Bəşər Əsədə və İrana “sürpriz”:”Biganə” İsrailin Suriya böhranına müdaxiləsi nə vəd edir? – TƏHLİL

7-08-2016, 18:46           
Bəşər Əsədə və İrana “sürpriz”:”Biganə” İsrailin Suriya böhranına müdaxiləsi nə vəd edir? – TƏHLİL
Siyasi üfüqdə Suriya münaqişəsinin ilğımlı tənzimlənməsinin göründüyü hazırkı dönəmdə İsrailin Livana təcavüz edəcəyi gözlənilməkdədir. İndinin özündə İsrail ordusu tez-tez Suriya ərazisinə müdaxilə edərək hərbi konvoylara aviazərbələr endirir. Bu hücumların çoxu Bəşər Əsədlə tərəfdaşlıq edən “Hizbullah”a qarşı yönəlib.

Sirr deyil ki, “ərəb baharı”ndan “ərəb qışı”na çevrilmiş bölgə ölkələrinin gərgin durumuna hamıdan çox sevinən İsraildir. Suriya, Yəmən və Liviyanın daxili münaqişələrlə boğulduğu, digər ölkələrdə də iqtidarların radikal yönümlü müxalifətlə ara verməyən mübarizəsi İsrailin varlığını gücləndirir.

Yaxın Şərqdə İsrailə müqavimət göstərəcək yeganə yaxın hərbi güc Livandakı “Hizbullah”dır. Bu siyasi-hərbi qurumun İran və Suriya ilə bağlılığı danılmazdır. İrandan İraqa, oradan da Suriyaya və son coğrafi məkan olan Livana uzanan xəttin İsrailə təhdid olduğunu düşünərək tezliklə onun aktiv həmlələrə keçəcəyi gözlənilir. Hələ ki İsrail rəsmiləri Colan təpələrindəki mövqelərinə arxalanaraq kəskin addımlar atmırlar. Lakin B.Əsədə sadiq ordu qüvvələri “mülayim müxalifətçiləri” və İŞİD-i sıxışdırdıqca Netanyahu hökuməti gələcəyə dair ssenariləri bir-bir nəzərdən keçirir.

Artıq indidən düşünülən budur: rəsmi Dəməşqin Rusiya, İran və “Hizbullah”ın dəstəyi ilə Suriyada nəzarəti tam ələ aldığı təqdirdə, necə hərəkət etməli? İraqda İŞİD artıq tam təmizlənmək üzrədir və “xilafət”in yalnız Suriya ərazisində qalan tikəsini terrorçulardan təmizləmək üçün qısa müddət lazım gələcək. Əlbəttə, bölgədə sabit duruma yetişmədə xarici siyasi aktyorların necə hərəkət edəcəyi də çox vacibdir. Mövcud mənzərə isə çox qarışıqdır və sonrakı gedişləri proqnozlaşdırmaqda çətinliklər var.

Xarici siyasi aktyorların biri olan Türkiyə hərbi çevriliş cəhdi və “FETÖ” problemlərinin çözümü ilə məşğuldur. Bu arada İsraillə də münasibətlərin normallaşdırılmasına səylər göstərilir. “Əsəd mütləq getməlidir” deyə Suriya siyasətində dəyişiklik etməmiş rəsmi Ankaranın bu ölkə ilə bağlı iddialı və inadkar olacağı düşünülmür. Əvvəla, daxili problemlər, ilk növbədə, hərbi çevriliş təhlükəsinin tam uzaqlaşdırılmaması, ikincisi, Rusiya ilə nəyin bahasına olursa-olsun barışmaq cəhdi Türkiyəni Suriya probleminin tənzimlənməsində aktiv iştirakdan kənarda saxlayır. Ya da rəsmi Ankara öz siyasətini Rusiya və İranla uzlaşdırmaq məcburiyyətində qalacaq. Suriyada münaqişənin həllində ABŞ-la müttəfiqlik məsələsində də ciddi uyğunsuzluqlar meydana gələ bilər. Doğrudur, Ağ Evin özü rəsmi Ankaradansa Kremllə əməkdaşlığı daha üstün tutur.

Avropa Birliyi üzvü olan dövlətlərə bu meydanda ikinci, hətta üçüncü dərəcəli rollar verilib.

Aktiv oyunçulardan biri olan İranın ABŞ-la hər hansı razılığa gələ bilməsi də dumanlı görünür. “5+1” görüşlərinin hələ ki İrana real faydası dəyməyib. Həm də Konqresdəki yəhudi lobbiçi qrupların Suriya ilə bağlı Tehran-Vaşinqton əlaqələrinə imkan verəcəyi düşünülmür. Ola bilsin ki, məhz Kreml İranın şərtlərini Ağ Evə çatdırmaqda vasitəçi olsun.

Bu mənada ən maraqlı olan Rusiya-İsrail əməkdaşlığıdır. Suriyadakı rus hərbi varlığına baxmayaraq, Kreml İsrailin Suriyaya aviabasqınlarına barmaqarası baxır. Əksərən “Hizbullah”ı hədəfə alan bu zərbələrin sükutla qarşılanması Kremllə hansısa gizli anlaşma barədə şübhələr yaradır.

Digər maraqlı bir məqam hazırda İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tam buzlaşmasıdır. Ərəb Dövlətləri Liqası rəsmi Ər-Riyadın təzyiqi ilə “Hizbullah”ı terrorçu təşkilat kimi tanıyıb. Bundan başqa, İsrail-Səudiyyə Ərəbistanı münasibətləri açıq mübadilə müstəviyə çıxıb. Bu yaxınlarda krallıq nümayəndə heyətinin İsrailə səfəri isə Səudiyyə Ərəbistanının da artıq sabiq Misir prezidenti Ənvər Sadatın siyasətini yürütməyə başladığına işarə sayıla bilər. Bu ehtimallara nəzərən İsrailin Livana müdaxilə edəcəyinə gümanlar artır. Müdaxilə üçün dəlil tapılmasa belə, təşviq və dəstək sarıdan korluq olmayacaq.



M.Rzasoy

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.