İlon Mask yoxsa İlon "MAsk"va? Peyk sahibkarı niyə Putinin əlinə oynayır?
15-10-2022, 15:13

İlon Mask FTB-nin hədəfindədir.
3 oktyabrda İlon Mask Twitter sosial şəbəkəsində dünyada qalmaqala və geniş müzakirələrə səbəb olan paylaşım etdi. Mask Ukraynada gedən proseslərə dair öz vizyonu ilə bölüşdü. O hesab edir ki, müharibənin dayandırılması formulu 4 bənddən ibarət olmalıdır:
-Rusiyanın nəzarətində olan ərazilərdə BMT-nin müşahidəçiliyilə referendumlar keçirilməlidir və yerli əhali hansı ölkənin tərkibində olmasını(Rusiya ya da Ukrayna) özü seçməlidir.
-Krım Rusiyanın tərkibində qalmalıdır.
-Ukrayna Krımı su ilə təmin etməlidir.
-Ukrayna neytral statusunu qorumalıdır(yəni NATO-ya üzv olmamalıdır).
Bu tezisləri irəli sürərək Mask Twitterdə səsvermə keçirib(60 əleyhinə, 40% lehinə səs vermişdi).
Bu günlərdə tanınmış politoloq Yan Bremmer xəbər vermişdi ki, İlon Mask öz paylaşımını etməmişdən qabaq Vladimir Putinlə danışmışdı(Bremmer iddia edir ki, bu barədə ona Maskın özü xəbər vermişdi). Yan Bremmerin verdiyi məlumata əsasən Putin Maska deyib ki, "nəyin bahasına olursa olsun hədəflərinə(işğalın legitimləşdirilməsi) çatacaq"(taktiki nüvə silahının istifadəsinin ehtimalını də xüsusilə qeyd edib).
İlon Mask dərhal bu məlumatı təkzib edərək dedi ki, son dəfə Putinlə 18 ay qabaq danışmışdı və mövzu kosmos idi.
Ehtimal olunur ki, Yan Bremmerin Mask-Putin təmasını sübut edən faktları var idi və bu faktlar artıq FTB-nin əlindədir.
Ümumiyyətlə İlon Mask çoxdandır ki, FTB-nin hədəfindədir.
İqor Kurqanov-İlon Mask. Kurqanov kimdir?
İyul ayında İlon Mask xeyriyyəçilik məsələləri üzrə köməkçisi olan İqor Kurqanovu vəzifəsindən azad edib. İqor Kurqanov tanınmış poker oyunçusudur. Kurqanov poker oyunçularına uduşlarını xeyriyyəçiliyə sərf etmək üçün şirkət təsis etmişdi(Raising for Effective Giving). Daha sonra Kurqanov Maskla tanış olub və Mask onu işə götürüb. Qısa zaman ərzində İqor Kurqanovunun xeyriyyəçilik məqsədilə Maska məxsus olan milyardlarla dollar sərəncamına keçdi.
FTB bu məsələni araşdırmağa başladı və İqor Kurqanovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri üzə çıxdı. FTB bu barədə ciddi xəbərdarlıq etmişdi və İqor Kurqanov vəzifəsindən azad olundu.
Hal-hazırda "Mask Ukrayna üçün Starlinki maliyyələşdirməkdən imtina edir" başlıqlarla xəbərlər yayılır. İlon Mask buna gülməli bəhanələr gətirir(guya ukraynalı diplomat Andrey Melnikin qeyri-etik cavabına görə, Melnik Maska "f*ck off" demişdi), amma CNN-nin açıqladığı sənədlərdə göstərilir ki, Mask hələ keçən ayda Pentaqona müraciət edib ki, Pentaqon Ukrayna üçün Starlinkin maliyyələşdirilməsini öz üzərinə götürsün.
FTB hesab edir ki, İqor Kurqanov Rusiya xüsusi xidmət orqanları tərəfindən Maskın ətrafına yerləşdirilmiş insanların arasında ən yüksək vəzifəyə malik idi, amma o tək deyil idi və FTB bu istiqamətdə işləyir.
İlon Maskın bu demarşı əsla təsadüf deyil və bunu ABŞ dövlətinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirmək olar, ABŞ-da məhz belə də qiymətləndirirlər.
Qeyd etmək yerinə düşər ki, bu günə kimi, nəinki heç bir şəxs, hətta heç bir prezident FTB ilə qarşıdurmada qalib çıxmayıb. Mask da bu baxımdan şanslı görünmür.
Kamran Cəfərov
Teref.az