Orduda kimlər nə qədər pul mənimsəyib? - ŞOK RƏQƏMLƏR

10-06-2024, 19:13           
Orduda kimlər nə qədər pul mənimsəyib? - ŞOK RƏQƏMLƏR
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda bu iş üzrə həbsdə olan, hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Vahid Novruzlu dindirilib.

Qeyd edilib ki, Vahid Novruzlunun barəsində Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə cinayət işi üzrə ayrıca istintaq aparılır.

Vahid Novruzlu qeyd edib ki, maliyyə xidmətinin rəisi olduğu hərbi hissə 2020-ci ilin dekabrın 31-ə kimi Şəmkir korpusuna tabe olub, 2021-ci ildən hərbi hissə Müdafiə Nazirliyinin maliyyə idarəsi ilə birbaşa işləyib.

Sabiq maliyyə xidmət rəisinin sözlərinə görə, 2020-ci ilin dekabrına kimi korpusa tabe olduğu dövrdə korpusun maliyyə xidmət rəisi nə tapşırıbsa, onu da icra edib.

Vahid Novruzlu bildirib ki, Maliyyə Nazirliyinin müfəttişlərinin hərbi hissədə apardıqları yoxlamalarla 848 min manat ziyan müəyyən edilib: “Lakin nağd ödənişlər nəzərə alınmadı. Bunlar ezamiyyət və səhra çıxış pulları idi. Nağd ödənişlər barədə Maliyyə Nazirliyinin nümayəndələrinə sənədlər təqdim etdim. Amma həmin məbləğləri ümumi məbləğdən silmədilər. Bu məbləğ təxminən 40-50 min manat arasıdır”.

Bildirib ki, Hərbi Hospitalın maliyyə xidmətinin rəisi olduğu üçün onun hesabında büdcədən kənar vəsaitlər də olub: “Həmin pulları göstərilən istiqamət üzrə xərcləməmişəm. Amma yeyinti də etməmişəm”.

Şahid qeyd edib ki, 2020-ci il ərzində ona çatan vəsait 30 faiz olub. V. Novruzlunun sözlərinə görə, ümumilikdə ona çatan məbləğ 610 min 538 manat olub, ondan da 104 min 300 manat ödəniş edib: “Qalan məbləği ödəməyə hazıram. Mən vaxt istədim ki, ödəniş edim. Amma həbs edildim. Həbs edilməyimin əsas səbəbi ölkəni icazəsiz tərk etməyim olub”.

Şahid daha sonra qeyd edib ki, onun ancaq korpusun maliyyə rəisi Süleyman Abbasovla əlaqəsi olub: “Bütün görüşlərim Süleyman Abbasovla olub. Adıma yazılan məbləğin 230 min manatını Süleyman Abbasova vermişəm”.

Daha sonra Ramin Qaraxanov və Şirin Şükürov dindirilib.

Ramin Qaraxanov bildirib ki, hazırda təqaüddədir. Onun sözlərinə görə, 1 milyon 452 min manat mənimsəməyə yol verib. O deyib ki, bu vəsaitdən 51 min manat ödəniş edib. O, yenə də ödəniş edəcəyinə söz verib.

Şahid Şirin Şükürov bildirib ki, hazırda hərbi hissələrin birində maliyyə xidməti rəisi işləyir. Onun tərəfindən mənimsənilən məbləğ 742 min manatdır. O, cəmi 33 min manat ödəniş etdiyini deyib.

Cəlal Kazımovun vəkili bəzi şahidlərin təkrar dindirilməsi, onlara çarpaz sualların verilməsi ilə bağlı vəsatət verib.

O, vəsatətində Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rəfael Xələfov, təftişçilər - Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin ifadələri arasında ziddiyətlər olduğunu, onların hər 3-nün məhkəmədə eyni vaxtda çarpaz dindirilməsini istəyib.

Vəsatətlər baxılmamış saxlanılıb.

Hakimlər belə nəticəyə gəliblər ki, cinayət işində olan sənədlərin tədqiqindən sonra bu məsələ təkrar müzakirə oluna bilər.

Vəkil Rəşad Mirmehdizadə əlavə şahid qismində Nizami Məmmədovdan əvvəl Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş, hazırda təqaüddə olan Namiq Poladovun dindirilməsi ilə bağlı vəsatət verib.

Vəkil deyib ki, 4 milyon 600 min manatla bağlı hissədə Namiq Poladovun dindirilməsi vacibdir.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Nizami Məmmədov ilkin istintaqda məbləğlərlə bağlı verdiyi ifadələrin hamısı dəqiqdir: “Özünü təqsirli bildiyi hissə ilə bağlı 12 milyon 200 min manat vəsaiti dövlət büdcəsinə ödəniş edib. Onu da qeyd edim ki, Nizami Məmmədov nazirliyin Maliyyə və Büdcə İdarəsinə rəis gələndə Namiq Poladov digər vəzifəyə keçirilib. Namiq Poladov Nizami Məmmədovun yeyinti faktlarından məlumatlı olmasını inkar edib. Namiq Poladov Maliyyə və Büdcə İdarəsindən çıxarıldıqdan sonra Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəis müavini vəzifəsinə təyin olunub. Onun inspektoru olub. Həmin inspektorda daim təftişçilərdən kurasiya pulu yığıb”.

Vəsatətin növbəti prosesdə müzakirə ediləcəyi bildirilib.

Məhkəmə iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.