Ali təhsillilərin sayı süni şəkildə artırılır, işsizlər "ordu"su böyüyür

14-06-2024, 00:08           
Ali təhsillilərin sayı süni şəkildə artırılır, işsizlər "ordu"su böyüyür
Təhsilin səviyyəsinin aşağı düşməsi ilə bağlı min cür mülahizə irəli sürmək olar. Amma bəzən adi fakt bütün mənzərəni çılpaqlığı ilə ortaya qoyur. Məsələn, iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı zamanı iştirakçıların 1209-u sadə sualın öhdəsindən gələ bilməyib. Onlar 509052-nin sözlə ifadəsini tapmayıblar. Təxminən bu qədər iştirakçı da “fəaliyyət” sözünün düzgün yazılışını təxmin etməyi bacarmayıb. İndi görün ki, vəziyyət nə qədər ağırdır. Bizim uşaqlara kimlər dərs keçir? Təhsilin səviyyəsinin xeyli aşağı düşməsi başqa mənzərə yarada bilməzdi.
Bizimyol.info xəbər verir ki, Azərbaycan postsovet məkanında ali təhsillilərin sayına görə axırıncı yeri tutur. Deyəsən, təhsil funksionerləri bu məsələyə həssas yanaşmağa başlayıb. Buna görə də ali təhsillilərin sayı süni şəkildə artırılır. Hər il ali məktəblərə qəbul yerlərinin sayı artrılır.

Uzağa getməyək, 2015-ci ili xatırlayaq. Onda tam orta təhsil alanların sayı 88,3 min nəfər idi. Ali məktəblərə isə 27,1 min nəfərin qəbul olmasına şərait yaradılmışdı. Yəni təxminən 30 faiz qəbul imkanından söhbət gedirdi. Zamanla faiz artırıldı. Məsələn, 2019-cu ildə tam orta təhsil alanların sayı 80 min nəfəri güclə keçdiyi halda, ali təhsil ocaqlarına 35 minə yaxın abituriyentin qəbul olmasına imkan verilirdi.

Bu il təxminən 100 min şagird məktəbi bitirir. Keçən il say 98 min 403 olmuşdu. Qəbul planının isə 60 min olduğu məlumdur. Təsəvvür edirsiniz, göstərici 60 faizi də keçir. Kimə lazımdır belə göstərici? Kimə nəyi göstərmək istəyirik? 100-150 balı zülmlə toplayan abituriyentlərin ali məktəblərə doldurulması hansı məntiqə söykənir? Sonra da gileylənəcəyik ki, 509052-ni yaza bilmirlər.

Sadəcə, ali təhsilli işsizlər ordusu yetişdiririk. Ölkənin indiki iqtisadi durumunda bu mənzərəyə heç ehtiyac yoxdur. Az qala şagirdlərin hamısına ali məktəbə daxil olmağa şərait yaradılır. Nə var ki, göstərici yüksəlsin. Ali məktəbə qəbul olanların hamısı da oranı uğurla başa vurur.

Təhsil funksionerləri, heç olmasa, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsın. Universiteti başa vurmaq üçün tələbə gecəsini gündüzünə qatır. Nüfuzlu universitetlərə qəbul olanların az qala yarısı oranı bitirə bilmir. Çünki ali məktəbdə gerçək bilik əldə etmək üçün, sözün əsl mənasında can qoymalısan. Biz isə statistikanı süni şəkildə yaxşılaşdırmağın dərdindəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.