MİLLİ MƏTBUATIMIZIN MAYAKI

18-07-2024, 10:24           
MİLLİ  MƏTBUATIMIZIN  MAYAKI
Mənbələr göstərir ki, Azərbaycanda milli mətbuat və milli mətbəə yaratmaq təşəbbüsləri XIX əsrin birinci yarısından başlamışdır. Hələ 1832-ci ildə “Tiflis əxbarı” və 1845-ci ildə “Qafqazski vestnik” qəzetlərinə əlavə çəklində “Qafqazın bu tərəfinin xəbərləri” adlı azərbaycanca vərəqələr buraxılmışdır. Əlbəttə, rəsmi bülleten xarakteri daşıyan bu vərəqələri müstəqil milli mətbuat nümunələri hesab etmək mümkün deyil. Lakin bunları milli mətbuatın yaranmasına hazırlıq saymaq mümkündür.
Ə.Ə.Səidzadənin “Ədəbiyyat” qəzetinin 1940-cı il tarixli 31 saylı nomrəsindəki məqaləsindən o da məlum olur ki,1841-ci ildə M.F.Axundzadə və M.Ş.Vazeh tərəfindən Tiflisdə mətbəə yaratmağa cəhd göstərilmişdir. Lakin bu təşəbbüs baş tutmamışdır.
1870-ci ildə H.Zərdabinin dostu X.Cenk rus dilində “Bakinski listok” adlı qəzet nəşr etmək üçün müraciət etmişdir. Az sonra Qafqaz canişinliyinə yazdığı əlavə məlumatda X.Cenk qəzetdə həmçinin Azərbaycan dilində məqalələr şöbəsinin açılmasına da icazə istəmişdir. (Təəssüf ki, həmin qəzetin ancaq bir nömrəsində azərbaycanca yazı dərc olunmuşdur.) Filologiya elmləri namizədi V.Məmmədov belə ehtimal edir ki, Cenki bu işə təşviq edən elə onun yaxın dostu H.Zərdabi olmuşdur.
Xalqı maarifləndirmək, onun tərəqqisinə nail olmaq H.Zərdabinin həyatının qayəsi idi. O, bu yolda mətbuatın roluna xüsusi önəm verir və deyirdi ki, xalqa “qəzet verə bilsəm, onların dünyagörüşünü tamamilə dəyişə” bilərəm. O, 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".
Həsənbəy Zərdabi qəzet çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə - 1868-ci ildən düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik onun qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymamışdı. Hənifə xanım Məlikovanın yazdığı kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin qəzet nəşr etmək üçün rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu.
Sonralar Həsən bəy "Həyat" qəzetində həmin hadisəni belə xatırlayırdı: "O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti "Əkinçi" adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o, özü senzor olmağa razılıq verdi və nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım". (Deməli, qəzetin “Əkinçi" adlandırılması çar rejiminin fikrini onun daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.)
H.Zərdabinin 1873-cü ilin aprel ayının 12-də Bakı qubernatoru D.S.Staroselskiyə ünvanladığı ərizədə yazılmışdı: “Quba mülkədarı general-mayor Abdulla Ağa Bakıxanov (Abbasqulu ağa Bakıxanovun qardaşı-İ.V.) mənə Bakı şəhərində tatar (azərbaycan-İ.V.) dilində pulsuz olaraq qəzet nəşr etmək məqsədi ilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər asasında qəzet nəşr etməyi qərara almışam: birincisi, qəzetin redaktorlu və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikincisi, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşəcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncüsü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncüsü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla ildə iki manat olacaqdır; beşincisi, qəzetin nəşri, kağızı üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla, qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncısı, qəzet “Əkinçi” (“Paxar”) adlanacaqdır; yeddincisi, qəzetin nəşrinə 1873-cü ilin sentyabrından başlanacaqdır”.
H.Zərdabi qəzetin nəşrinə həmin ilin sentyabrından başlamağı nəzərdə tutsa da, ucqarlarda milli mətbuat yaratmaq fikri hakim dairələri ciddi narahat etdiyi üçün müxtəlif bəhanələrlə iş uzadılırdı. Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi.
Xüsusən qəzetin proqramındakı “Qəzet yerli ehtiyac və təlabata həsr olunan baş məqalələr də verəcəkdir” maddəsi ciddi müzakirələrə səbəb olmuşdu. Süründürməçiliklər və uzun-uzadı yazışmalar başlanmışdı. O, zaman Qafqazın mərkəzi Tiflis sayılırdı və bütün yekun qərarlar oradan verilirdi. H.Zərdabi düz ilyarım Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.
Onun qətiyyəti və əzmkarlığı, çoxsaylı izah və əsaslandırmalarından sonra Qafqaz canişinliyi 5 oktyabr 1874-cü il tarixli 5440 nömrəli sənədlə “Əkinçi”nin nəşrinə icazə verdi və senzura işləri Bakı Qubernatorluğuna tapşırıldı.
Filologiya elmləri namizədi V.Məmmədov H.Zərdabinin 1873-cü il 7 iyun tarixli məktubuna istinadən bildirir ki, Tiflisdən qəzetin nəşrinə icazə verilməsində və qəzetin oxucular arasında yayılmasında tanınmış Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin böyük köməkliyi olmuşdur.
Qəzetin nəşrinə icazə alınsa da, qarşıda çox ciddi çətinliklər dururdu. Naşir yuxarıda adı çəkilən “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində bu çətinliklər barədə belə yazırdı: "Bəs qəzeti necə çıxardım? Qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq…”. Həsən bəy özünün gərgin əməyi, həmyerlilərinin, dost və tanışlarının köməyi ilə bu çətinliklərin öhdəsindən gələ bildi. Lakin ayrıca mətbəə açmağa imkanı olmadığı üçün D.S,Staroselski yenə də Zərdabinin köməyinə gəlir, qəzetin quberniya mətbəəsində çap olunmasına ona icazə verir.
Həhayət, 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. Beləliklə, Azərbaycanda ilk milli qəzet nəşrə başladı, milli mətbuatın əsası qoyuldu. H.Zərdabinin ömür-gün yoldaşı H.Məlikova həmin günü xatırlayaraq yazırdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O çox həyəcanlı halda evə gəldi. Bu gün onun həyatının ən xoşbəxt günü idi”.
Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış 8 səhifədən ibarət idi. İlk nömrə "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi şöbələrdən ibarət idi.
Qəzetin baş məqaləsi “Daxiliyyə” başlığı altında naşirin imzası ilə getmişdir. Bu yazını “Əkinçi”nin məramnaməsi də adlandırmaq olardı. Burda qəzetin fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti müəyyən olunur, şöbələrin adları, səciyyələri müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi.
Baş məqalənin ardınca gələn “İkinci daxiliyyə” adlı məqalədə isə 1876-cı ildən Qafqazda tətbiq olunacaq ticarət qayda-qanunları haqqında məlumat verilirdi.
“Əkin və ziraət xəbərləri” və “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə aid materiallar dərc olunmuşdu. (1876-cı ilin 7-ci nömrəsindən etibarən “Əkin və ziraət xəbərləri” şöbəsi “Əf-ali-əhli-dəhat” adlanmışdı.)
Sonuncu şöbə olan “Təzə xəbərlər” şöbəsində siyasət və məhkəmə işlərinə, ticarətə, tibbi məsələlərə dair kiçik həcmli və oxunaqlı xəbərlər verilmişdi. Bu şöbənin digər şöbələrdən bir fərqi də yazıların sayca çox, həcmcə yığcam olması idi. (Sonralar qəzetin 6-cı nömrəsindən etibarən “Məktubat” şöbəsi də meydana gəlmişdi.)
“Əkinçi” beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərqdə Avropa üslubunda nəşr olunan birinci mətbuat orqanı idi. Hənifə xanım Məlikova “Revolyusiya və kultura” jurnalının 1939-cu il tarixli 6 saylı nömrəsində çap olunmuş xatirəsində "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi… Qəzetin ilk abunəciləri, onu birinci sırada salamlayanlar Omskdan, Tümendən, Çistopaldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”.
Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi. O, "Əkinçi" qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə, biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq" deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəslər, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: "Tələf olmaqmı istəyirsiniz?"
Qəzet öz ətrafında dövrünün M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.A.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və digər qabaqcıl fikirli, demokratik əqidəli, aydın ideyalı görkəmli maarifçiləri toplamışdı. "Əkinçi"nin əməkdaşlarının da başlıca məqsədi xalqın həyatında hökm sürən fanatizmə, cəhalətə qarşı çevrilib, xalqı elmə, maarifə, tərəqqiyə çağırıb, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.
Qəzet cəmiyyətdəki xəstə halları sağaltmağın çarəsini hər şeydən əvvıəl xalqın maariflənməsində, mədəni təqəqqi yoluna çıxmasında görür, təhsil işlərinə, təlim və tərbiyə məsələlərinə ciddi əhəmiyyət verirdi. Qəzetin səhifələrində elm və təhsilin faydasından bəhs olunur, gənclər məktəbə çağrılır, köhnə təlim-tərbiyə üsulları pislənilir, mollaxana və mədrəsələrdəki nöqsanlar tənqid olunur, dünyəvi elmlər və onların öyrədilməsi təbliğ edilirdi. Yeni tipli məktəblərin açılması, ana dilli tədrisin təşkili, ana dilli dərsliklərin yazılması təşviq edilirdi. Həsən bəy belə hesab edirdi ki, öz düşmənlərimizlə mübarizədə məğlub olmamaq üçün mütləq elm təhsil etmək lazımdır. O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlış cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağıq”. Bir sözlə, qəzet maarifçilik ideyalarını özünə bayraq etmişdi.
“Əkinçi” qəzeti gerilik və ətalətə, köhnəlmiş adət-ənənələrə, dini xurafata, orta əsr zehniyyətinə qarşı açıq mübarizə aparırdı. “Jurnalist” təxəllüslü bir publisist “Ədəbiyyat” qəzetinin 1936-cı il tarixli 11-ci sayında obrazlı şəkildə yazırdı: “Əkinçi”… sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsənbəy avamlıq və cəhalətin qara pərdələrini yirtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.
Qəzet insanlarımızı zamanla, dövrlə ayaqlaşmağa çağırdı. H.Vəzirov qəzetin səhifələrində yazırdı: ”Hərdən tənha oturub fikir edirəm: xudavəndə, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu… Ata-babamız xoruz və qoç döyüçdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirib. Biz də ki, bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib”.
H.Zərdabi göstərirdi ki, yaşadığımız dünya daim dəyişməkdədir və bu prosesi heç kim saxlya bilməz. Bizdən tələb olunan budur ki, işlərimizi zamanın və dünyanın dəyişməsinə uyğun quraq, dünyanın axarı ilə gedən qanunlara qarşı çıxmayaq, tərəqqi yolunda irəliləyişimizə mane ola biləcək zərərli vərdişlərdən əl çəkək.
“Əkinçi” bir çox yazılarında feodal istismarına qarşı etiraz edir, xalqı var-yoxdan çıxaran, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mühafizəkar qüvvələri tənqid edirdi. Qəzet insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi, fikir və söz azadlığının olmamasından bəhs edirdi. “Əkinçi”lər içtimai quruluşun maarif gücü ilə dəyişəcəyinə ümid bəsləyirdilər, elmi tərəqqini azadlığın əsas şərtlərindən hesab edirdilər. Elmi və texniki tərəqqini xalqın həyat tərzini yaxşılaşdıran əsas amillərdən sayırdılar.
“Əkinçi” qadın azadlığı və təhsili ideyasını tərənnüm edir, qadını qul sayan dini-mistik zehniyyətin acınacaqlı mənzərəsini göz önündə canlandırır, köhnə dünyanının hər cür mənfur adət-ənənlərini ifşa edirdi. Qəzet qızların vaxtsız ərə verilməsinin böyük zərərlərini elmi dəlillərlə sübut edir ki, 20 yaşdan aşağı olan kəbinlər qüsürludür. “Əkinçi” qəzeti qadını güçsüz, naqis məxluq sayan şəriət ehkamlarını ifşa edir, onu mübariz, ağıllı və cəsur xilqət kimi təqdim edirdi. Qəzet Azərbaycan qadınını savadlı görmək istəyirdi, çünki qadın eyni zamanda anadır, gənc nəslin tərbiyəçisidir. Ancaq elmli, savadlı ana öz övladının tərbiyəsi ilə layiqincə məşğul olar.
Qəzet xalqların dinçlik və dostluq şəraitində yaşamalarının böyük tərənnümçüsü idi. Ədalətsiz müharibələr dəlilik, yoluxucu “beyin naxoşluğu” adlandırılırdı.
“Əkinçi” qəzeti kənd əhalisinin gündəlik işlərini də ardıcıl işıqlandırırdı. H.Zərdabi qəzet vasitəsi ilə kənd təsərrüfatı məsələlərini şərh edir, məhsuldarlığı yüksəltməyin elmi-təcrübi yollarının anlaşıqlı bir dillə oxucularına çatdırırdı.
Azərbaycan dilinin saflığı uğrunda və mətbuat dilinin formalaşmasında da “Əkinçi”nin müstəsna xidmətləri olmuşdur. Moskvada qəzetin ilk nömrələri ilə tanış olan N.Vəzirov Həsənbəyə yazdığı məktubda qeyd edirdi ki, “Əkinçi” mənim ana dili müəllimimdir”. S.Ə.Şirvani “öz qədimi lisanımızda haman, qəzetə çapını edib unvan” söyləyərək Zərdabinin ana dilində qəzet çap etdirməsini təqdir edirdi.
Hələ qəzetin nəşrə başlaması ərəfəsində M.F.Axundov Tiflisdən Həsənbəyə məktubda ona yazırdı: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını (dilini) düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”. Həsənbəy özü də bunun tərəfdarı idi. O, jurnalistlərdən tələb edirdi ki, “qəzeti… camaatın ana dilində yazsınlar”. Çünki “qəzet camaat üçündür, camaat qəzet üçün deyil”. Zərdabi doğma dilinə arxa çevirən dönükləri tənqid edir, xalqın arzu və istəklərinin onun doğma dilində əks etdirməyi mətbuatın müqəddəs vəzifəsi sayırdı. Qəzetdə müsəlman mahallarından ərəb və fars dillərində göndərilən müxbir məqalələri Azərbaycan dilinə tərcümə edilərək müəlliflərinə göndərilirdi ki, onlar ana dilində yazmağı öyrənsinlər. Təsadüfi deyil ki, Ə. Topçubaşov “Əkinçi”nin 50 illiyinə həsr olunmuş “Azərbaycanın mayakı” adlı xatirə məqaləsində “Əkinçi”nin nəşri zamanı Həsənbəy Zərdabinin Azərbaycan-türk dilinin saflığı uğrunda mübarizə apardığını, onu ərəb-fars tərkiblərindən təmizləməyə çalışdığını xüsusi olaraq nəzərə çatdırırdı.
“Əkinçi”nin milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində böyük rolu həm də bunda idi ki, qəzet demokratik əhval-ruhiyyəli gənclərin, yazıçı və şairlərin toplandığı dəyərli mərkəzə çevrilmişdi. Xalq yazıcısı M.İbrahimov “Əkinçi”nin maarifçi-realist ədəbiyyatın inkişafına təsirindən bəhs edərək yazırdı: “Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda mətbuatın yaranması ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərir, onun mündəricə və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılmasına və demokratikləşməsinə kömək edir”. Onu da qeyd edək ki, Azərbaycanda ədəbi-bədii əsərlərin milli mətbuat səhifələrində ilk dəfə nəşri də “Əkinçi” ilə başlanmışdır.
“Əkinçi” ədəbiyyat və incəsənətin saflığı uğrunda mübarizəni, əsasən, üç istiqamətdə aparırdı: birincisi, ədəbiyyat və sənətdə realizm uğrunda mübarizə; ikincisi, dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə; üçüncüsü, ictimai satira uğrunda mübarizə. Qəzet bütün nəşri müddətində 150-dək ədəbi-tənqidi məqalə, şeir, felyoton, hekayə, oçerk və s. dərc etmişdi. Bu materialların əsas müəllifləri H.Zərdabi ilə yanaşı, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov (Gorani), M.H.Əlqədari, H.S.R.Əmirzadə, M.Vəliyev, Ə.Qəvaid, Ə.Heydəri, M.K.Əsgərzadə və digərləri olmuşlar.
Ümumiyyətlə, 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı (cəmi 56) işıq üzü görmüş “Əkinçi”nin bütün nəşri müddətində onun səhifələrində 1100-dən çox məqalə, məktub, xəbər, şeir və s. materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən şox yazısı dərc olunmuşdur. (Göründüyü kimi, materialların əksər qismi imzasız yazılmışdır) . Tədqiqatçılar qəzetin müxbirləri müntəzəm çıxış edənlər (Ə.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və b.), hərdənbir yazanlar (M.Ə.Şirvani, X.Qorxmazov və b.), mürtəce müxbirlər (H,Qarabaği, kapitan Sultanov, “Badkubəli Molla və b.), təsadüfi yazanlar (Şeyxül-islam Axund Əhməd Hüseynzadə, Ə.Elçinzadə, Məmmədrəhim bəy, M.Ə.Səlyani və b.) və imzasız yazanlar (A.Haqverdiyev Qarabaği və b.) kimi qruplaşdırırlar.
Təəssüf ki, əsas qayəsi xalq arasında mütərəqqi ideyaları yaymaq, xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq olan “Əkinçi”nin demokratik ideyaları mürtəce qüvvələri – bəylər, ruhanilər və çar məmurlarını hiddətləndirirdi. Qəzet məhz bu qaragüruhçu qüvvələrin fitnə-fəsadı ilə bağlandı. Qəzetin 1877-ci il sentyabrın 29-da çıxmış 20-ci nömrəsində belə bir elan verilmişdi: “Biz naxoş olduğunuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil”. Bu, “Əkinçi”nin öz oxucularına son sözü oldu.
Qəzet bağlansa da, onun demokratik ideyaları yaşayırdı. Qəzet nəinki Azərbaycan, o cümlədən Rusiyada yaşayan müsəlmanların zehnində və qəlbində özünə möhkəm yer eləmişdi. Əlimərdan bəy Topçubaşov haqlı olaraq yazırdı: “Əkinçi”! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı... üçün nə qədər müqəddəslik var... “Əkinçi”... müstəqil Azərbaycan üçün, onun dili, xalq mahnıları, poeziyası, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!”
Bəli, “Əkinçi” milli mətbuatımızın mayakına çevrildi. Xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı, içtimai fikrin canlanmasına təkan verdi. Şair S.Rüstəmxanlının dediyi kimi “Biz mətbuat tariximizdən danışanda “Əkinçi”yə istinad edirik. Bu, demokratik qəzetdir və bu günkü tələblər səviyyəsindən baxanda yüksək bir mətbuat səhifəsidir”.
Onun yandırdığı məşəl sonralar yenidən parlayaraq şölələndi. Sonrakı illərdə “Əkinçi”nin başladığı işi davam və inkişaf etdirən, onun ənənələrini yaşadan mətbuat orqanları meydana çıxdı. Bu mənada M.Ə.Rəsulzadə 1952-ci ildə “Azərbaycan” jurnalında haqlı olaraq yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi.
Haqlı olaraq “Əkinçi”nin nəşrə başladığı gün milli mətbuatımızın “doğum günü” sayılır. Bir neçə gündən sonra – 22 iyulda onun növbəti doğum günü- Milli Mətbuat və Jurnalistika Gününü qeyd ediləcəkdir.
Gününüz mübarək, hörmətli mətbuat işçiləri. Sizlərə “Əkinçi” dəyanəti, Zərdabi əzmi və qətiyyəti arzulayırıq.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.