SOCAR-a qarşı qara piar və ya Əli Kərimli nə istəyir? - TƏHLİL

5-08-2016, 20:56           
SOCAR-a qarşı qara piar və ya Əli Kərimli nə istəyir? - TƏHLİL
SOCAR Azərbaycanın ən böyük şirkətidir. Ölkə büdcəsinin az qala 2/3 hissəsi neftin hesabına formalaşır. SOCAR həm də Azərbaycanın yox, bütün regionun əsas isqtisadi güclərindən birinə çevrilib və hər ötən gün daha da böyüməkdə davam edir.

SOCAR-ın bir dövlət şirkəti olması isə həm də dövlətimizin güclənməsinə, onun maraqlarının ölkə xaricində də qorunmasına xidmət edir, iqtisadi müstəqilliyinin qarantına çevrilir.

Buna görə də bir çox hallarda SOCAR-a münasibət hakimiyyətə yox, dövlətə münasibətdir. Bu vurğunu elə-belə səsləndirmədik. Son günlər Türkiyədə baş verən hadisələr fonunda bu məqam xüsusi əhəmiyyət kəsb edir.

Fətullah Gülən və tərəfdarlarının cevriliş cəhdindən sonra Türkiyədə aparılan istintaq tədbirlərinin yüz mindən artıq vətəndaşı əhatə etməsi də prosesin miqyasını göstərir.

Türk dövlətinin, özəl sektorunun və mediasının demək olar ki, bütün qollarını əhatə edən bu araşdırma bizim ölkədə də həssaslıqla izlənilir. Bu heç də istintaqa cəlb edilən və ya həbs edilən hər kəsin cinayətkar olduğu anlamına gəlmir, artıq minlərlə şəxsin bəraət alması da bunu göstərir. Amma Türk dövləti onilliklər boyunca şəbəkələşərək bütün sektorlara gizli şəkildə sızmağı bacaran FETO-çuların üzə çıxarılması və problemin əsaslı həlli üçün bu cür ciddi və genişmiqyaslı araşdırmaları həyata keçirmək məcburiyyətindədir. Xalq da, media da, hətta müxalifət qüvvələri də bu məsələdə həmrəydir. Çünki hər kəs problemin ciddiliyini anlayır. Amma təəssüf ki, Azərbaycanda bu məsələyə şəxsi ambisiyalarına görə ciddi yanaşmayanlar da tapılır. Xüsusən də özünü radikal müxalifət lideri adlandıran Əli Kərimli timsalında...

Bu barədə yazımızın davamında bəhs edəcəyik...


Hədəf SOCAR deyil... SOCAR hədəfdir...

Bəlli olduğu kimi, Türkiyədə qeyd etdiyimiz istintaq tədbirlərinə SOCAR-ın Türkiyədəki törəmə qurumlarında çalışan və ya əvəllər çalışmış bəzi Türkiyə vətəndaşları da cəlb edilib. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak rəsmi açıqlama verərək, "Petkim"də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərin SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyini bildirib. Öz növbəsində Türkiyə prezidenti Ərdoğan da SOCAR-ı və Türkiyədəki fəaliyyətini tam dəstəklədiyini bəyan edib. Göründüyü kimi, mövqe yetərincə aydın və dəqiq ifadə olunub!

Birincisi, istintaqa cəlb edilənlər Türkiyə vətəndaşlarıdır. SOCAR kimi böyük şirkətlər bir xarici ölkədə fəaliyyətə başlayırsa və ya "Petkim" kimi bir şirkətin əsaslı hisssəsini satın alırsa, orada çalışacaq kadrların böyük hissəsinin yerli vətəndaşlardan təşkil edilməsi normal haldır. Təkcə "Petkim" Türkiyənin 500 ən böyük sənaye müəssisəsi içində 16-cı yerdədir. Belə böyük müəssisədə çalışan bütün türk vətəndaşlarının hara bağlı olduğunu ayırd etmək çətin məsələdir. Türkiyə dövlətinin onilliklər boyu kimin-kim olması istiqamətində yekdil bir qənaəti olmadığı halda və yalnız indi bu suala cavab tapmaq üçün hərəkətə keçdiyini nəzərə alsaq, cəmi bir neçə ildir burada fəaliyyətə başlayan SOCAR-ın bunu qısa müddətdə edə biləcəyi ağlabatan deyil. Bunu Ərdoğan da, höküməti də gözəl anlayır və ona görə də, məsələnin SOCAR-la bağlı olmadığını açıq mətnlə ifadə edirlər.

İkincisi, SOCAR bu istiqamətdə təmizləmə əməliyyatlarına bəzilərinin iddia etdiyi kimi 15 iyuldan sonra yox, hələ 3 ay əvvəldən start verib. Bu təmizləmələr bu günə qədər də davam edir və ümumilikdə onlarla şəxsi əhatə edib. “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin mətbuata bildirdiyinə görə, “Petkim Petrokimya Holding A.Ş.”-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub. “SOCAR Türkiye”nin isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verilib. Artıq törəmə şirkətlərdə əsas açar kadrların azərbaycanlı mütəxəssislərlə əvəz olunduğu da diqqətdən yayınmır.

Üçüncüsü, Azərbaycan və Türkiyə təkcə sözdə qardaş dövlətlər deyil, iki dövlət ən yuxarı səviyyədə bütün sahələrdə ciddi məsləhətləşmələr və məlumat mübadiləsi aparır. Türkiyə hökümətinin bu gün istintaqa cəlb edilən şəxslərlə bağlı öncədən hər hansı aydın qənaətləri olsaydı, çoxdan Azərbaycan tərəfinə bu barədə bilgi verər və bir dövlət qurumu olaraq SOCAR da lazım olan addımları atardı.

Dördüncüsü, yuxarıda qeyd etdiyimiz kimi SOCAR regionun əsas itiqsadi güc mərkəzlərindən biridir və artıq Avropada da özündən söz etdirməkdədir. Bəhs etdiyimiz coğrafiyanın enerji sektorunda isə amansız rəqabət gedir. Burada enerji mövzusu artıq siyasətin əsas təzyiq amilinə çevrilib. SOCAR-ın artıq Avropaya ayaq açması və ciddi iddialar ortaya qoyması rəqib şirkət və ölkələri rahatsız edir. Məsələn, SOCAR 2013-cü ildə Yunanıstanda DESFA şirkətinin səhmlərinin üçdə ikisini 400 milyon avroya almaq barədə sövdələşmə bağlasa da, hakimiyyətə gələn yunan solçular müxtəlif bəhanələrlə sazişi təsdiqləməqdən yayınırlar. Küləyin şimal tərəfdən əsdiyi isə heç kimdə şübhə doğurmur. Şimal "dostlar"ımızın təkcə Avropada deyil, Azərbaycanda da bir çox qüvvələrlə sıx bağları var və SOCAR-ın nüfuzunun zədələnməsi istiqamətində dəridən-qabıqdan çıxırlar. Şüurlu, ya şüursuz, bəziləri də də bu axına qoşulur.


Bəs Əli Kərimli nə istəyir?

Son günlər AXCP sədri Əli Kərimli və rəhbəri olduğu "Azadlıq" qəzeti gündə 3 dəfə olmaqla, SOCAR-ı hədəfə alan yazılar, statuslar tirajlayır. Ötən ayın 15-dən bəri "Azadlıq" qəzeti bu mövzuda 10-larla yazı dərc edib. Həm də necə! Bu yazılarda heç bir məsuliyyət hissi duymadan SOCAR-a və qurumun prezidenti Rövnəq Abdullayevə qarşı ağır ittihamlar irəli sürülür, qurumu az qala terroru dəstəkləməkdə suçlayırlar.

Maraqlıdır ki, özünü radikal müxalifət adlandıran partiyanın qəzetində bu müddət ərzində ölkədə Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumla bağlı dərc edilən yazılar SOCAR-a həsr edilən yazılardan 5 dəfə azdır!

Təkcə bu fakt göstərir ki, Əli Kərimlinin bu mövzuda can-fəşanlığı səbəbsiz deyil və hansısa şəxsi ambisiyaları, istəkləri var.

Bu yazıların bir çoxunu incələdikdə isə məlum olur ki, əksər yazılar bir neçə cümləsi və ya başlığı dəyişdirilərək, təkrar-təkrar dərc edilir.

Bir çox hallarda isə ümumiyyətlə Əli Kərimliyə xas şəkildə məntiqsizlik açıq-aydın diqqət çəkir.

Məsələn, Qafqaz Universiteti ilə bağlı ilkin xəbər yayıldıqdan sonra Əli Kərimli "Facebook" səhifəsində yazır: "Qafqaz Universitetini bağlamaq, həm də bu şəkildə bağlamaq bütövlükdə dövlətin devalvasiyasıdır ... Hətta kimlərsə cinayət törədibsə, niyə şəxsən o yox, böyük bir universitetin müəllimləri, çoxminli tələbə kollektivi, nəhayət Azərbaycan təhsil sistemi bədəl ödəməlidir?"

Amma elə həmin gün SOCAR Qafqaz Universitetinin təsisçiliyini üzərinə götürdü, Gülənə bağlı rəhbərlik yola salındı, böyük bir universitet bağlanmaq əvəzinə Azərbaycan təhsili üçün qazanıldı və ... "Azadlıq" qəzeti SOCAR-ı Fətullah Gülənə sponsorluq etməkdə suçlayır. Məntiqlə Əli Kərimli öz statusunda dilə gətirdiyi arzusunu reallaşdıran SOCAR-ı təqdir etməliydi.

Amma Əli Kərimli həmişə olduğu kimi yenə öz oyununu oynayır, nə və nə qədər istədiyini yaxşı bilir. Ətrafı bilməsə də...

Bilirlərsə, son 20 gündə "Azadlıq" qəzetində SOCAR-ın aparıcı mövzuya çevrilməsinə, aramsız qara-piar kampaniyası aparılmasına bir izahları var yəqin... Dia/az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.