Bakıda tapılmayan yod həyəcanı: - ”Şüanı dağ, təpə, düzənlik udacaq, insanlara...”

13-10-2022, 19:38           
 Bakıda tapılmayan yod həyəcanı: -
Rusiya və Ukrayna arasında müharibə davam edir. Müharibə insan itkiləri, iqtisadi çətinliklə yanaşı, təbiətə və təbiətin bir parçası olan insanların səhhətinə zərər vurur.

Silahlardan havaya buraxılan zərərli maddələr insan sağlamlığına təhlükə törədir. Zərərli maddələrdən qorunmaq üçün müəyyən dərman preparatları istehsal olunub. Yod həbləri də insanı radioaktiv oddan qorumağa kömək edir. Tarixdə müharibələr zamanı bu cür təhlükələrdən qorunmaq üçün yod həblərinin istifadəsinə rast gəlinib. Tərkibi kalium yodiddən ibarət olan yod həblərinin radiasiyadan qorunması ilk dəfə 1954-cü ildə Sakit Okeanda nüvə silahı sınaqlarından sonra aşkar edilib.

Yaranmış təhlükəli vəziyyətdən adalılar təxliyyə olunsalar da, 20 il ərzində adanın böyüklərindən və uşaqlarından çoxunda tiroid xəstəliyi və ya xərçəngin müxtəlif formaları inkişaf edib. Problemi araşdıran həkimlər radioaktiv yodun adalardakı qida və suya girdiyini anlayıblar. Rusiya və Ukrayna arasındakı müharibənin yenidən alovlanması, Rusiyanın daha təhlükəli, xüsusilə nüvə silahından istifadə edə biləcəyi ehtimalı insanları narahat edib. Ölkəmizin apteklərində də son günlər yod həbləri olsa da, yod qıtlığı müşahidə edilib. Səhiyyə Nazirliyi Analaitik Ekspertiza Mərkəzindən bildiriblər ki, son zamanlar apteklərdə müşahidə olunan yod qıtlığı aradan qaldırılır: “Yodun idxalı üçün idxalçı şirkət tərəfindən müraciət sentyabr ayının sonunda qeydə alınıb. Bu, onu deməyə əsas verir ki, yod problemi aradan qalxır”.

Ümumiyyətlə, yodla nüvə silahından, təhlükəli silahların yaratdığı fəsadlardan qorunmaq mümkündür?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan radioloq Aydın Əliyev deyib ki, insanların apteklərdən kütləvi şəkildə yod almasına ehtiyac yoxdur:

“Burada istifadə olunacaq nüvə silahının , yəni ən yaxın radiusda taktiki nüvə silahının təsir dairəsindən söhbət gedir. Taktiki nüvə silahı kiçikçaplı nüvə silahıdır. Təsir dairəsi bir neçə kilometrlə ölçülür, yəni maksimum 10 kilometrlə ölçülür. Nüvə raketinin düşdüyü ərazidə ən yaxın çevrədə bütün canlı və qeyri-canlıları dağıdıcı təsirə malik olur. Ondan sonra zərbə qalınlığı, güclü işığın və radiasiyanın təsiri var. Əgər indi dünyada gedən prosesləri götürsək, Rusiyanın istifadə edəcəyi nüvə silahı strateji yox, taktiki ola bilər. Çünki starteji nüvənin min kilometrlərlə təsir radiusu var. Taktiki nüvə silahının təsir radiusu nisbətən kiçik olduğuna görə bizim ölkəmiz üçün onun o qədər təhlükəsi yoxdur. Söhbət min kilometr məsafədən gedir. Radioaktv şüaların yayılma sürəti bir saniyədə 300 min kilometrdir. Vakuum şəraitdə həm işıq şüası, həm radioaktiv şüalar bir saniyədə 300 min kilometr məsafə qət eləmək gücündədir. Bizdə də xoşbəxtlikdən vakuum şəraiti yoxdur. Məsələn, Ukrayna ilə bizim aramızda hansısa dağ, təpə, meşələr var, tam düzənlik deyil. Bu zaman yayılan şüa sadaladığımız strukturlar tərəfindən udulur, yalnız cüzi olaraq atmosfertin çirklənməsi baş verə bilər. Onlar hansısa hava kütlələrinin axımlıq nəticəsində gəlib müəyyən qədər təsir göstərə bilərlər”.

Ekspert bildirib ki, belə bir təhlükə varsa, dövlət olaraq müəyyən önləyici tədbirlər görülməlidir:

“İnsanlarımızın təşvişə düşməsinə əsas yoxdur. Xüsusən apteklərdən yodu alıb saxlamağa ehtiyac yoxdur”.

Həkim bildirib ki, yodu gündəlik qidalardan almaq daha məqsədəuyğundur:

“İndi xəstələrə yod lazım olur, yod tapa bilmirlər. İzah edirəm ki, radioaktiv nüvə partlayıcı zamanı yod 131 izotopu yaranır. Yod 131 radioaktiv izotopu orqanizm üçün zərərlidir. Bizim istifadə etdiyimiz yod isə yodun 127 izotopudur. Yəni orqanizm müəyyən vaxtlarda yodun 127 və 131 olduğunu seçə bilmir. Səhvən 131-i də mənimsəyir. Qalxanvari vəzidə toplanıb orqanizmə müəyyən qədər zərərli təsir göstərə bilir. Onun da parçalanma dövrü 8 gün çəkir, yəni 8 gün ərzində aktivliyini itirir. Amma apteklərdən yod alıb toplamağa gərək yoxdur. Bütün qida madddələrində yetərli qədər yod var. Xüsusən də dəniz məhsullarında yod var. Şirin suda, çay və göllərdə yox, amma dəniz balıqlarında, dəniz məhsullarında yodun miqdarı yüksəkdir. Tərəvəz məhsullarında, paxlalı bitkilərdə, marketlərdə olan yodlaşdırılmış duzdur ki, bunların tərkibində yetəri qədər yod var, ona görə də həyəcan keçirib yod alıb saxlamaq lazım deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.