisləşdirəcək.
Sonuncu döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun əsgərləri onlarla əsir götürüb. Onların sayı barədə dəqiq məlumatları yalnız müvafiq hüquq-mühafizə orqanları bilir. Sıravi vətəndaşlara gəlincə, bu qədər həssas və emosional olmamalıyıq. Yəni əsir götürmək yerinə həmin hərbçilərin öldürülməsi, güllələnməsi çox yanlış bir fikirdir. Düşməni əsir götürmək yerinə, kimisə zərərsizləşdirməməliyik”.
Ü.Cəfərov əlavə edib: “Erməni əsirlər indi Bakıdadır, xüsusi xidmət orqanları prosedura uyğun olaraq onları dindirir. Müəyyən müddət sonra da geri qaytarılacaqlar”.