Bir ayda Qusar icra hakimiyyətindən 2,5 milyonluq sifariş alan şirkət kimindir?
Bu gün, 00:11

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri üzrə nümayəndəliyi şəhərdə küçə və parkların cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ana-Yol” MMC seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanıb. Müqavilənin maliyyə dəyəri 1 132 414,49 manatdır.
"Ana Yol” MMC az əvvəl Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə tərəflər arasında bağlanana satınalma müqaviləsinin maliyyə dəyəri 985 963,01 manat təşkil edir.
Maraqlıdır ki, şirkət avqust ayında Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı daha bir tenderin qalibi seçilib. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən keçirilən bu tender üzrə satınalma predemtinin maliyyə dəyəri 430 719,85 manatdır.
Beləliklə, "Ana-Yol” MMC təkcə avqust ayında Qusar Rayon İcra Hakimiyyətindən 2 549 097,35 manatlıq sifariş alıb.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Qusar Rayon İcra Hakimiyyəti "Ana-Yol” şirkətinin daimi müştəsiridir. Yəni, icra hakimiyyətinin və ona tabeli qurumların təmir işləri ilə bağlı keçirdiyi tenderlərin qalibi məhz bu şirkət olur.
Məsələn, ötən il də Qusar şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi də "Ana-Yol” MMC seçilib. Abadlıq işlərinə 367 548,23 manat xərclənib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Ana-Yol” MMC 15 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Tariverdiyev Ədalət Qeysəddin oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.