"Xəstəlik mənbəyi" palma yağı idxalı 2 dəfə artıb - Qida Təhlükəsizliyi Agentliyi dirənib ki, "təhlükəsiz"dir
20-07-2024, 09:52
Bu ilin ilk rübündə Azərbaycana başqa ölkələrdən 13,6 milyon dollar dəyərində 11 min 880 ton palma yağı gətirilib. Keçən ilin eyni dövrü ilə müqayisədə idxalın təxminən iki dəfə artığı məlum olur. Məhsulun əsas hissəsi İndoneziya və Malayziyadan tədarük edilib. Onsuz da dünyadakı palma yağı istehsalının 80 faizi Asiyanın bu iki dövlətinin payına düşür. Azərbaycana Rusiyadan və Türkiyədən də palma yağı idxal olunub.
Bizimyol.info xəbər verir ki, ölkəyə bu yağın gətirilməsi müəyyən qədər azalmışdı. Amma yenə də məhsula ehtiyac artıb. Yağ qiymətlərinin yüksəlməsi idxal planına dəyişikliklə nəticələnib. Hər halda palma yağına birdən-birə ehtiyacın artmasını belə qiymətləndirmək olar.
Palma yağının zərərli olub-olmaması illərdir müzakirə edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ziddiyyətli açıqlamalar verir. Bir tərəfdən deyirlər ki, palma yağının zərərindən söhbət gedə bilməz, digər yandan da məhsulun idxalında məqsədin sabun hazırlanmasında xammala ehtiyac duyulması göstərilir.
Qida mütəxəssisi Məhsəti Hüseynova əmindir ki, məqsəd yağ istehsalında xammalın ucuz başa gəlməsinə nail olmaqdır. Üstəlik, hazırlanan qidanın ömrünü uzatması sahibkarlara sərfəlidir. Bununla da zərərli olub-olmasına baxılmadan palma yağı idxal edilir. Halbuki mütəxəssislər israrla palma yağına yaxın durmamağı məsləhət görür.
2023-cü ildə Gürcüstanda palma yağı idxalı azalıb. Keçən il bu ölkəyə 3,6 milyon dollar dəyərində palma yağı idxal edilib. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ildə ölkəyə 3,8 milyon dəyərində palma yağı idxal olunmuşdu. Qonşu ölkədə idxalı zamanla daha da azaltmaq haqqında düşünürlər. Çünki zərərli olması məsələsi cəmiyyəti narahat edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində palma yağının insan orqanizmi üçün təhlükəsi barədə hər hansı elmi əsas olmamasını israrla bildirirlər. Avropa Qida Təhlükəsizliyi Agentliyinin tədqiqatı isə bunun əksini deyir. Normadan artıq qəbulu zamanı çox ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Trans yağ əldə etmək üçün xüsusi prosesə ehtiyac var. Bu zaman emal 200 dərəcədən daha yüksək temperaturda həyata keçirilir. Məhz bu proses ciddi xəstəlik, məsələn, xərçəng yaradacaq maddəyə çevrilməsinə səbəb ola bilər.
Pediatr Aytən İsmayılzadə uşaqları tərkibində palma yağından istifadə olunmuş bütün məhsullardan uzaq tutmağı tövsiyə edir.
Mütəxəssislər danışdıqca nə qədər təhlükəli tendensiya ilə üz-üzə qaldığımızı anlamaq olur. Məsul qurum isə cəmiyyəti sakitləşdirməyə, hətta səhv istiqamətləndirməyə çalışır. Palma yağına ehtiyacın artması bütün mənalarda yaxşı hal deyil.