Saç tökülməsinin müalicəsi üçün yeni kəşf

1-04-2025, 11:38           
Saç tökülməsinin müalicəsi üçün yeni kəşf
Alopesiya baş dərisində və bədəndə çapıqsız saç tökülməsinə səbəb olan otoimmün xəstəlikdir və dünya əhalisinin təxminən 2 faizinə təsir edir. Avstraliya, Sinqapur və Çindən olan tədqiqatçılar tərəfindən aparılan yeni araşdırma saç follikullarının kök hüceyrələrinin (HFSC) funksiyasını qorumaq üçün “MCL-1” adlı qoruyucu proteinin vacib olduğunu ortaya qoyub.

AZƏRTAC “MedicalXpress” saytına istinadla xəbər verir ki, araşdırma “Nature Communications” jurnalında yayımlanıb. Nəticə göstərib ki, “MCL-1” olmadan HFSC-lər stressə məruz qalaraq məhv olur, nəticədə saç tökülməsi baş verir. Saç follikulları təbii olaraq üç fazadan – aktiv böyümə (anagen), keçid (katagen) və istirahət (telogen) mərhələlərindən keçir. HFSC-lər bu dövrü idarə edərək saçın yenilənməsini təmin edir. Lakin stressə məruz qalan HFSC-lər apoptoza – proqramlaşdırılmış hüceyrə ölümünə – uğrayır. Bu prosesi BCL-2 ailəsinə aid zülallar tənzimləyir ki, onlardan biri də “MCL-1”dir. Tədqiqatçılar “MCL-1” genini siçanlarda deaktiv edərək onun təsirini araşdırıblar. Məlum olub ki, doğuşdan “MCL-1” çatışmazlığı saç follikullarının formalaşmasına mane olmur, lakin zamanla HFSC-lərin azalmasına və nəticədə saç tökülməsinə səbəb olur. Yetkin siçanlarda “MCL-1”in silinməsi aktiv HFSC-lərin sürətlə məhvinə və saç bərpasının dayanmasına gətirib çıxarıb.

Bundan əlavə, “P53” adlı başqa bir zülalın “MCL-1”in yoxluğunda hüceyrə ölümünü artırdığı müşahidə olunub. Maraqlıdır ki, P53 geni silindikdə, hətta “MCL-1” çatışmazlığı olan siçanlarda belə saç böyüməsi bərpa edilib. Bu, saç follikullarında hüceyrə sağ qalma və ölüm arasında tarazlığı qorumaqda “MCL-1” və P53-ün birgə işlədiyini göstərir.

Tədqiqat, həmçinin ERBB siqnal yolunun “MCL-1” istehsalını artıraraq HFSC-lərin yaşamasında əsas rol oynadığını müəyyən edib. Bu kəşf alopesiya və saç tökülməsinin müalicəsi üçün yeni terapevtik strategiyaların inkişafına yol aça bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru