Qadınların pensiya yaşı niyə artırılır? - AKTUAL
16-07-2024, 00:07
Bu aydan ölkədə qadınların pensiya yaşı daha 6 ay artılaraq, 64 oldu. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya hüququ əldə etmək üçün yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılmaqla 2021-ci il iyulun 1-dək 65-ə çatdırılmalı idisə, qadınlar üçün bu keçid dövrü 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək nəzərdə tutulub. Yəni qadınlar üzrə pensiya hüququ əldə etmək yaşı bundan sonra hələ daha iki dəfə 6 ay artırılacaq ki, 65-ə çatsın.
Qadınların və kişilərin eyni yaşda pensiyaya çıxmaları nə dərəcədə məntiqidir? Qadınlar kişilərdən daha tez pensiya hüququ əldə etməlidirlər. Onlar zərif cinsin nümayəndələri olduqları, ailədə aparıcı qüvvə sayıldıqları, uşaq dünyaya gətirdikləri, onun təlim-tərbiyəsində əsas və həlledici rol oynadıqları üçün müəyyən güzəşt və imtiyazlara sahib olmalıdırlar. O cümlədən, pensiya hüququ məsələsində də. Qadınların pensiya hüququ əldə etmək yaşları kişilərdən azı 3 il aşağı olmalıdır. Bəzi ölkələrdə qadınlar ilə kişilərin pensiya yaşı arasında 5 il fərq mövcuddur. Bəs bizdə niyə belə deyil?
Məsələ bundadır ki, ölkədə hazırkı pensiya-sığorta sistemi mexanizmi vətəndaşlara 65 yaşdan tez pensiyaya çıxmaq imkanı vermir. Hər şey vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları, yığa bildiyi pensiya kapıtalı, iş stajı və s. asılıdır. Bunlar elə təşkil olunmalıdır ki, vətəndaşın gələcəkdə əldə edəcəyi aylıq pensiya məbləği qaneedici olsun, Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət büdcəsindən asılı olmasın. Hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən edilib.
Son illər DSMF-nin dövlət büdcəsindən asılılığı xeyli azalıb. Bu, yığımlarla bağlıdır. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları ödənişlərinin DSMF-dən alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilməsi böyük əhəmiyyət kəsb etdi.
Bundan əlavə, həmin il Vergi Məcəlləsinə edilən dəyişikliklərlə məcburi dövlət sosial sığorta haqlarının faizi artırıldı.
Paralel olaraq, əmək müqaviləsi olmadan işə cəlb edilmə faktlarının aşkarlanması və s. hesabına DSMF-nin büdcəsinin ildən-ilə artmağa başladı. Bu da sözügedən quruma dövlət büdcəsindən köçürməni azaltmaq üçün imkanlar yaratdı. 2019-cu ildən Fonda dövlət büdcəsindən ödənişlər azaldılmağa başlandı.
Yeri gəlmişkən, Fondun cari il büdcəsinə də dəyişiklik edilib. Belə ki, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb. Bu, məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata yüksəlməsi, əvəzində isə dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi ilə bağlıdır.
Sözün qısası, gedişat deməyə əsas verir ki, ölkədə kişilərin olmasa da, qadınların pensiyaya çıxmaq hüququnu yaxın gələcəkdə hətta 60 yaşa qədər də salmaq mümkündür. Ancaq bundan ötrü DSMF-nin maliyyə imkanları geniş olmalı, ölkədə özəl pensiya fondları fəaliyyət göstərməli, hər bir vətəndaşın işlədiyi yerdə istənilən məbləğdə pensiya kapitalı toplaya bilməsi üçün müvafiq imkan və şərait olmalıdır.
Ümumiyyətlə, biz pensiya hüququ əldə etmək məsələsinə hələ də çox bəsit yanaşırıq. Hər bir dövlət və hökumət istəyər ki, vətəndaşı ondan razı qalsın, işdən çıxdıqdan sonra yüksək səviyyədə müavinət və pensiya alsın. Ancaq bunun üçün müvafiq şərtlərin təmin olunması vacibdir. Ən böyük şərt isə ondan ibarətdir ki, gərək vətəndaşların əmək haqları yüksək olsun, onlar lazımi səviyyədə sosial sığorta haqları ödəyə bilsinlər. Çünki dövlət bütün növ sosial və pensiya ödənişlərini cibindən ödəyə bilməz.
Bu mənada, pensiya yaşı müəyyən edilərkən DSMF-in imkanları, başqa sözlə desəm, ödənişlər üçün tələb olunan vəsaitin haradan və necə əldə olunduğu nəzərə alınır. Odur ki, məsələ ilə bağlı pafoslu təklif və çıxışlarla heç nəyə nail olmaq mümkün deyil.
Pərviz Heydərov
Azvision.az