Zəngəzur dağlarının boz qurdu Azərbaycan səngərinə sığınıb - Əlahəzrət FAKT!
19-09-2022, 11:36

Qədim Türk dastanlarına inansaq, bizimlə boz qurdlar arasında könül bağlılığı, qarşılıqlı güvən olub. Elimiz-obamız çətin duruma düşəndə bizim babalarımıza ən çox boz qurdlar kğmək edib. Bəzən bizim qabağımıza düşüb dərin dənizlərin dayaz keçid nöqtələrini göstərib, bəzən min bir hiylə ilə qətlə yerilən qəhrəmanlarımızın övladlarını yağılardan qoruyublar.
Bir çoxlarınız bəlkə bu əsatirlərə inanmaya bilərsiniz. Amma nəzərə alanda ki, Türklərin tarixi köçərilikdən başlayıb, maldar xalqların həqiqətən də qurdlarla yaxın əlaqələrinin olduğunu anlayarıq. Ən azı, o sadiq qurdlara heyvanlarımızı həvalə etmişik və onlar gözlərinin ucuyla belə, bizim mülkiyyətimizə xor baxmayıblar. Nə vermişik onu yeyiblər. Tədricən hətta yala da alışdırmışıq və qurdlar yavaş-yavaş itləşiblər. Bu gün belə, ev heyvanları arasında ən sadiqinin it olduğu şübhə doğurmur.
Görünür, Türk xalqlarından gördükləri bu sayğı qurdların da gen yaddaşına yazılıb. Onlar da çətin vəziyyətə düşəndə məhz bizi axtarır, bizə pənah gətirirlər. İnanmırsınızmı? Bu da sizə fakt: Zəngəzur dağlarının başından yaralanan boz qurdu Azərbaycanın postlarında özünə məlhəm axtarır. Özü də heç nədən çəkinmədən, ürkmədən. Əsgərimiz isə onun barəsində mərhəmətli fikirlər səsləndirir.
Heydər Oğuz
Teref.az