“Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” mükafatlarının ləğvinin səbəbi
5-08-2016, 11:04
Etibar Əliyev: “Bu proses müəllimlər və məktəblər arasında rəqabət mühiti formalaşdırmırdı”
Prezident İlham Əliyev “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Sərəncamda qeyd olunub ki, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları” üçün dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilsin.
Bir çoxları bu mükafatların ləğv edilməsini düzgün hesab etmir. Onların fikrincə, məktəblər və müəllimlər arasındakı rəqabət aradan qalxacaq ki, bu da təhsilin səviyyəsinə o qədər də yaxşı təsir etməyəcək. Ancaq bunun əksini düşünənlər də var.
Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev “Yeni Müsavat” qəzetinə hələ bir neçə gün öncə bununla bağlı maraqlı fikir söyləmişdi: “Hər tədris ilində ”ilin yaxşı müəllimləri" və “yaxşı məktəbləri” seçilib, pulla mükafatlandırılır. Lakin motivasiya aşağı düşür".
Məlum sərəncamdan sonra E.Əliyevlə bir daha danışdıq. Ekspert həmin fikrində qaldığını və bunun düzgün bir qərar olduğunu bildirdi: “Fikrimcə, prezidentin bu sərəncamı təhsillə bağlı imzalanmış digər sərəncamlar kimi mühüm əhəmiyyət kəsb edir. Bu sərəncam təhsildə inkişafa və innovasiyaların tətbiqinə şərait yaradacaq. ”Ən yaxşı ümumi təhsil müəssisəsi" və "ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" sərəncam yalnız orta təhsili əhatə edirdi. Müşahidələrimiz onu göstərir ki, bu proses müəllimlər və məktəblər arasında rəqabət mühiti formalaşdırmırdı. 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisinə 10.000 manat məbləğində, 100 ən yaxşı müəllimin hər birinə 5.000 manat məbləğində birdəfəlik mükafatlar verilib. Göründüyü kimi, artıq xeyli sayda yaxşı məktəb və yaxşı müəllim müəyyənləşdirilib. “Yaxşı məktəblər” və “yaxşı müəllimlər” öz yollarını davam etdirməlidirlər".
Təhsil eksperti təhsil sisteminin inkişafı üçün qrant layihələrə böyük ehtiyac olduğunu dedi: “Azərbaycan təhsil sisteminin inkişafı və innovasiyaların tətbiqi üçün qrant layihələrinə böyük ehtiyac var. Lakin maliyyə çatışmazlığı ucbatından son illər qrant müasabiqələrinin sayı azalıb və elan edilən layihələr kiçik qrantlar adı ilə gerçəkləşdirilib. Təcrübə göstərir ki, qrant layihələri vətəndaş cəmiyyətinin güclənməsi üçün mühüm vasitədir. Məktəblərin, müəllimlərin, universitetlərin qrant layihələrində iştirakı vacib məsələlərdən biridir. Bunun özü rəqabət mühitinin formalaşması üçün əhəmiyyətlidir. Sərəncamda həmçinin vəsaitlərin verilmə prosedurlarının, monitorinqin aparılmasının, hesabat və qiymətləndirmə üzrə tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bütün bunlar qrant vəsaitlərinin səmərəli xərclənməsinə yönəlik tədbirlərdir.
Qeyd edim ki, sərəncamdan öncə Təhsil Nazirliyinin elan etdiyi qrant layihələrində layihələrin qiymətləndirilməsi və şəffaflığın təmin olunması üçün xeyli işlər görülüb. Sərəncamdan irəli gələn məsələlərin həlli həm də qrant layihələrinin səmərəli işlənməsi üçün sistemli fəaliyyət formalaşdıracaq. Sərəncam qeyri-hökumət təşkilatlarının, təhsil ekspertlərinin, təhsil sahəsində yazarların, təhsil müəssisələrinin qrant layihələrində iştirakına yeni üfüqlər açır”.