Daha bir məhkəmə oliqarx İsmayılovun oğlunun ekspertizadan keçirilməsi barədə qərar verdi – ŞOK GƏLİŞMƏ

16-07-2024, 17:40           
Daha bir məhkəmə oliqarx İsmayılovun oğlunun ekspertizadan keçirilməsi barədə qərar verdi – ŞOK GƏLİŞMƏ
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasovanın şikayəti əsasında Sabunçu Rayon Məhkəməsində proses baş tutub.

Musavat.com-un xəbərinə görə, prosesdə Sabunçu Rayon Məhkəməsinin 12 noyabr 2017-ci il tarixli qərardadı əsassız və qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığı üçün ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasına qərar verilib.

Eyni zamanda məhkəmənin 12 iyul 2024-cü il tarixli qərardadı ilə atalığın müəyyən edilməsi barədə tibbi-genetik ekspertizanın keçirilməsi təyin olunub.

Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Xətai Rayon Məhkəməsində Fidan Abbasovaya qarşı iddia qaldırıb. Həmin iddia araşdırılarkən hakim həqiqətin üzə çıxması üçün məhkəmə tibbi-genetik ekspertizanın keçirilməsi qərarını vermişdi. Fidan Abbasova övladı ilə bərabər ekspertizanın keçiriləcəyi ünvana getsə də, Orxan İsmayılzadə ora gəlməmişdi.

İş üzrə iddiaçı Fidan Abbasovanın anası Ülkər Abbasova Musavat.com-a bildirib ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadından 3 oktyabr 2023-cü il tarixdə şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə qızı ərizə verib. Sabunçu Rayon Məhkəməsi ərizəni təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1885/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi üzrə 30.10.2023-cü il tarixli qərardadı ləğv olunub. Müddət bərpa edilib və ərizəyə baxılması üçün mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.

Ülkər Abbasova deyib ki, Bakı Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qarşısına bir sıra tapşırıqlar da qoyub. O bildirib ki, qızının iddiasına Sabunçu Rayon Məhkəməsində hakim Ruslan Mirzəliyevin sədrliyi ilə baxılır.

Xatırladaq ki, bu il mayında Fidan Abbasova ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib.

Surəti redaksiyamıza göndərilən həmin müraciət Musavat.com-da “Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR” sərlövhəsi altında yayımlanıb.

Fidan Abbasovanın sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

Həmin müraciətdən sitat:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a demişdi ki, müvəkkilinə qarşı qanunsuz addımlar atılır.

Vəkil bildirib ki, Xətai Rayon Məhkəməsində qarşılıqlı iddiaya baxılarkən qarşı tərəf vəsatətlə çıxış edib və işə mahiyyəti üzrə baxış sonuclanana qədər Fidan Abbasovaya sosial şəbəkələrdə və KİV-də Orxan İsmayılzadə barəsində şəxsi məlumatların paylaşılmasının qadağan edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edərək bu barədə qərardad çıxarıb. Vəkil bildirib ki, Fidan Abbasova Orxan İsmayılzadə barəsində şəxsi məlumatları deyil, özünün hədələnməsi, aldadılması, övladının ata adının təmin edilməsi, aliment tələbindən danışıb və bunlar heç bir halda Orxan İsmayılzadənin şəxsi məlumatları hesab edilə bilməz.

Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf, ləyaqətə və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib.

Həmin gün Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Fidan Abbasova deyib ki, Orxan Mikayılzadə ekspertizanın keçirilməsində iştirak etməyib.

Onun sözlərindən sitat:

“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi”.

ARAYIŞ

Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.