ANAMA-nın keçmiş əməkdaşı: “Minaaxtaranlar çox yüklənir, töhmət alır, işdən çıxarılır”

14-06-2024, 00:06           
ANAMA-nın keçmiş əməkdaşı: “Minaaxtaranlar çox yüklənir, töhmət alır, işdən çıxarılır”
Rauf Mirzəyev işdən çıxarılmasının səbəblərini izah edir

Ağcəbədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini Rauf Mirzəyev 11 il minaaxtaran kimi fəaliyyət göstərib. 2013-cü ildən 2024-cü il mayın 16-dək Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) minaaxtaran və bölmə, eləcə də qrup rəhbərinin müavini vəzifələrində işləyib.

44 günlük müharibədə 17 gün iştirak edib.

Ombudsman onu işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edib.

İki il əvvəlsə Şahbulaqda əməliyyat apararkən yıxılması səbəbindən dizindən zədə alıb və dizi qismən funksiyasını itirib.

Bəs Rauf Mirzəyevin işdən çıxarılmasına səbəb nə olub?

O, Meydan TV-yə bu səbəblərdən danışıb: "Mənim qrupumun əməliyyat apardığı sahənin qonşuluğundakı minalı sahədə mina partlamışdı. Həmin sahə tikinti şirkətlərinin iritonnajlı avtomobillərinin istifadə etdiyi yolun kənarındaydı, sürücülərin sahəyə keçid etməsinin qarşısını almaq üçün özümü oraya çatdırdım. Mənim o əraziyə keçməyim normativlərə zidd idi, ancaq məqsəd insan həyatını xilas etmək olunca, məcbur qaldım. Buna görə məni işdən çıxarmamalı idilər, əksinə, mükafatlandırmalıydlar”.

Rauf Mirzəyevin sözlərinə görə, işdən çıxarılmamışdan bir az əvvəl ona şiddətli töhmət də verilib: "Standarta görə, bir qrupda altı işçi olmalıdır, ancaq mənim qrupumda səkkiz işçi vardı. Belə olan halda istər-istəməz nəzarəti itirirdim. Nəticədə normativlərdən kənara çıxırdıq, tapşırıqlar keyfiyyətsiz yerinə yetirilirdi. Dəfələrlə müraciət etmişdim ki, tabeliyimdəki işçilərin sayını normativə uyğunlaşdırsınlar, ancaq qulaqardına vururdular”.

Keçmiş minaaxtaranın sözlərinə görə, ərazilərin minalardan təmizləmə işlərində keyfiyyəti aşağı salan səbəblərdən biri də minaaxtaranları normativlərdən artıq yükləməkdir: "Rəhbərliyin hazırlayıb təsdiqlədiyi icra planları normativlərə ziddir. Tutaq ki, bir minaaxtaran gün ərzində maksimum 200 kvadratmetrlik sahədə təmizlik işi apara bilər, ancaq ona on dəfə böyük ərazini təmizləmək tapşırığı verilir. Gün ərzində 2000-2500 kvadratmetrlik sahədə bir minaaxtaranın keyfiyyətli işləməsi isə mümkün deyil. Məsələn, sərt sahələr hesab olunan dağıntı, sərt kolluq, sıx ağaclıq ərazilərdə işçiləri tələsdirirlər. Minaaxtaran tələsir ki, gün ərzində ona qoyulmuş normanı başa çatdırsın, bu zaman istər-istəməz keyfiyyət arxa plana, kəmiyyət önə keçir. Nəticədə sahələrdə aşkar olunmamış sursatlar qalır. Sonra da buna görə minaaxtaranlara töhmət verirlər. Ya da işini tələsik görüb başa çatdırmağa çalışan minaaxtaran minaya düşür, faciə baş verir”.

Keçmiş minaaxtaranın deməsinə görə, işlərin keyfiyyətsiz görülməsinin başqa səbəbləri də var. Məsələn, onlara verilən bəzi avadanlıqlar köhnə və istifadəyə yararsızdır: "Vazerlər (üzü örtmək üçün kaskanın önündəki şüşə) yararsız vəziyyətdədir, heç nə görmək olmur. Deyəndə ki, normal kaskalar verin, deyirlər, vazerləri üzünüzdən qaldırın, işləyin. Minaaxtaranları dumanlı, əlverişsiz hava şəraitində də sahələrə çıxarırlar. Məsələn, Ohanyan xətti ən sıx mina xətti hesab olunur, dumanlı havada ora işləməyə çıxarırlar. Hansını deyəsən, botinka verilmir, fəsilə uyğun geyim verilmir”.

Rauf Mirzəyev iddia edir ki, ANAMA-da özbaşınalıq hökm sürür. Güc strukturlarından (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları) müxtəlif əməllərə görə qovulmuş vəzifəli şəxslər gəlib ANAMA-da vəzifələrə təyin olunur. Düzgün idarəçəliyin olmaması səbəbindən təkcə bu ilin may ayında iki qrup rəhbəri minaya düşüb.

Rauf Mirzəyev təəssüflə qeyd edir ki, dünyada minaaxtaranlar imtiyazlı təbəqə hesab olunsa da, Azərbaycanda bu təhlükəli, hər anı ölüm saçan fəaliyyətə dəyər verilmir: "ANAMA-nın 44 günlük müharibə dövründə fədakarlıqla işləmiş, sursatların məhv olmasında iştirak etmiş əməkdaşlarına hələ də veteran statusu verilməyib”.

Meydan TV keçmiş minaaxtaranın iddialarına münasibət öyrənmək üçün ANAMA-nın mətbuat xidmətiylə əlaqə yaratmağa cəhd etsə də, mətbuat katibi Səbinə Sərkərova nə zəngləri, nə də "Whatsapp” üzərindən sualları cavablandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.