Abituriyent ixtisas seçimini necə aparmalıdır: Şans və risk… – Qızıl qaydalar

6-07-2024, 09:14           
Abituriyent ixtisas seçimini necə aparmalıdır: Şans və risk… – Qızıl qaydalar
Qəbul imtahanlarının ikinci cəhdinə sayılı günlər qalıb. Qəbul imtahanları başa çatdıqdan sonra ixtisas seçimi mərhələsi başlayacaq. İxtisas seçimi qəbul imtahına hazırlaşmaq qədər diqqət edilməli vacib məsələdir.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirir ki, abituriyentlər qəbul imtahanın ilkin mərhələsi başa çatdıqdan sonra ixtisas seçimi haqqında düşünürlər:

“Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa qəbul ehtimalı çox olur. 600-dən yuxarı bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur. Onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssisə çevrilmək ehtimalı azalır. Bu, ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir”.

Kamran Əsədov gələcəkdə karyera qurmaq imkanı verən sahəni seçməyin yüksək bal toplamaqdan daha çətin olduğunu deyir:

“Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, ixtisaslarını diqqətlə kodlaşdırmalıdırlar. Balı az olanlar isə arzuladıqları sahəyə yaxın olan ixtisasları seçməlidirlər. Qərarsız abituriyyentlər də az deyil. Yüksək bal toplamağına baxmayaraq, hansı ixtisası seçməsində çətinlik çəkib, tərəddüd edənlər var. İlk növbədə qarşıya məqsəd qoyulmalıdır, məqsədə müvafiq seçim edilməlidir. Bir də, ixtisası prestijə yox, əmək bazarına görə seçmək lazımdır”.

Kamran Əsədov ixtisas seçimində diqqət edilməli məqamlardan da danışıb:

“Abituriyent müvafiq ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası tərtib edilməlidir. Bu zaman da abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. İxtisasın praktik əhəmiyyəti haqqında məlumatlı olmalı, ixtisasın hansı universitetdə daha prestijli olduğunu bilməli, ayırılan plan yerləri ilə topladığı balı nəzərə almalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.