Dünyanın ən yaxşı snayper tüfənglərinin reytinqi – FOTOLAR
15-07-2024, 12:14
Snayper– hərtərəfli mükəmməl silahdır. İlk dəfə Birinci Dünya müharibəsindən sonra populyarlıq qazanmağa başlayıb. O, əvvəlki tüfənglərdən dəqiq optik hədəflərinə və daha kiçik qabarit ölçüsünə görə fərqlənib. Atış dəqiqliyinə görə, artıq İkinci Dünya müharibəsində bütün ordularda istifadə olunurdu.Bu silahdan istifadə zamanı əsas məqsəd kiçikölçülü və iri hədəflərin 600-800 metr məsafədə məhvidir.
Bu gün çoxlu sayda şirkət tərəfindən müxtəlif modeldə iriçaplı güllələrdən atəş açan snayper tüfəngləri yaradılıb və müxtəlif ölkələrin ordularında silahlanmaya qəbul edilib. Amma keyfiyyət və tətbiqatı baxımından “ən yaxşı” iriçaplı snayper tüfəngləri barmaqla sayılası qədərdir. Maraqlısı odur ki, bu silahlar arasında Azərbaycanın 2009-cu ilin əvvəlində dünya bazarına çıxardığı İST 14,5 Antimaterial Rifle “İstiqlal” tüfəngi də var.
Faktxeber.com iriçaplı snayperlər arasında “ən yaxşı” tüfəng seçilənləri təqdim edirik:
Mechem NTW-20 (Denel NTW-20)
CAR-ın “Denel” firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin kütləsi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır.
NTW-14,5-in isə kütləsi 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır. Güllənin başlanğıc sürəti 720 m/s (NTW-20) və 1080 m/s-dir (NTW-14,5). NTW-20-nin hədəf uzaqlığı 1400 m, NTW-14,5-ki isə 2300 metrdir.
“İstiqlal” İST-14,5 Anti-Material Rifle
İstiqlal Azərbaycanın istehsal etdiyi ilk milli atıcı silahdır. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. “İstiqlal” snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. “Telemexanika” zavodu tərəfindən istehsal edilmiş silahın ağırlığı 20 kq, uzunluğu 2015 mm-dir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan “İstiqlal” -50 və + 50 °S temperaturlarda belə rahat istifadə oluna bilir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür. Tüfəng hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Türkiyə, Pakistan və Bolqarıstanın müdafiə nazirlikləri də silaha maraqlarını ifadə ediblər.
Gepard
Macarıstan istehsalı olan bu iri çaplı snayper tüfəngin 12,7×108 mm çaplı güllələrdən atəş açan M1 (kütləsi 21 kq) modifikasiyası dünyanın ən dəqiq snayperlərindən sayılır. Cəmi 25 ədəd istehsal olunmuş bu silah vasitəsi ilə 1300 metr məsafədə 25 sm radiuslu dairənin tam mərkəzinə atəş açmaq mümkün olub. “Gepard”ın M2 (əllə doldurulan), M2A2 (hava desant və xüsusi təyinatlılar üçün variantı), M3 (14,5 mm çaplı modifikasiyası, kütləsi 21 kq), M4 və M5 variantları (12,7×108 mm və 12,7×99 mm) modifikasiyaları mövcuddur. “Gepard” snayperlərini üstünlüklərinə görə, Macarıstanın özündən savayı ABŞ, Türkiyə, Xorvatiya və Rusiya da silahlanmaya qəbul edib. Bu snayperlər 3-12X50 Schmidt & Bender optik nişangahları ilə təchiz edilib.
AMR-2
Çin Xalq Respublikasının “China South Industries Group” şirkətinin istehsalı olan AMR-2 1990-cı illərdə silahlanmaya qəbul edilib. Snayper tüfəngi 12,7×108 mm çaplı güllələrdən atəş açır və açılıb-yığıla bilir. Çəkisi 11 kq, uzunluğu 1450 mm, o cümlədən lüləsinin uzunluğu 850 mm-dir. Barıt qazının təsiri ilə hərəkətə gətirilən atış mexanizmi mövcuddur. Darağı 5 güllə tutur.
AR-50
ABŞ-ın “Armalite” şirkəti tərəfindən 1997-1999-cu illərdə hazırlanaraq silahlanmaya daxil edilib. Kütləsi 15,5 kq olan tüfəngin uzunluğu 1511 mm, o cümlədən lüləsinin uzunluğu 787 mm-dir. 12,7×99 mm çaplı güllələrdən atəş açan AR-50 tüfənglərinin effektiv atəş uzaqlığı 1800 metrdir. Patron lüləyə tək-tək ötürülür.
Accuracy International AS50
Böyük Britaniyanın “Accuracy International Ltd.” şirkəti tərəfindən istehsal edilmiş bu tüfəng 12,7×99 mm (M99B-II) çaplı gülələrdən atəş açır. Avtomatik şəkildə özünüdolduran mexanizmə malikdir. 2006-cı ildə istehsal olunmuş snayper tüfəngi ABŞ, İngiltərə və İrlandiya ordusunun inventarına daxildir. İraqda keçirilən hərbi əməliyyatlarda tətbiq edilib. Kütləsi 14,1 kq olan tüfəngin uzunluğu 1369 mm, hədəfi məhvetmə uzaqlığı 2000 metrdir.
Accutacy International AW-50. “Accuracy International Ltd.” şirkəti tərəfindən istehsal edilib. 12,7×99 mm (.50 Brauninq) çaplı güllələrdən atəş açır. Optik nişangahla təchiz olunur. İngiltərə, Avstraliya, Almaniya, İrlandiya, Tailand və Portuqaliya ordularının inventarına daxildir. Kütləsi 15 kq (boş şəkildə), uzunluğu 1420 mm, lüləsinin uzunluğu isə 686 mm-dir. Mexanizmlər barıt qazı ilə hərəkətə gətirilir. Fiksasiya olunmuş 10X, 3-12X və ya 4-16X nişangahları ilə təchiz olunur.
Barrett M99
ABŞ-ın məşhur “Barrett Firearms” şirkəti tərəfindən istehsal edilib. 12,7×99 mm (.50 BMG) çaplı güllələrdən atəş açır. Bəzi modellərində güllə lülə qutusuna tək-tək, əllə, bəzi modellərində isə avtomatik ötürülür. Kütləsi 11,34 kq (lüləsi 813 mm olanlarda), 10,43 kq (737 mm lüləli), 9,07 kq (635 mm lüləli) olan M99 snayperləri müxtəlif optik nişangahlarla təchiz oluna bilir.
Barrett XM500
“Barrett Firearms” şirkəti tərəfindən istehsal olunmuş özünüdolduran irikalibrli snayper tüfəngidir. 12,7×99 mm (.50 BMG) çaplı güllələrdən atəş açır. Kütləsi 11,8 kq, uzunluğu 1168 mm olan tüfəngin maksimum atəş uzaqlığı 6800 metr, öldürmə məsafəsi isə 1850 metrdən başlayır.
M90
“Barrett Firearms” şirkəti tərəfindən istehsal edilmiş snayper modeli. Əllə doldurulur. 1995-ci ildə silahlanmaya qəbul edilmiş bu snayperin M95 modeli də var. Kütləsi boş şəkildə 9,98 kq və 10,7 kq (M95), uzunluğu 1143 mm, güllə çapı 12,7×99 mm (.50 BMG)-dir. Güllənin başlanğıc sürəti 854 m/san, maksimal uzaqlığı 1800 metrdir.
M82 (Model 82)
“Barrett Firearms” şirkəti tərəfindən istehsal olunmuş M82 hazırda müxtəlif ölkələrin ordularının arsenalına daxildir. Silah amerikalı keçmiş zabit Ronni Barrett tərəfindən hazırlanıb. Layihə müxtəlif silah fabriklərinə təqdim olunsa da ilk vaxtlar onu istehsal etmək istəyən olmayıb. Lakin sonradan Barrettin öz fabrikində istehsal edilmiş snayperin M82A1, M82A2, M82A3, M107 modelləri mövcuddur. Kütləsi 14 kq olan snayperin uzunluğu 1450 mm, lüləsinin uzunluğu 737-mm təşkil edir. Tüfəng 12,7×99 mm çaplı güllələrdən atəş açır. Güllənin sürəti 853 m/san, hədəf uzaqlığı 1850 metrdir.
“Falcon”
Çexiyanın ZVI firması tərəfindən istehsal edilir. 12,7×108 (M99B-I, M06) və ya 12,7×99 / .50BMG (M99B-II) çaplı güllələrdən atəş açır. Mauzer tipli çaxmaqğa malikdir. Darağı 2 güllə tutur. Snayperin OP96, OP99 modelləri var. Kütləsi 13,4 kq (OP96), 12,9 kq (OP99), uzunluğu 1380 mm (OP96), 1260 mm (OP 99) təşkil edir. OP96 snayperləri 12,7×99 mm, OP99 snayperləri isə 12,7×108 mm çaplı güllələrdən atəş açır.
M-93 “Black Arrow” (“Çernaya strela”)
Serbiyanın istehsalı olan bu snayper tüfəngi 12,7×99 mm, ixrac variantları isə 12,7×108 mm çaplı güllələrdən atəş açma imkanına malikdir. Darağı 5 patron tutur. 1990-cı illərdə Zastava zavodu tərəfindən istehsal edilən bu snayper tüfəngi daha çox Ermənistan ordusunun xüsusi təyinatlı birləşmələrinin arsenalına daxildir. M93 həmçinin Montoneqro, Konqo Demokratik Respublikası, Makedoniyanın ordularında da istifadə olunur. Kütləsi 16 və 14 kq təşkil edən bu snayperlərin iki variantı (12,7×108 mm və 12,7×99 mm çaplı) mövcuddur. M93-ün güllələrinin başlanğıc sürəti 820 və 888 metr/saniyədir və 1600 metr məsafədə hədəfləri vurma imkanı var.
M500
ABŞ istehsalı olan bu irikalibrli snayper tüfəngi 12,7×99 mm (.50 BMG) güllələrdən atəş açır. M600, AMAC-5100, M650, AMAC-1500 modifikasiyaları mövcuddur. Snayper tüfəngi Fars körfəzindəki əməliyyatlarda tətbiq olunub. Silahın kütləsi 10,4 kq-dan başlayır.
M99B/M06
Çin istehsalı olan M99 tüfəngi 12,7×108 mm (M99B-I, M06) və ya 12,7×99 mm (M99B-II) kalibrli güllələrdən atəş açır. Kütləsi təxminən 12 kq olan snayperin uzunluğu 1250 mm-dir.
“McMillan TAC-50”
ABŞ-ın “McMillan Brothers Rifle Co.” şirkəti tərəfindən hazırlanmış bu silahın kalibri 12,7×99 mm-dir. Müxtəlif optik nişangahlarla təchiz oluna bilir. 2000-ci ildən istehsalına başlanan bu silah hazırda ABŞ və Kanada ordusunun xüsusi təyinatlıları tərəfindən istifadə olunur. Əfqanıstanda keçirilən əməliyyatlarda tətbiq edilib. Tüfəngin kütləsi 11,8 kq, uzunluğu 1448 mm, güllənin başlanğıc sürəti 823 m/san-dir.
PGM UR Hecate II
Fransanın “PGM Precision” şirkətinin istehsalı olan tüfəng silahlanmaya 1993-cü ildə qəbul edilib. 2001-ci ildə Əfqanıstan müharibəsində tətbiq edilib. Ümumilikdə bu günə qədər qeyd olunan modeldən 250 ədəd tüfəng istehsal olunub. Nişangahsız kütləsi 13,8 kq olan tüfəngin uzunluğu 1380-1140 mm təşkil edir və tüfəng 12,7×99 mm çaplı güllələrdən atəş açır. Güllənin başlanğıc sürəti 825 m/san, maksimum atəş uzaqlığı 2000 metrdir.
Robar RC-50
ABŞ-ın “Robar Companies Inc.” şirkəti tərəfindən istehsal edilən snayperin “RC-50 Standard” baza konfiqurasiyalı və “RC-50F” qundağı qatlanan modifikasiyaları var. Hazırda silah Avstaraliya, Malaziya, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı və ABŞ ordusunun silahlanmasına daxildir. Bu silah özünü Əfqanıstan və İraq müharibələrində doğruldub. Tüfəngin kütləsi 11,34 kq, uzunluğu 1118 mm, gülləsinin çapı 12,7×99 mm-dir.
Steyr HS .50.
Avstriyanın məşhur “Steyr Mannlicher Gmbh & Co KG.” şirkəti tərəfindən istehsal edilir. 12,7×99 mm (.50 Brauninq) və 11,7 mm çaplı (HS .460) güllələrdən atəş açır. Silah 2004-cü ildən istehsal edilir kütləsi 12,4 kq, uzunluğu 1370 mm-dir.
OM 50 Nemesis
İsveçrənin istehsalı olan OM50 tüfənglərinin çapı12,7×99 mm-dir. Silahın Mk I, Mk II i Mk III modifikasiyaları mövcuddur. 2001-ci ildə AMSD şirkəti tərəfindən istehsal olunmuş snayper tüfənginin çəkisi nişangahsız və patronsuz 10—15 kq, uzunluğu 1029—1562 mm təşkil edir. Silah Azərbaycan Sərhəd Qoşunlarının xüsusi təyinatlı birlikləri tərəfindən istifadə edilir.
Windrunner XM107
ABŞ-ın “EDM Arms” şirkəti tərəfindən istehsal edilmiş bu snayper tüfəngin lüləsi anoloqlarından fərqli olaraq dəyişdirilə bilir. ABŞ və Kanada ordusunun silahlanmasına daxil olan snayper tüfəngi 12,7×99 mm çaplı güllələrdən atəş açır. Gülləsinin başlanğıc sürəti təxminən 853 metr olan bu silah 1800 m məsafədə hədəfi məhv edə bilir.
WKW Wilk
“Volk” yəni “Canavar” adlanan snayper tüfənginin istehsalçısı Polşanın “Zakłady Mechaniczne TARNÓW S.A.” şirkətidir. 2005-ci ildən bu yana zavod adıçıkilən tüfəngdən 6 min ədəd buraxıb. Tüfəngin kütləsi 16,1 kq, uzunluğu 1350 mm, güllə çapı 12,7×99 mm (.50 BMG), gülləsinin başlanğıc sürəti 882 metr/san, maksimal hədəf uzaqlığı 3 min metrdir. Snayper tüfəngi Schmidt & Bender X3−12 P/MII optik nişangahı ilə təchiz olunur.
VR1
ABŞ-ın “Vigilance Rifle” şirkəti tərəfindən istehsal edilən bu silah .338 Lapua Magnum (8,7×69 mm), .408 Chey-tac (10,3×77 mm), .505 Gibbs (12,7×80 mm) çaplı güllələrdən atəş açır. Kütləsi 7,7 kq (optik nişangahsız), uzunluğu isə 1320 mm-dir. Silah 1500 m məsafədəki hədəflərə qarşı tətbiq edilə bilir.
Truvelo .50.
Cənubi Afrika Respublikasının “Truvelo” firması tərəfindən istehsal olunur. Ötən əsrin 90-cı illərinin sonlarında silahlanmaya qəbul olunmuş bu tüfəng 12,7×99 mm çaplı güllələrdən atəş açır. Silahın kütləsi 16 kq, uzunluğu 1510 mm, effektiv təsir məsafəsi 1500 m təşkil edir.
“Vıxlop”
Dünyada yeganə səssiz iri kalibrli snayper tüfəngidir və hazırda yalnız Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Mərkəzinin əməkdaşları tərəfindən istifadə olunur. İlk dəfə “İnterpolitex-2005” sərgisində nümayiş etdirilmiş bu silah 12,7 mm çaplı xüsusi hazırlanmış STS-130 güllələrindən atəş açır. 200 metr məsafədən 16 mm qalınlığında polad lövhələri, 100 metr məsafədən isə beşinci sinif mühafizə xüsusiyyətlərinə malik zirehli köynəkləri keçir. Silahın kütləsi 7 kq, uzunluğu 795 mm, gülləsinin başlanğıc sürəti 290—295 metr/saniyədir.
OSV-96
Rusiya istehsalı olan bu silah yüngül zirehli texnikalara qarşı tətbiq olunur. Rusiya xüsusi təyinatlı qüvvələri, polis və Müdafiə Nazirliyinin, həmçinin çeçen yaraqlılarının arsenalında rast gəlinir. Snayper tüfəngi 90-cı illərin əvvəllərində yaradılıb. Silahın boş halda kütləsi 11,7 kq, uzunluğu 1746 mm, çapı 12,7×108 mm-dir. Dəqiqədə 15-20 güllə atma imkanına malikdir. Gülləsinin başlanğıc sürəti 900 m/san-dir.
OTS-44
Rusiya istehsalı olan bu silahın çəkisi 14 kq, çapı 12,7×108 mm-dir. Gülləsinin başlanğıc sürəti 800 m/san olan OTS-44 1200 metr məsafədə hədəfi məhv etmə imkanına malikdir.
V-94
Rusiyanın Tula şəhərində yerləşən “Cihazqayırma” zavodunda istehsal edilir. Tüfəng 2000 m məsafədə hədəflərə qarşı tətbiq olunur. 12,7×108 mm çaplı güllələrdən atəş açan snayperin uzunluğu 1700 mm, çəkisi 11,7 kq-dır.