“Sülhməramlı”ların 1 saylı postu yanında nəzarət-keçid postu qura biləcəyikmi?.. - MÜHÜM OLANI BUDUR...

1-04-2023, 00:02           
“Sülhməramlı”ların 1 saylı postu yanında nəzarət-keçid postu qura biləcəyikmi?.. -
İllərdir deyirik, yazırıq ki, ictimaiyyət, xüsusən də media ucuz sensasiya, yaxud başqa məqsədlər xatirinə ölkəmizin, dövlətimizin siyasi, iqtisadi, hərbi və s. sahədə uğur və nailiyyətlərini nə kiçiltməli, nə də şişirtməlidir, hər şeyi olduğu kimi təqdim və təbliğ etməlidir. Çünki xalq, dövlət, ölkə yalan və şişirtmələr üzərində deyil, real və gerçək göstəricilər əsasında inkişaf edir... Odur ki, hər hansı bir sahədə uğurlarımızın şişirdilməsi, gerçəklərin gizlədilməsi dövlətimizin, ölkəmizin tərəqqisinə yox, tənəzzülünə xidmət edəcək... Burada diktator olsa da, sovet lideri Stalinin məşhur əsəri yada düşür: “Müvəffəqiyyətdən başgicəllənmə”... Ataların da bir sözünü xatırlamamaq olmur: “Arxı hoppanmamış “hop” demə”...

Keçək əsas mətləbə... Bu günlərdə Azərbaycan ordusunun Laçın rayonunda – Ermənistanla sərhədə və məlum “dəhliz”ə yaxın ərazilərdə növbəti uğurlu əməliyyatları keçirilibdir. Ermənistan istiqamətindən yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar hərbçilərimiz heç bir güllə atmadan Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb. Müdafiə Nazirliyi bu haqda rəsmi məlumat yaydıqdan sonra sosial-şəbəkələrdə, eləcə də mediada bir hay-mərəkə qopdu ki... Erməni saytlarında yayılan, guya Azərbaycan ordusunun Xankəndi-Şuşa-Laçın-Gorus yolunun Ermənistanın Dığ(Tex) kəndi ərazisindən keçən hissəsini bağlaması haqda xəbərlərin tərcüməsi də dərc olunduqdan sonra şayiələr yayıldı ki, artıq Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsi qurub... Baş verənlərin mahiyyətinə və sözügedən əraziyə bələd olmayanlar isə bu xəbərə tamamilə əmin oldular...

Bəs gerçəkdə nə baş verib?.. Doğrudur, ordumuz Laçın rayonunun Zabux və Cağazur kəndləri arasındakı hakim yüksəklikləri nəzarətə götürüb. Hərçənd Rusiya “sülhməramlı”ları həmin yüksəkliklərin Azərbaycan tərəfinə təhvil verilməsini 10 noyabr 2020-ci il bəyanatı imzalanandan sonra təmin etməli idi. Çünki əvvəla, Cağazur kəndi “dəhliz”dən kifayət qədər uzaq məsafədə yerləşir. İkincisi də, sovet dövründən bəri bəhs edilən kəndlərin qeyd-şərtsiz Azərbaycan Respublikasının Laçın rayonuna aid olduğunu, Ermənistanla sərhədin həmin ərazidə hansı dərə-təpədən keçməsini də ermənilər də, ruslar da yaxşı bilirdi... Bəndəniz də I Qarabağ savaşında bir aydan çox sözügedən ərazidəki “29-cu”, “30-cu” postlarda könüllü döyüşçü kimi keşik çəkdiyindən gözəl bilir ki, Dığ düzü deyilən məkanın xeyli hissəsi Azərbaycana məxsus olub. Bütün hallarda bu addımımızı növbəti uğur kimi dəyərləndirilməlidir...

Ancaq konkret Laçın yolunun bağlanmasına gəldikdə, hətta ordumuz Dığ kəndi yaxınlığındakı sərhəd ərazidə həmin yolu bağlayıb orada nəzarət-keçid məntəqəsi qurulmasını təmin etsə belə, bu, bir neçə gün, uzaqbaşı bir neçə həftədən sonra öz ciddi əhəmiyyətini itirəcək. Çünki öncədən razılaşmaya əsasən və rəsmi İrəvanın bu günlərdə verdiyi məlumata görə, Qarabağdan Ermənistana gedən alternativ yolun Ermənistana aid hissəsinin çəkilməsi aprelin 1-dək tamamlanmalıdır. Bu isə o deməkdir ki, ermənilər artıq Dığ kəndinin yaxınlığından keçən yolla deyil, qonşu Gorunzur(Kornidzor) kəndi ərazisindən keçən yolla hərəkət edəcəklər. Bu günədək Azərbaycan tərəfi icazə verirdi ki, hayklar Şuşanın Kiçik və Böyük Qaladərəsi və Laçının Qayğı qəsəbəsindən keçən yeni çəkdiyimiz alternativ yolla Həkəri çayı üzərindəki körpüyə çatdıqdan sonra yenidən Zabux kəndi yaxınlığında Azərbaycan ərazisindən keçib Ermənistana daxil olsunlar. Ancaq indi onlar Həkəri çayını və oradakı Rusiya “sülhməramlı”larının 1 saylı postunu keçib birbaşa Ermənistan ərazisinə daxil olacaqlar. Və bu halda ermənilər öz sərhədlərinin həmin hissəsində sərhəd qoşunlarını yerləşdirəcəklər... Odur ki, Azərbaycan dövləti də nəzarət- keçid postunu Dığ kəndi yaxınlığında deyil, Həkəri çayı üzərində, rusların müşahidə-nəzarət postunun yaxınlığında qurmalıdır... Əsas məsələ budur. Və Azərbaycan dövləti, şanlı Azərbaycan ordusu bütün əngəllərə, agentura təxribatlarına və s. rəğmən bu işi görməlidir. İllah da ona görə ki, ölkə başçısı İlham Əliyev Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilən görüşdə "həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır" təklifini rəsmi olaraq irəli sürmüşdü... Biz bunu mümkün qədər tez etməliyik... Baxmayaraq ki, hayk kökənli Lavrov özü də, katibəsi Mariya Zaxarova da deyir ki, Azərbaycan tərəfinin Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurması haqda müzakirələr getmir... Laçın yolunda sərhəd, gömrük və s. nəzarət-keçid postlarının qurulması həm də ona görə vacibdir ki, bu halda haykların həmin yolla silah-sursat, canlı qüvvə və s. daşıması maksimum məhdudlaşacaq. Eyni səbəbdən də bu yaxınlarda ordumuzun daha bir uğurlu əməliyyatla nəzarətə götürdüyü alternativ Xankəndi yolları yaxınlığındakı yüksəkliklərdə əlavə qüvvə yerləşdirilməsinə ciddi ehtiyac olmayacaq...

Xülasə, gəlin, eyforiyaya qapılmayaq və arxı hoppanmamış “hop” deməyək, yoxsa “rəhmətlik” Stalin demiş, uğurlardan başımız gicəllənər və Allah eləməmiş, yıxılarıq... //moderator.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.