Azərbaycanda hansı peyvəndlər istifadə edilir? Peyvənd nədir? 12 izah

5-12-2023, 12:24           
Azərbaycanda hansı peyvəndlər istifadə edilir?
Azərbaycanda qızılca xəstəliyinin yayılması ilə peyvəndlərdən istifadə müzakirə olunur.

BBC Azərbaycancanın sualına cavab verən bəzi valideynlər uşaqlarını peyvənd etdirmənin doğru qərar olduğunu desə də, digərlərinə görə, peyvənd zərərlidir.

Bəs peyvənd nədir? Hansı xəstəliklərə qarşı peyvəndləmə aparılır? Peyvəndlərin yan təsirləri nələrdir? Jurnalist Könül Şahin BBC Azərbaycanca üçün bu və digər suallara cavab tapmağa çalışıb.

1.Peyvənd nədir?

İnfeksiyaya qarşı immuniteti təmin etmək üçün hazırlanmış və orqanizmə müxtəlif üsullarla verilən bioloji məhsullara peyvənd deyilir.
Tibbi ədəbiyyatlar yazır ki, bakteriya və ya virus kimi mikroblar bədənə daxil olduqda, bədənimizdəki hüceyrə və orqanlara hücum edərək çoxalırlar. Bu, infeksiya adlanır.

Bədənimizdəki immunitet sistemi infeksiya ilə mübarizə aparmalıdır.

Peyvəndlər infeksiyanı təqlid edərək immunitetin qurulmasına kömək edir, lakin bu "saxta" infeksiya xəstəliyə səbəb olmur.

Bunun əvəzinə, gerçək infeksiya baş verdikdə immunitet sisteminin eyni reaksiyanı inkişaf etdirməsinə imkan yaradır.

Beləliklə, orqanizm bir mikrobla qarşılaşdıqda, inkişaf etdirdiyi müdafiə sistemindən istifadə edərək onunla mübarizə aparır və insan xəstəliyə tutulmur. Bu insan artıq həmin xəstəliyə qarşı immunitetə malik olmuş olur.

2. Uşaqlarda və körpələrdə peyvəndin əhəmiyyəti nədir?
Uşaqların və körpələrin immuniteti böyüklərə nisbətən zəif olduğundan, bu dövrdə tuta biləcəkləri yoluxucu xəstəliklərin sayı kifayət qədər çoxdur.

Yoluxucu xəstəliklərə görə ölümlər və əlilliklər daha çox uşaqlıqda baş verir.

Mütəxəssislər qeyd edir ki, peyvəndlər təkcə fərdləri xəstəlikdən qorumur, həm də cəmiyyətdə peyvəndlənmə 97 faizdən yuxarı olanda cəmiyyəti həmin xəstəliklərdən qoruyur və buna sürü immuniteti deyilir.

3. Peyvənd təqvimi nədir?

Dünyanın bir çox ölkələrinin öz peyvənd təqvimi var. Körpə peyvənd təqvimi ilə körpənin doğulmasından müəyyən yaşa qədər hansı peyvəndin hansı ayda, hansı yaşda vurulacağı müəyyən edilir.

Sürü immuniteti peyvənd cədvəlinə uyğun olaraq peyvənd edilmiş körpələr və uşaqlar vasitəsilə əldə edilir.

Bununla da, cəmiyyətdə bir çox xəstəliklərin epidemiyaya səbəb olmasının, eyni zamanda uşaq ölümlərinin və əlilliyin qarşısı alınır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş peyvəndləndirmə təqvimini aşağıda görə bilərsiniz.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin profilaktik peyvəndlər təqvimi

4. HepB peyvəndi
Doğumdan sonra ilk 12 saat ərzində körpələrə Hepatit B-yə qarşı HepB peyvəndinin ilk dozası vurulur. Digər üç doza isə körpənin 2-ci, 3-cü və 4-cü aylarında kombinə olunmuş peyvəndlər ilə birlikdə vurulur.

Təxminən 90 faiz qoruma təmin edən hepatit B peyvəndi sayəsində xəstəlikdən qorunmaq və qarşısını almaq mümkündür.

Hepatit – B doğum sırasında anadan körpəyə ötürülür. Buna görə uşaqların sağlamlığı üçün böyüklərin də diqqətli olması vacibdir.

Hepatit B virusu yetkin insanlara bu virusa yoluxmuş şəxsdən qan, açıq yaralar, sperma və ya bədən mayesi vasitəsilə ötürülür.

Yetkinlər üçün Hepatit B peyvəndi adətən yoluxmuş şəxslə təmasdan sonra 24 saat ərzində edilir. Virusa qarşı tam immunitet əldə etmək üçün 6 ay ərzində hepatit B peyvəndinin ikinci dozasını almaq məsləhət görülür.

5.BCG - vərəm əleyhinə peyvənd
BCG peyvəndi uşaq doğulduqdan sonra 12 saat ərzində doğum evində vurulur. Bu peyvənd sol qola dəri daxilinə vurulur.

Vərəm tənəffüs yolu ilə keçən xəstəlikdir. Ətrafda vərəm xəstəsi varsa, qapalı şəraitdə uzun müddət həmin şəxslə vaxt keçirmək yoluxma riskini artırır.

Virus öskürmə və asqırma vasitəsilə ötürülür.

Xəstəliyin 70 faizi ağciyərlərdə baş verir, lakin digər orqanların zədələnməsinə də səbəb ola bilər. Müalicə edilməzsə, ölümlə nəticələnə bilər.

Dərman müalicəsi ilə xəstəliyin əlamətləri aradan qalxsa belə, tam sağalmaq üçün uzun müalicə tələb olunur.

Uşaqlar, QİÇS xəstələri, xərçəng xəstələri, diabet xəstələri, böyrək xəstəlikləri olanlar, alkoqol və tütündən çox istifadə edənlər kimi bədən müqaviməti aşağı olan insanlar digərlərinə nisbətən daha çox risk altındadır.

Xəstəlik iki və ya üç həftədən çox davam edən öskürək, bəlğəmin axması, qan tüpürmək, döş qəfəsində ağrı, nəfəs darlığı kimi simptomlarla baş verir. Xəstəlik qızdırma, zəiflik, yorğunluq, çəki itkisi və iştahsızlıq ilə müşayiət oluna bilər.

BCG peyvəndi vərəm bakteriyasının bədənə daxil olmasına mane olmur, lakin xəstəliyin təhlükəli gedişatına və həyati təhlükəyə çevrilməsinə əngəl olur.

Peyvəndin qoruyucu təsirinin orqanizmdə əmələ gəlməsi 6-12 həftə çəkə bilər.

Bəzi insanlar üçün peyvənd zamanla, bəzən 5-15 il ərzində təsirini itirir.

Körpənin iki aylığından etibarən ona müxtəlif aylarda və yaşlarda hansı peyvəndlərin vurulacağı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilib.

Valideyinlərin Səhiyyə Nazirliyinin müəyyən etdiyi bu qrafikə əsasən peyvəndləndirmə etməsi məsləhət görülür.

Körpəyə göyöksürək, difteriya və tetanusa qarşı GDT, B tipli hemofil infeksiyasına (menengit) qarşı Hib, hepatit B virusuna qarşı HepB, poliomielitə qarşı OPV- IPV, pnevmokok infeksiyasına qarşı Pk, qızılca, parotit və məxmərəyə qarşı QPM peyvəndləri vurulur.

6. QDT peyvəndi

QDT göyöksürək, difteriya ve tetanusa qarşı qarşı vurulan peyvənddir.

Göyöskürək ağciyərlərdə və tənəffüs yollarında baş verən çox yoluxucu bakterial infeksiyadır. Bir çox insanlarda boğulma səsi ilə müşayiət olunan şiddətli öskürək tutması ilə özünü göstərir.

Hazırda göy öskürək yalnız bütün peyvənd dozaları olmayan uşaqlar və zəifləmiş immunitet sistemi olan böyüklərdə müşahidə olunur. Simptomlar şiddətli öskürək və nəfəs darlığıdır.

Difteriya burun və boğaza, bəzən də dəriyə təsir edə bilən yüksək yoluxucu və potensial ölümcül infeksiyadır. Xəstəliyə səbəb olan mikrob bir insandan digərinə asanlıqla keçsə də, difteriya peyvəndi ilə yayılmasının qarşısı asanlıqla alına bilər.

Tetanus - Clostridium tetani adlı bakteriyaların yaratdığı infeksiyadır.

Tetanoz peyvəndlə qarşısı alına bilən digər xəstəliklərdən fərqlidir, çünki insandan insana keçmir. Clostridium tetani oksigensiz bir mühitdə, xüsusilə nəmli və isti torpaqlarda, toz və gübrələrdə illərlə yaşaya bilən, insan və heyvanların həzm sistemlərində də yaşaya bilən bir bakteriyadır.

Bu bakteriyalar paslı iynə, mismar kimi alətlərin yaratdığı yara kəsikləri, torpaq və ya gübrə kimi mühitdəki təbii quruluşdan bədənə daxil olur.

Tetanozun simptomları ümumiyyətlə infeksiya bədənə daxil olduqdan təxminən 7-10 gün sonra aşkara çıxır. Ancaq bu müddət bəzən daha uzun ola bilər. Çənə əzələlərində sərtlik, udma çətinliyi, kürək və ya boyunda spazmlar və sərtlik kimi vəziyyətlər tetanozun ümumi əlamətləridir.

Doğuşdan sonra anada yaranan tetanoz xəstəliyi ana tetanozu, körpədə inkişaf edən tetanoz xəstəliyi isə yeni doğulmuş tetanoz adlanır. Həkimlər hamiləlik dövründə tetanus peyvəndi almağın ananı ana tetanozundan, körpəni isə yeni doğulmuş tetanozdan qoruduğunu qeyd edirlər.
7. Hib peyvəndi
Hib peyvəndi Haemophilus influenzae tip B (Hib) bakteriyalarının yaratdığı Hib xəstəliyinə qarşı vurulur. Bu xəstəliyin ən çox yayılmış forması meningitdir.

Beş yaşdan kiçik uşaqlar və körpələr ən çox risk altında olan qruplardır.

Xəstəlik ömürlük əlilliyə səbəb ola bilər və ölümcül ola bilər.

Hib bakteriyaları yoluxmuş şəxsin öskürməsi və ya asqırması ilə yayılır.

Adətən, Hib bakteriyaları insanın burnunda və boğazında qalır və xəstəlik törətmir. Ancaq bakteriya ağciyərlərə və ya qana keçərsə, xəstəliyin ciddi nəticələri olur.

Həkimlər Hib xəstəliyindən qorunmağın əsas yolunun peyvənd olmaq olduğunu qeyd edirlər.

8. OPV və IPV peyvəndi
OPV və IPV-poliomielit (polio) xəstəliyinin qarşısını almaq üçün istifadə olunan vaksinlərdir. İki növü istifadə olunur: inyeksiya ilə verilən təsirsizləşdirilmiş poliovirus (IPV) və ağız vasitəsilə qəbul edilən zəifləndirilmiş poliovirus (OPV).

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün uşaqlara poliomielit əleyhinə tam peyvənd edilməsini tövsiyə edir. İki peyvənd dünyanın əksər hissəsində poliomielit xəstəliyini aradan qaldırdı.

Poliovirus çox yoluxucu bir xəstəlikdir. Virus yoluxmuş şəxsin nəcisi, asqırma və ya öskürək zamanı buraxılan damcılarla keçir.

Yoluxmuş şəxs adətən simptomlar inkişaf etməzdən əvvəl və 1-2 həftə sonra virusu başqalarına ötürə bilər. Xəstəlik ömür boyu bədənin hissələrini hərəkət etdirə bilməməsinə səbəb ola bilər və ölümcül ola bilər.

9. Pk peyvəndi

Pk-pnevmokok infeksiyasına qarşı peyvənd uşaqları pnevmokok bakteriyasının səbəb oluğu xəstəliklərə qarşı qoruyur.

Pnevmokok xəstəliklərinə səbəb olan pnevmokok bakteriyaları boğazında bu bakteriya olan insanların öskürməsi və ya asqırması ilə yayılır.

Pnevmokok bakteriyalarının törətdiyi xəstəliklərden Otit (qulaq infeksiyası) və sinüzit yüngül xəstəliklər sayılsa da bakteriya, pnevmoniya, meningit (beyni və onurğa beynini əhatə edən membranın iltihabı) və qan zəhərlənməsi kimi çox təhlükəli xəstəliklərə də səbəb olur.

10. QPM peyvəndi

QPM - qızılca, parotit və məxmərəyə qarşı vurulan peyvənddir.

Qızılca hər yaşda müşahidə oluna bilən yoluxucu xəstəlikdir, daha çox uşaqlarda rast gəlinir. Qızılcaya qızılca virusu səbəb olur.

Epidemik parotit - parotit virusunun yaratdığı yoluxucu xəstəlikdir.

Simptomlara yüngül qızdırma, tüpürcək vəzlərinin və limfa düyünlərinin şişməsi, baş ağrısı, əzələ ağrısı, yorğunluq və iştahsızlıq daxildir.

Təxminən yoluxanların 30 faizi heç bir əlamət göstərmir. Ancaq heç bir əlaməti olmayan insanlar da virusu ətraflarına yayaraq, digər insanların xəstələnməsinə səbəb olurlar.

Virus olan insanlar öskürdükdə, asqırdıqda və ya ağızdan, burundan gələn tüpürcək damcıları və ya söhbət əsnasında havaya qarışdıqda virusu başqa insanlara ötürür və bu viruslar da asanlıqla insana keçə bilir.

Məxmərək, məxmərək virusunun səbəb olduğu uşaqlarda tez-tez baş verən yüngül bir infeksiyadır. İnsanlar onun yeganə məlum mənbədir.

Məxmərəkdə səpgi, yüngül qızdırma, boğaz ağrısı, limfa düyünlərinin şişməsi və burun axması baş verə bilər.

11. Peyvəndlərin yan təsirləri hansılardır?
Peyvənddən sonra yaranan arzuolunmaz təsirlər ümumi yüngül yan təsirlər və çox nadir ciddi yan təsirlər kimi təsnif edilə bilər.

Bütün peyvəndlərdən sonra inyeksiya (iynə) yerində ağrı, şişlik və qızartı müxtəlif nisbətlərdə (5-60 faiz) müşahidə oluna bilər. Bu reaksiya, xüsusilə tetanus peyvəndinin təkrar dozaları ilə daha tez-tez müşahidə olunur.

Simptomlar adətən 24-48 saat ərzində öz-özünə yox olur.

QPM- qızılca, parotit və məxmərək peyvəndindən sonra 2-5 faiz, adətən peyvənddən 7-10 gün sonra başlayan və təxminən 2 gün davam edən səpmə görülə bilər.

Qızdırma, baş ağrısı, əzələ ağrısı və iştahsızlıq peyvənddən sonra görünə bilən sistemik simptomlardır. Müxtəlif peyvəndlərdə fərqli nisbətlərdə müşahidə olunur.

Məsələn, oral poliomielit peyvəndi (OPV) sonrasında bir faizdən az görülərkən, kombine peyvənddən sonra 20-40 faiz arasında dəyişən bir tezliklə görülür. Bu simptomlar da 48-72 saat ərzində öz-özünə yox olur.

BCG- vərəm əleyhinə peyvənddən sonra limfa düyünlərinin infeksiyası (bir milyon vaksin dozasına 100-1000 hal), BCG peyvəndi ilə əlaqədar sümük infeksiyası (bir milyon peyvənd dozasına 1-700 hal) və peyvənddəki bakteriyaların yaratdığı yayılmış infeksiya (bir milyon peyvənd üçün iki hal) bildirilmişdir.

Mütəxəsislər bu simptomların öz özünə keçdiyini və bu xəstələrdə uzun müddətdə beyin inkişafına təsir edən heç bir problem nümayiş etdirilmədiyini qeyd edirlər.

Körpələrdə difteriya-göyöskürək-tetanus peyvəndindən sonra uzun müddətli ağlama (bir milyon peyvənd dozasına 0-4800 hadisə bildirilmişdir), qıcolmalar (bir milyon peyvənd dozasına 0-290 hadisə bildirilmişdir), solğunluq baş verə bilər.

QPM peyvəndindən sonra trombositopeniya (qanaxmanı dayandıran qan hüceyrələrinin azalması) baş verə bilər. Bu xoşxassəli kursa malikdir və öz-özünə keçir (bir milyon vaksin dozasına 33 hadisə bildirilmişdir).

Birdən çox yan təsir eyni vaxtda baş verərsə, həkimlə məsləhətləşmək vacibdir.

12. Peyvəndlər autizmə səbəb olurmu?
Autizm sosial bacarıqlar, təkrarlanan davranışlar, nitq və şifahi olmayan ünsiyyətdə çətinliklərlə xarakterizə olunan nevroloji və inkişaf pozğunluğudur.

Autizm hər yaşda aşkarlana bilsə də, simptomlar daha çox həyatın ilk 3 ilində özünü göstərdiyi üçün inkişaf pozğunluğu hesab edilir.

Peyvəndlərin uşaqlarda autizmə səbəb olması ilə bağlı internetdə müxtəlif yazılara rast gələ bilərik.

Bu miflər əsasən QPM peyvəndi ilə bağlı geniş şəkildə yayılmışdır.

Bir çox səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF kimi təşkilatların apardığı tədqiqatlar autizmlə uşaqlara vurulan peyvəndlər arasında əlaqə tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı bir çox bəyanatında QPM peyvəndinin autizmlə əlaqəli olmadığını vurğulayıb.

UNICEF-in dərc etdiyi məqalədə epidemioloq Senad Begic qeyd edir ki, müasir elm hələ autizmin səbəblərini hərtərəfli izah etməyib, halbuki son onilliklərdə dünyada aparılan bütün etibarlı elmi araşdırmalar vaksinlərin bu inkişaf pozğunluğu ilə qətiyyən heç bir əlaqəsi olmadığını aydın və birmənalı şəkildə göstərir.

O, xatırladır ki, Danimarka “Statens Serum İnstitutu”nun 2020-də dərc etdiyi araşdırma bu mövzu ilə bağlı elmi həqiqəti bir daha təsdiqləyib.

Bu yazıda Ümümdünya Səhiyyə Təşkilatı, Unicef, Azərbaycan və Türkiyə Səhiyyə Nazirliklərinə aid mənbələrdən istifadə olunmuşdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.