“Yeraz Camal” “Lotu Quli”nin adamını niyə öldürüb? - Sifarişli qətl
22-06-2024, 11:34
1975-ci il təvəllüdlü Cabir Həsənovun meyiti Sankt-Peterburq şəhəri, Lenin prospektindəki 148№li evin 6-cı blokunun qarşısında aşkar edilir. Hadisə yerində 6 ədəd giliz, 3 ədəd güllə, qan nümunələri, siqaret kötükləri və ayaqqabı izi aşkarlanır. Arxası üstə uzanmış vəziyyətdə tapılan şəxsin gödəkçəsindən Azərbaycan pasportu, 3 ədəd mobil telefon və digər əşyalar tapılır. Blokun girişindən solda parklanmış “Lada” markalı avtomobilin sağ ön qanadında və avtomobilin ön bamperində zədə izlərinin olması müəyyən edilir.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq idarəsində Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 122-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanır.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cabir Həsənovun ölümünə-beyin toxumasının qismən dağılması, gövdə və aşağı ətrafların çoxsaylı odlu silah yaraları səbəb olub.
Araşdırmalar zamanı məlum olur ki, hadisəni Camal Həsənov ad-soyadlı başqa bir azərbaycanlı törədib. O, istintaqdan qaçıb gizləndiyi üçün 2017-ci il noyabrın 14-də barəsində beynəlxalq axtarış elan edilib və Sankt-Peterburq şəhəri, Oktyabrsk rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
2021-ci il iyunun 24-də müvafiq qərarla cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna, ordan isə Xətai rayon prokurorluğuna göndərilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Camal Həsənov tutularaq istintaqa təhvil verilib. İstintaq Baş Prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Camal Həsənov 1994-cü ildə Bakı şəhərində anadan olub. KİV-də yayılan məlumatlara əsasən, kriminal aləmdə «Yeraz Camal» ləqəbi ilə tanınıb. 2021-ci ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə CM-in 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum olunub.
Bakupost.az Lent.az -a istinadən həmin cinayət işinin istintaq materiallarına əsaslanan faktları təqdim edir:
İstintaqla müəyyən edilib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Cabir Həsənov, iştirak etdiyi müxtəlif məclislərdə, 2016-cı ilin avqust ayında Türkiyə Respublikası ərazisində, kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Caniyevin qətlini özü tərəfindən icra olunması barədə məlumatlar yayıb. Mərhum Rövşən Caniyevə böyük qardaş kimi pərəstiş edən Camal Həsənov bu ifadələrinə görə Cabir Həsənovdan qisas almaq qərarına gəlib.
O, Azərbaycan Respublikası ümumvətəndaş pasportu ilə 2017-ci il aprelin 7-i saat 17:00-da Bakı-Moskva aviareysi ilə Moskva şəhərinə, ordan isə ayın 8-i gecə saat 02:58-də Moskva-Sankt-Peterburq aviareysi ilə “Domodedovo” hava limanından Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanına uçub. Şəxsiyyətləri məlum olmayan sifarişçi və ya sifarişçilərin təlimatı əsasında, həmin şəhərdə yaşayan, əslən Masallı rayonundan olan Rusiya vətəndaşı Nazim Nüsrətovla əlaqə saxlayıb, görüşüb.
Sonuncu aprelin 8-dən 13-nə dək onun Sankt-Peterburqda qalmasını təmin etməkdən ötrü, öz adına olan pasport əsasında Lenin prospekti, 81 ünvanında yerləşən “Na Brestskom” oteldə otaq götürüb. Polis tərəfindən gələcəkdə ifşa olunmalarının qarşısını almaq məqsədilə, özü üçün cinayətlə heç bir əlaqəsi olmayan özbək əsilli Uluqbek Umarovun adına (+7-961-608-45-64) saylı nömrə və mobil telefon, Nazim Nüsrətovla əlaqə saxlamaq üçün isə sonuncuya, özbək əsilli Firudin Nodirovun adına (+7-961-608-12-62) saylı nömrə və mobil telefon aparatlarını alıb.
Nazim Nüsrətovun idarə etdiyi “BMW X-5” markalı avtomobillə Cabir Həsənovun yaşadığı Lenin prospekti, 2 saylı korpus, 148 №-li evin qarşısında gedib, əraziyə nəzər yetirən Camal Həsənov ayın 14-də Bakıya qayıtıb. Cinayətin törədilməsi üsulu və zamanı barədə sifarişçi ilə müzakirələr aparıb, müvafiq təlimatlar alıb. Sifarışı icra etmək məqsədilə aprelin 25-də Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, ordan da Sankt-Peterburq şəhərinə uçub. Aprelin 28-i saat 18 radələrində o, Lenin prospektindəki 148 №-li evin 6-cı girişinin qarşısına gələrək, «VAZ 21103» markalı avtomobildə oturub, Cabir Həsənovun gəlməsini gözləyib. Razılaşıblar ki, cinayəti törətdikdən sonra, dərhal Rusiya ərazisini tərk etməkdən ötrü Nazim Nüsrətovun Sankt-Peterburqda yaşayan uzaq qohumu Ramin Səfərov 15.000 rubl müqabilində onu Belarus Respublikasına aparacaq. Saat 22:15-də Cabir Həsənovun gəldiyini görən Camal Həsənov avtomobildən enib və arxadan ona yaxınlaşıb. Ardıcıl, odlu silahdan 6 dəfə atəş açaraq, qisas niyyətilə zərərçəkmişi qəsdən öldürüb. Daha sonra Camal Həsənov idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşaraq Ramin Səfərovla görüşüb. Sonuncunun avtomaşını ilə aprelin 29-da Belarus ərazisinə keçib və elə həmin gün saat 22:24-də maneəsiz Minsk-Bakı aviareysi ilə Bakı şəhərinə qayıdıb.
İlk dəfə Camal Həsənov elan edilmiş ittihama etirazını bildirərək, özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib. Növbəti dəfə iş üzrə dindirilərkən o ifadəsində göstərib ki, valideyinləri ailədaxili narazılıqlarla bağlı boşandıqdan sonra anası ilə Sabunçu rayonun Pirşağı qəsəbəsində yaşayıb. Xətai rayonunda yerləşən 58 saylı orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra, təhsilini gecə məktəbində davam etdirib. 2004-cü ildən 2011-ci ilədək yunan-roma güləşi ilə məşğul olub, 2012-ci ildədn 2014-cü ilə qədər hərbi xidmət çəkib. Bakıda müxtəlif şirkətlərdə, sonra isə 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində, meyvə-tərəvəz bazarında mühafizəçi işləyib. 2017-ci ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində, cinayətkar mütəşəkkil dəstənin üzvü olması şübhəsi ilə polis əməkdaşları tərəfindən tutulub. Bir neçə ay həbsdə qaldıqdan sonra məhkəmənin qərarı ilə azadlığa buraxılıb və Azərbaycana deportasiya olunub. 2021-ci ilin fevral ayında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin (BMCMİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılıb, Nərimanov rayon Məhkəməsinin hökmü ilə məhkum olunub. Kriminal aləmdə tanınmış Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu Sankt-Peterburqda işləyən vaxtdan tanıyıb. O, bazarda alverçilərdən haqq yığaraq, dolayı yollarla bazara nəzarət edib. Hadisədən əvvəl Cabir Həsənovla onun arasında narazılıq və ya düşmənçilik olmayıb. Əslən Masallı rayonundan olan Nazim Nüsrətovu 2017-ci ildən tanısa da, onunla yaxın münasibəti olmayıb. 2017-ci il aprelin 7-də işləmək üçün Moskvaya gedib, orada bir gün qaldıqdan sonra, təyyərə ilə Sankt-Peterbuq şəhərinə uçub. Lenin prospektində kirayə mənzildə yaşayıb. İstifadəsində qara rəngli “VAZ 2107” markalı avtomobil olub. Aprelin 28-də Cabir Həsənov naməlum şəxs tərəfindən qətlə yetirilib. Həmin hadisənin təfərrüatlarını bilmir. Bildiyinə görə, Cabir Həsənovun yaşadığı binanın qarşısında atışma baş verib və nəticədə o aldığı güllə yaralarından hadisə yerində ölüb. Polis əməkdaşları bazarda axtarış aparıb Samir, Tərlan və adlarını bilmədiyi başqa şəxləri saxlayıb. Əsaslı-əsassız polis şöbələrinə aparıb müxtəlif məbləğdə pullarını aldıqları görə o, tutulacağından qorxduğu üçün Sankt-Peterburqu tərk etmək qərarına gəlib. Nazim Nüsrətovdan xahiş edib ki, Belarus Respublikasına getmək üçün tanıdığı və inandığı sürücü tapsın. Aprelin 29-da 200 dollar müqabilində Nazimin qohumu Ramin Səfərov onu Minsk şəhərinə aparıb. Növbəti gün Minsk-Bakı aviareysi ilə Azərbaycana qayıdıb.
Sosial şəbəkələrdə yayılan məlumatlardan bilib ki, Cabir Həsənovun qətlə yetirilməsi faktına görə Sankti-Peterburqda Nazim Nüsrətov şübhəli şəxs qismində saxlanılıb. Nazim ifadəsində göstərib ki, onunla, Rövşən Caniyevin qardaşı Namiq Caniyevin sürücüsü Əfqan Quliyevin vasitəsi ilə tanış olub. Bundan başqa, Cabir Həsənovu o qətlə yetirib. Bunun üçün qabaqcadan hazırlıq işləri görülüb, guya o, Nazimin köməyi ilə avtomobil, mobil telefon, nömrə və tapança əldə edib.
Camal Həsənov əlavə edib ki, Nazim Nüsrətovun yalan və uydurma xarakterli ifadəsi, qətli törədən əsl şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına yönəlib.
Məhkəmə iclasında Camal Həsənov ittiham üzrə özünü təqsirli bilməyib. İstintaqda verdiyi ifadəsini təsdiq edərək, bir daha vurğulayıb ki, heç vaxt hər hansı kriminal qruplaşmanın üzvü olmayıb. Cabir Həsənov düşmənçilik edən iki cinayətkar qrupun qarşıdurması nəticəsində qətlə yetirilib. O, Cabir Həsənovu öldürməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülqız Həsənova ifadələsində göstərib ki, o, 2012-ci ildən ailəsi ilə Sankt-Peterburq şəhərində yaşayır. 2017-ci il martın 3-də doğma qardaşı Cabir Həsənovun Sankt-Peterburq şəhərində olmasını bilib. Qardaşı ilə yalnız telefonla danışıb, onların evinə qonaq kimi heç vaxt gəlməyib. Cabir deyib ki, Sankt-Peterburqa ağ ciyərlərinin müalicəsi məqsədi ilə gəlib. Qardaşı 2 dəfə məhkum olunub. 2002-ci ildə Bakıda, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 5 il, 2008-ci ildə yaşadığı Biləsuvar rayonun Günəşli kafesində adam bıçaqladığına görə 6 il cəza çəkib və 2014-cü ildə azadlığa buraxılıb. Cabirin hər hansı kriminal quruplaşmanın üzvü olub-olmaması haqqında ümümiyyətlə məlumatı yoxdur. Onu yalnız müsbət tərəfdən xarakterizə edə bilər. Aprelin 28-də qardaşı qətlə yetirilib. Mayın 3-də onun meyitini həyatı yoldaşı ilə birlikdə Biləsuvar rayonuna gətirib. İşi aparan müstəntiqin sözlərindən bilib ki, Cabiri əvvəllər onunla bir yerdə qalan Camal Həsənov öldürüb.
İş üzrə şübhəli şəxs qismində dindirilmiş Nazim Nüsrətov deyib ki, 1993-cü ildən Rusiyada yaşayır. 2016-cı ildə Bakıda Əfqan Quliyevin vasitəsi ilə Camal Həsənovla tanış olub. 2017-ci ilin aprel ayında Əfqan ona zəng vurub, Sankt-Peterburqun «Pulkovo» hava limanında Camal Həsənovu qarşılamağını xahiş edib. Tanışı bir nəfəri «cəzalandırmaq» lazım olmasını, digər məsələlərin gələcək şəxsin ona izah edəcəyini əlavə edib. Aprelin 8-də idarə etdiyi «BMW X-5» markalı avtomaşınla hava limanına gedib və özünü «Dadaş» kimi təqdim edən Camal Həsənovu qarşılayıb. Camal onu Lenin prospektindəki 148 №-li evin yanına aparmasını xahiş edib və orda bir tanışının yaşadığını deyib. Evə yaxınlaşandan sonra Camal avtomobildən tanışının mənzilinin pəncərələrinə baxıb, sonra «Tokio Sity» adlı kafeyə yollanıblar. Camal Həsənov ona ucuz avtomobil, əlaqə üçün iki mobil telefon və tapanca tapmasını xahiş edib. Bunların nə üçün lazım olduğunu soruşmayıb, başa düşüb ki, Camal kimisə öldürməyə hazırlaşır. Sonra onu Brestskiy bulvar ilə Lenin prospektinin kəsişməsində yerləşən otelə aparıb, öz adına nömrə götürüb və pulunu ödəyib. Növbəti gün, Camalı oteldən götürüb, bazara gediblər. Orda 2 ədəd mobil telefon və sim-kartlar alıb. Telefonları bir-biri ilə əlaqə saxlamaq üçün əldə ediblər. Avtomobil bazarında, 95.000 rubl pula bənövşəyi rəngdə “VAZ 21103” markalı avtomobili alıblar. Bir neçə gündən sonra Camal anasının xəstələndiyini söyləyib, təcili Bakıya qayıdıb. Təxminən bir həftədən sonra o, yenidən qonağını hava limanında qarşılayıb. Yolda olanda Camal bir neçə gündən sonra onu Belarusa apara biləcək taksi sürücüsü tapmasını xahiş edib. Aprelin 28-də Moskvada olanda, Camal ona zəng edərək təcili Belorusa getməli olduğunu, hazırda Qeroyev və Lenin prospektlərinin kəsişməsində olduğunu deyib. O da qohumu Raminə zəng vurub, vaxt itirmədən gedib həmin yerdən Camalı götürməsini tapşırıb. Bundan sonra, Camal Həsənovu görməyib.
Nazım Nüsrətov əlavə edib ki, Əfqan Quliyev daim ona nəzarət edib, hədə-qorxu gəldiyi üçün məcbur qalıb Camala köməklik göstərib. Əslində bunu etmək istəməyib, çünki Camal əvvəlcədən onun xoşuna gəlməyib. Ayın 28-də Lenin prospektində baş vermiş hadisə haqqında xəbərlərdən öyrənib.
Şahid Ramin Səfərov ifadəsində göstərib ki, Cabir Həsənovun qətli ilə bağlı heç bir məlumatı yoxdur. 2017-ci ilin noyabr ayında internetdən öyrənib ki, Türkiyədə, “Lotu Quli”ni öldürməyə hazırlaşan 11 nəfər saxlanılıb. Tutulan şəxslərin fotoşəkillərinin arasında, aprel ayında avtomobilində Belorusa apardığı Camal Həsənovu görüb və tanıyıb.
Şahid Samir İsmayılov ifadəsində göstərib ki, mərhum Cabir Həsənov onun Arif adlı qohumunun tanışıdır. 2017-ci ilin yanvar ayında Arif ona zəng vuraraq Cabir üçün həkim və mənzil tapmasını xahiş edib. Cabirlə görüşəndə, ona anasına məxsus Lenin prospekti, ev 148 mənzil 58-də yerləşən mənzildə yaşamağı təklif edib. Aprelin 28-i saat 22:05-də idarə etdiyi avtomobillə gələrək, evin tinində Cabiri düşürüb. Maşını döndərib, Kubinskaya küçəsi ilə hərəkət edərkən güllə səsləri eşidib. Dərhal əyləci basıb, başını Lenin prospektinə tərəf çevirib və 148№i evin qarşısında olan kolların arasından, 3 dəfə atəş açıldığını görüb. Cabirə zəng vursa da, o cavab verməyib. Bundan sonra Cabirlə birlikdə yaşayan Emil Həsənova zəng vuraraq, onun evə qalxıb-qalxmadığını soruşub. Emil Cabirin öldürüldüyünü deyib. Daha sonra o, təcili yardıma və polisə zəng edib. Ölüm hadisəsi baş verdiyi yerə getməkdən qorxub. 20 dəqiqədən sonra 29-cu polis bölməsinin Marat adlı əməliyyat müvəkkili zəng vuraraq, hadisə yerinə gəlməsini xahiş edib. Ora çatanda, 6-cı blokun qarşısında Cabir Həsənovu, arxası üstə uzanıqlı vəziyyətdə qaldığını, üzərində çoxlu odlu silah yaraları olmasını görüb.
Şahid qismində dindirilmiş Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin əməliyyat müvəkkili Andrey Vedernikov ifadəsində göstərib ki, aprelin 28-də Lenin prospektində Cabir Həsənovun qətlə yetirilməsi ilə əlaqədar hadisə yerinə baxışda iştirak edərkən, güllələr və gilizlər aşkar edilib. Bina sakinlərinin sözlərindən məluma olub ki, qətldən 1-2 gün əvvəl evin yaxınlığında “VAZ 21103” markalı avtomobil dayanıb, hadisədən sonra isə bir nəfər maşına əyləşərək qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediblər ki, zərərçəkmiş şəxs, özünü son 20 il ərzində Azərbaycanda cəza çəkən Nadir Səlifovun adamı kimi qələmə verib. 2017-ci ildən Sankt-Peterburq şəhərində yaşayan Cabir Həsənov, “Apraksin dvor” adlanan bazarda spirtli içki və narkotik vasitələrin təsiri altında “Rövşən Lənkəranski”nin qətlində iştirak etdiyini bildirib. Mərhumun telefonunda Azərbaycan vətəndaşı Camal Həsənova məxsus pasportunun fotoşəkli aşkar edilib. Müəyyən olunub ki Camal Həsənovun istifadə etdiyi mobil nömrə aprelin 28-i saat 22:11-dək Lenin prospekti, ev 160 baza stansiyasının, yəni cinayətin törədildiyi yeri əhatə edən zonasında qeydə alınıb. Ramin Səfərovla aparılmış danışıqlar təhlil olunarkən məlum olub ki, saat 23 radələrində o, Camal Həsənovu Qeroyev prospektindən götürüb və bundan sonra onun nömrəsi Qatçinski rayonu ərazisində qeydə alınıb. Nazim Nüsrətov qətlin törədilməsi üçün Camal Həsənovu rabitə, nəqliyyat, silah və digər zəruri vasitələrlə təmin edib. Camal Həsənov aprelin 28-də “VAZ 21103” markalı avtomobildə oturaraq saat 17:15-dən 22:10-na kimi zərərçəkmişin yaşadığı binanın müşahidəsini aparıb. Cabir Həsənov gəldikdən sonra, tapançadan ona ən azı 5 dəfə atəş açıb. Mayın 31-də SOBR döyüşçülərinin dəstəyi ilə Nazim Nüsrətov tutularaq, Baş idarəyə gətirilib. Təqdim olunan fotoşəkillər arasında Nüsrətov, Camal Həsənovu tanıyaraq, məhz onu aprelin 8-də hava limanında qarşıladığını bildirib. Həmin gün şübhəli şəxsin ifadəsi yerində yoxlanılıb, o mobil telefonu, sim-kartı və avtomobili harda əldə etdiyini, qonağını hansı otelə yerləşdirdiyini əyani olaraq göstərib.
2018-ci il noyabrın 16-da Sankt-Peterburq Moskva rayon Məhkəməsinin hökmü ilə Nazim Nüsrətov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Amma 2019-cu il iyunun 6-da Sankt-Peterburq şəhər Məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətini təmin edərək, hökmü ləğv edib. Nazim Nüsrətov azadlığa buraxılıb.
Şahid qismində dindirilmiş, hazırda 17 saylı CÇM-də cəza çəkən Əfqan Quliyev bildirib ki, həbs edilməmişdən əvvəl özünə məxsus “Mercedes” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. Oğlu Murad Quluzadə 2016-cı ilin dekabr ayında Masallı rayonunda, küçədə Fariz İsmayılovu güllələyib, qətlə yetirdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub və hazırda 15 saylı CÇM-də cəza çəkir.
2021-ci il fevralın 17-də Bakının Nizami rayonunda yerləşən “Neon” şadlıq sarayının həyətində olarkən BMCMİ-nin əməkdaşları tərəfindən tutulub. Sentyabrın 6-da Nizami rayon Məhkəməsinin hökmü ilə CM-in 228.1 və 234.1-ci maddələri ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Sonradan ona məlum olub ki, polis əməkdaşları həmin gün onunla yanaşı Camal Həsənovu, Azər Şıxıyevi və Aydın Aydınlını tutublar. Onların heç birini, həmçinin mərhum Cabir Həsənovu, Nazim Nüsrətovu, Elçin İsrafilovu və Rafiq Əhədovu tanımır. «Rövşən Lənkəranski» kimi tanınmış Rövşən Caniyevin qardaşı Namiq Caniyevi tanıyır. Heç vaxt onun sürücüsü işləməyib. Cabir Həsənovun aprelin 2017-ci il aprelin 28-də Sankt-Peterburqda öldürülməsi barədə məlumatı yoxdur. Heç vaxt Nazim Nüsrətova zəng edib, ona “Pulkovo” hava limanında Camal Həsənovu qarşılamağı, şəhərdə qalması üçün ona ev tapmağı, avtomobil, mobil nömrə və silah tapmağı xahiş etməyib, bunun üçün ona 340.000 rubl göndərməyib.
Anket məlumatlarına baxış keçirilərkən məluma olub ki, 2017-ci il aprelin 28-də Camal Həsənovla Ramin Səfərov arasında 23 saniyə danışıq aparılıb. Aprelin 7-də və mayın 1-də Camal Həsənovla Əfqan Quliyev arasında müvafiq olaraq 11 və 8 saniyə danışıq aparılıb. Zənglər «Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 63 saylı bina»nın yaxınlığında qeydə alınıb.
İş materiallarına əsasən, 2017-ci il noyabrın 3-də İstanbul polisi, kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Keçirilən əməliyyat nəticəsində, Səlifovun evinə basqın etməyə hazırlaşan 11 nəfərdən ibarət qrup Bakırköy rayonunda yerləşən Ticarət Mərkəzində saxlanılıblar. Həmin dəstəyə Rövşən Caniyevin qardaşı Namiq Canıyev rəhbərlik edib. Saxlanılanların arasında Camal Həsənov da olub. Camal Həsənov Cabir Həsənovu tanıyıb. Cabir Həsənov kriminal aləmdə “Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdaşı və Camal Həsənov isə “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyevin tərəfdaşı olub. Əfqan Quliyevin tapşırığına əsasən, cinayətin törədilməsində Camal Həsənova Nazim Nüsrətov köməklik edib. Əməliyyat məlumatlarına əsasən, Camal Həsənov Cabir Həsənovu Namiq Canıyev və Zaur Əhmədovun sifarişi əsasında qətlə yetirib.
Məhkəmə nəticəyə gəlib ki, Camal Həsənovun CM-in 12.1, 120.2.1 (Azərbaycan Respublikasının hüdudlarından kənarda qrup halında qəsdən adam öldürmə), 12.1, 120.2.5 (Azərbaycan Respublikasının hüdudlarından kənarda sifarişlə qəsdən adam öldürmə) və və 228.2.1-ci (qrup halında qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Həsənov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.