Rusiya yeni kosmik stansiya quraşdırmağı planlaşdırır
4-07-2024, 17:58
"Roskosmos"un rəhbəri 2027-ci ildə ilkin elmi və enerji modulunun işə salınması planlarını da təsdiqləyib. Borisov 2030-cu ilə qədər daha üç modulun, 2031-2033-cü illərdə isə daha iki modulun əlavə ediləcəyini bildirib.
Rusiya 2030-cu ilədək hazırkı Beynəlxalq Kosmik Stansiyanın (BKS) yerinə yeni kosmik stansiyanın əsas korpusunu hazırlamağı planlaşdırır.
Bu barədə "Roskosmos" korporasiyasının baş direktoru Yuri Borisov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə 19 müəssisə ilə müvafiq kontraktlar imzalanacaq.
"Roskosmos"un rəhbəri 2027-ci ildə ilkin elmi və enerji modulunun işə salınması planlarını da təsdiqləyib. Borisov 2030-cu ilə qədər daha üç modulun, 2031-2033-cü illərdə isə daha iki modulun əlavə ediləcəyini bildirib.
Rusiya indiyədək Birləşmiş Ştatlar və digər ölkələrlə Beynəlxalq Kosmik Stansiyada tərəfdaşlıq edib və Ukrayna müharibəsindən sonra münasibətlərin ağır vəziyyətinə baxmayaraq, bu sahə hələ də Moskvanın Vaşinqtonla sıx əməkdaşlıq etdiyi nadir istiqamətlərdən biridir.
Beynəlxalq Kosmik Stansiyanın istismar müddətinin başa çatması müddətinin yaxınlaşması ilə Moskva 2022-ci ildə layihədən çıxmaq və öz stansiyasını qurmaq planlarını hazırlayıb. Rusiya əvvəlcə 2024-cü ildən sonra BKS-dən çıxacağını bildirsə də, keçən il tərəfdaşlarına iştirakını 2028-ci ilə qədər uzadacağını bildirmişdi.
Modulların dizaynı və istehsalı ilə yanaşı, Borisov tərəfindən təsdiqlənmiş cədvələ yeni nəsil ekipajlı kosmik gəminin uçuş sınaqları, raketlərin və yerüstü infrastrukturun qurulması da əlavə edilib.
Borisov bildirib ki, yeni stansiya Moskvaya texnoloji məhdudiyyətlər və beynəlxalq müqavilələrin şərtləri fonunda BKS-nin Rusiya seqmentində mövcud olmayan elmi-texniki inkişaf, milli iqtisadiyyat və milli təhlükəsizlik problemlərini həll etməyə imkan verəcək.