GENERAL ŞİRİNOVUN RÜTBƏSİNİN ALINMASI İSTƏNİLDİ - Prokuror bu şəxslərə ağır cəza tələb etdi (Yenilənib)

29-09-2022, 00:02           
GENERAL ŞİRİNOVUN RÜTBƏSİNİN ALINMASI İSTƏNİLDİ -
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun general rütbəsinin alınması tələb olunur.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxışında Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.

Qeyd edək ki, dövlət ittihamçıs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun 12 il, və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirovun hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı MTN-in keçmiş əməkdaşı Elman Tahirovun isə barəsində olan digər kcinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərin həbs qoyulmuş əmlakları müsadirə olunmalıdır.

Qeyd edək ki, N.Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.

N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), E.Abdullayev, E.Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.