Tofiq Yaqublu: "Məni dələduzluqda ittiham eləmək mənim üçün təhqirdir"

18-06-2024, 08:54           
Tofiq Yaqublu: "Məni dələduzluqda ittiham eləmək mənim üçün təhqirdir"
Müsavat partiyasının və Milli Şuranın üzvü, 2023-cü ilin dekabrından həbsdə olan Tofiq Yaqublunun məhkəməsi başlayıb. Tofiq Yaqublu və onunla birlikdə mühakimə olunan Elnur Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Bizimyol.info xəbər verir ki, iyunun 14-də hakim Elnur Nuriyevin sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Tofiq Yaqublu məhkəmə kollegiyasına daxil olan hakimlərdən biri - Azər Tağıyevə etiraz verib. Onun bu işə baxmasını istəmədiyini bildirib. Lakin etiraz təmin edilməyib.

Tofiq Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli onun şüşə qəfəsdən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsi, prosesin daha böyük zalda keçirilməsi, cinayət işinə xitam verilməsi və ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb.

Tofiq Yaqublu da vəkillərinin vəsatətlərini müdafiə edib. O bildirib ki, heç bir cinayət törətməyib, siyasi fəaliyyətinə görə sifarişlə həbs olunub. Özünü bu işdə təqsirləndirilən yox, zərərçəkmiş hesab etdiyini deyən Tofiq Yaqublu qeyd edib ki, Elnur Məmmədovdan onun həbsilə bağlı planı həyata keçirmək üçün istifadə olunub:

"Məni dələduzluqda ittiham eləmək, məni dələduz adlandırmaq mənim üçün təhqirdir. İndiyə qədər 4 dəfə şərlənib həbs olunmuşam. Bu işlərdə verilən ittihamların sizlərə nə.qədər aidiyyəti varsa, mənə də o qədər aiddir".

Hakim Elnur Nuriyev bildirib ki, növbəti məhkəmə iclasından etibarən vəkillərinin yanında əyləşməsinə icazə veriləcək. Məhkəmənin daha böyük zalda keçirilməsinə gəlincə, hakim deyir ki, həmin zalda eyni vaxtda başqa işlər olmasa, orada keçiriləcək.

Cinayət işinə xitam verilməsi və ev dustaqlığına buraxılma ilə bağlı vəsatətlər isə təmin olunmayıb.

Tofiq Yaqublunun işi məhkəmə baxışına verilib. Məhkəmə prosesi iyunun 21-nə təyin olunub.

Tofiq Yaqublu dekabrın 14-də həbs olunub. O, Elnur Məmmədovun vasitəsilə Elşən Hüseynov adlı şəxsdən 54 min manat pul alıb, onu aldatmaqda ittiham olunur. Tofiq Yaqublu isə ümumiyyətlə, Elşən Hüseynovu tanımadığını, kimsədən pul almadığını bildirir.

Tofiq Yaqublu və Elnur Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (qanunsuz sənəd hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.